Elçin Mirzəbəyli - Bir eşq hücrəsində duam yarımçıq...

Ədəbiyyat 13:00 / 08.12.2025 Baxış sayı: 140

Bir eşq hücrəsində duam yarımçıq,

Ünvanı bilinmir, adı bilinmir...

Mənim ürəyimin dərinliyində

Közərən ocağın odu bilinmir.

Bəlkə ümidlərim ayaqyalındı,

Bəlkə də özündən qaçır...

Tapılmır.

Bir eşq nalə çəkir qapı dalında

Qırıq kilidinə açar tapılmır.

İçimdə əridi bir ürək mənim,

Şam oldum dünyanın gecələrinə.

Götürüb başına bir külək məni

Çırpacaq Bakının küçələrinə.

Keçəcək üstümdən yorğun ayaqlar,

Dərdimə salam da verməyəcəklər.

Torpağın üstündə, tozun içində

Tanrı sevgisini görməyəcəklər....

Biri eşq hücrəsində duam yarımçıq-

Nə Sən eşidirsən,

nə Mən bilirəm.

Məbədi dağılmış, hücrəsi uçuq

Bir eşqi özümə kəfən bilirəm.

Yoruldum qapımı döyən küləkdən,

Üşüdür bu soyuq ev məni, Tanrım.

Sən də mənim kimi tənhasan, təksən -

Sev məni,

Sev məni,

Sev məni, Tanrım!...

Bakı, 1998-ci il