Aləmzər Sadıqqızı - Düsmə yadıma...
Mən elə bilirdim gücüm çatacaq,
günahkar ruhunu təmizləyəcəm...
Bütün ömrüm boyu xəyalimdakı,
O məsum ruh kimi əzizləyəcəm.
Mən Allah deyiləm, qüdrətim çata,
Mən səni təzədən yarada bilim...
Heç gücüm çatmır ki, səni könlümdən,
Səni həyatımnan çıxara bilim...
Bir mələk donunda görünüb mənə,
Mələk ürəyimi oyuna saldın.
Bir ömür fələklə oyun oynadım,
Tək sənlə oyunda heç-heçə qaldım...
Səni unutmağa qərar vermişəm...
Vallah sənə gedir vaxtımın çoxu.
Sənli xəyallardan ayrıla bilsəm...
Səni unutmağa nə var ki, axı...
Sən yoxkən bu dünya elə gözəldi...
Nə Günəş batırdı, nə Ay doğurdu.
Göydə ulduz yoxdu, yerdə küləklər,
Nə də ki, aramsız yağış yagırdı,
Səni unutmağa yaman qorxuram...
Qorxuram dərdimi yada salarlar
Yuxuya verdiyim ağrılar ki, var,
Oyanıb ruhumu məndən alarlar...
Ömrünün sonunda yaxşı adam ol,
Görsən salam vermə bu yad qadına...
Qoy səni ömrümdən elə silim ki,
Min il də yaşasam düşmə yadıma.
26.2.2025.