Tahir Rzayev , komitə sədri : - " Haqları olmayanlar efirlərdən insanlara dərs keçirlər."
Bu gün artıq hamı bilir ki, sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qanunla qadağan edilib.
Yenises.az xəbər verir ki, bununla bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev mətbuata açıqlamasında bildirdi ki, Azərbaycan xalqı milli mənəvi dəyərlərinə, adət-ənənələrinə daimi hörmətlə yanaşıb və zaman-zaman bunu qoruyub:
"Azərbaycan xalqı humanistliyi, vətənpərvərliyi həyatının mənası sayır. Çox təəssüflər olsun ki, son illərdə sayt və sosial şəbəkələrdə, eləcə də televiziya ekranlarında cəmiyyəti narahat edən müəyyən hərəkətlərə, çağırışlara, ifadələrə yol verilir. Artıq demək olar ki, bir çox sosial şəbəkələrdə, saytlarda bu, kütləvi hal almaqdadır. Mənəviyyatı təhqir edən, insanlara hörmətsizlik ifadə edən hərəkətlər bir çox insanlar tərəfindən səsləndirilir ki, bu da geniş ictimaiyyəti narahat etməkdədir. Belə əxlaqsız ifadələrin səsləndirilməsi, əlbəttə ki, insanların mənəviyyatına ciddi təsirlərini göstərir".
Komitə sədri vurğulayıb ki, təhqiramiz ifadələrin işlədilməsi, açıq-saçıq hərəkətlərin edilməsi, bəzən hədsiz dərəcədə açıq-saçıq geyimlərlə tamaşaçılar qarşısına çıxmaq əxlaq normalarına və bizim milli mənəvi dəyərlərə tamamilə ziddir:
"Bəzi insanlar haqları olmadıqları halda televiziya vasitələrindən, sosial şəbəkələrdən, saytlardan insanlara dərs keçirlər, müəyyən təhqiramiz ifadələrə yol verirlər və bunun məsuliyyətini demək olar ki, hiss etmirlər. Son illərdə, xüsusilə müğənnilərin televiziya ekranlarında bir-birinə qarşı təhqiramiz ifadələr işlətmələri, açıq-saçıq geyimləri ilə fərqlənməyə çalışmaları, müəyyən etik normaları pozaraq yanlış ifadələri dəfələrlə təkrar etmələri, əlbəttə ki, bizim milli mənəvi dəyərlərimizi sarsıtmaq deməkdir. Gənclərimizin əxlaqını pozmaq, onları yanlış yola təhrik etməkdir. Özlərinin bahalı maşınlarını, bahalı evlərini, bahalı geyimlərini, yanlış oturuşlarını, duruşlarını, əxlaqsız hərəkətlərini təbliğ etməklə onlar guya cəmiyyət arasında seçilməyə çalışırlar. Ancaq bu, seçilmək deyil, bu, əslində nadanlıq, axmaqlıq, cəmiyyətə hörmətsizlikdir".
Müshaibimizin fikrincə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilmiş dəyişikliklərin ölkə rəhbəri tərəfindən təsdiq olunması bu günümüzün tələbidir.
"Bu, milli mənəvi dəyərlərimizə verilən bir qiymət, onun qorunmasına göstərilən qayğıdır. Xalqımız həmişə özünün mərdliyi, humanistliyi, abır-həyasının qorunması nümunəsi göstərib və bütün dünyaya öz insani keyfiyyətləri, milli mənəvi dəyərlərinə sadiqliyi ilə örnək olub. Ancaq son illərdə bir çoxlarının bu məsələyə tamamilə avropasayağı yanaşması, yaxud özünü mədəni göstərmək üçün açıq-saçıq hərəkətləri cəmiyyət tərəfindən dəstəklənmir və elə bilirəm ki, heç zaman dəstəklənməyəcək. Ona görə də bu qanun vaxtında qəbul edilmiş bir sənəddir, sözsüz ki, cəmiyyət də bunun fərqindədir və belə dəyərli sənədləri təqdirəlayiq hesab edir. Bir vətəndaş kimi bizim heç birimizin haqqımız yoxdur ki, insanların mənəviyyatına, əxlaqına, şəxsi həyatına hörmətsizlik etmiş olaq. Bu hərəkətləri edənlər inzibati məsuliyyətə, müəyyən cərimələrə layiqdirlər və belələri haqqında lazımi tədbirlərin görülməsi çox vacibdir", - deyə Tahir Rzayev vurğuladı.