İlqar Türkoğlu - Dəyərli dostlar!

MƏDƏNİYYƏT 09:31 / 15.03.2026 Baxış sayı: 143

 

Nəhayət ki, Özbəkistanda keçiriləcək tədbirlərimizin vaxtı bəlli oldu:

TÜRK DÜNYASI ŞAIR, YAZIÇI və SƏNƏTÇİLƏRİNİN

ÖZBƏKİSTAN GÖRÜŞÜ

DAŞKƏND-SƏMƏRQƏND

08-15 May 2026-cı il

2026-cı ildə Özbəkistanın xalq şairi və ictimai xadimi Abdulla Oripovun anadan olmasının 85-ci və böyük özbək klassiki Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.

Türk dünyasının böyük oğullarının yubileyləri ilə əlaqədar olaraq, 2026-cı il may ayının 8-dən 15-dək Özbəkistanda yazıçıların, şairlərin və sənətçilərin iştirakı ilə ədəbi və mədəni tədbirlərin keçirilməsi qərara alınmışdır.

Məlumat üçün bildirirəm ki, bugünlərdə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Qərarı ilə Abdulla Oripovun Ev-Muzeyi yaradılmışdır. Abdulla Oripovun ailə üzvləri və çoxumuzun yaxından tanıyıb, sayğı duyduğu qızı Şoira ORİPOVA ilə məsləhətləşmələrdən sonra bu yubiley tədbirlərinin Özbəkistan Respublikasında keçirilməsinə qərar verildi.

Abdulla Oripovun anadan olmasının 85-ci ildönümünə, eləcə də 2026-cı il mayın 8-dən 15-dək keçiriləcək böyük özbək klassik şairi Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümünə həsr olunmuş tədbirlərdə Özbəkistan Yazıçılar Birliyinin, ictimaiyyətin və sənətçilərin birgə iştirakı ilə, Türkiyədən xalq şairləri və yazıçılar, Azərbaycandan Yazıçılar Birliyinin katibi Elçin HÜSEYNBƏYLİNİN və Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri İlqar TÜRKOĞLUNUN rəhbərlikləri ilə çoxsaylı şair və yazıçılar, Qırğızıstandan "Yanqi Ovoz" Orta Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Joldoşbek MONOLDOROVun və Qazaxıstandan “Dünya Ədəbiyyatı” jurnalının yaradıcısı və rəhbəri Erjan ALAŞTUQANIN rəhbərlikləri ilə yazıçı, şair və sənətçilər, eləcə də Tatarıstan Yazıçılar Birliyinin sədri və Dövlət Şurasının üzvü, Xalq yazıçısı Rkail ZƏYDULLA, Qırğızıstan Respublikasının xalq şairi Əkbər RISKULOV; Qırğızıstan Respublikasının Xalq Şairi Jediger SAALAYEV; “TÜRKSOY” Yazıçılar Birliyinin sədri Ulıqbek ESDAULET; Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz BAYMUXAMEDOV; Saxa-Yakutiya Yazıçılar Birliyinin sədri Qavril ANDROSOV, Çuvaşıstan Xalq Şairi Raisa SARBİnin rəhbərlik etdiyi şair və yazıçılar, eləcə də Almaniya və Estoniyadan gələn iştirakçılarımızla birarada olacağıq.

p.s. Hər ötən tədbir bir dərsdir. Tədbirlərin proqramı ilə bağlı yaxın günlərdə xəbər verəcəm.