Tahir Rzayev, komitə sədri : - Məncə, çox vacib  və   əhəmiyyətli addımdır

HÜQUQ 08:24 / 31.10.2024 Baxış sayı: 394

 

Ötən gündən başlayaraq İçərişəhərə nəqliyyat vasitələrinin giriş-çıxışında məhdudiyyətlər tətbiq edilir. 
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Bu nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
 

Qərar avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək. Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.
 

Həmçinin, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasına başlanılıb. Bu, İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
 

Yenises.az  bildirir ki, Modern.az mövzu ilə bağlı Milli Məclisin komitə sədri, deputat Tahir Rzayevlə həmsöhbət olub.
 

Millət vəkili bildirib ki, İçərişəhərə çoxsaylı turistlər gəlir və bu zaman İçərişəhərə daxil olan avtomobillər sıxlığa səbəb olur.


“Burada eyni zamanda dövlət orqanları, nümayəndələri fəaliyyət göstərir. Onların qonaqlarını qarşılaması, tədbir keçirməsi üçün müəyyən şərait yaradılıb. Amma hər kəsin avtomobillə istədiyi vaxt İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılmalıdır”, - o vurğulayıb.


Tahir Rzayev qeyd edib ki, İçərişəhər unikal zonadır və burada  tarixi abidələr, muzeylər var: "Mən bundan əvvəl də təklif etmişdim ki, burada abidələrin təmiri, qorunması üçün fəaliyyət göstərən tarixi abidələr ödənişli olsun. Bu gün də fikrimin üstündə qalıram.

Bir daha qeyd etmək istəyirəm ki, sakinlər və müəyyən xidmət sektorları istisna olmaqla başqa sahələrin, eləcə də şəxsi avtomobillərin içərişəhərə girişinin məhdudlaşdırılması alqışlanmalıdır. Bu addımla İşərişəhəri özünə qaytarmaq mümkün olacaq. Dünyanın hansı ölkəsində İçərişəhər tipli yerlərində avtomobillər şütüyür. Məncə, çox vacib, yerində xüsusilə COP29 ərəfəsində əhəmiyyətli addımdır. Biz hamılıqla buna əməl etməliyik”.