Tahir Rzayev, komitə sədri : - "Evlər əvəl ehtiyacı olan insanlara satılmalıdır,sonra..."
"MİDA evlərinin şəffaf satılıb-satılmaması ilə əlaqədar müxtəlif fikirlər var. Ev alanlar bu satışın şəffaf keçirilməsi barədə öz fikirlərini söyləyirlər. Ancaq bir çoxları bildirirlər ki, burada qaydalar pozulur, müəyyən normalara əməl olunmur, ayrı-seçkilik edilir".
Yenises.az xəbər verir ki, bu fikirlə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin satışı haqqında narazılıqlarla bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu evlərin şəffaf şəkildə ehtiyacı olan insanlara verilməsi üçün müvafiq qaydalar var.
"İlk növbədə, bu evlər ehtiyacı olan insanlara satılmalıdır. Müraciət edənlərin siyahısı düzgün tərtib edilməlidir. Onların vəziyyəti dəqiq araşdırılmalıdır və məsələlərə humanizm mövqeyindən yanaşılmalıdır. Əlbəttə ki, müəyyən nöqsanlar var. Bəzi insanlara ehtiyac olmadığı halda bu evlərin satılması müşahidə edilir. Ancaq hər kəs öz insafını qabağa qoymalıdır. Həm ev alanlar, həm də ev satanlar dövlətin mənafeyi və insanların maraqları baxımından məsələlərə dəyər verməlidirlər. Çünki bu, bilavasitə dövlətin qayğısıdır ki, ehtiyacı olan insanlar ilk növbədə bu evlərlə təmin edilib, öz şəraitlərini yaxşılaşdırıb və rahat həyat sürmək imkanına malik olsunlar. Ona görə də müvafiq orqanlardan xahiş edirəm ki, nəzarət gücləndirilsin. İctimaiyyətin müəyyən təşəbbüsləri və insanların fikirləri nəzərə alınsın və məsələlərin prinsipial həll edilməsi, sözsüz ki, narazılıqlara səbəb olmaz", - deyə millət vəkili vurğuladı.