Vaqif BƏHMƏNLİNİN  ŞEİRLƏRİ

Ədəbiyyat 16:04 / 02.03.2026 Baxış sayı: 426

 

Üzük

 

O vüsal günləri hayana düşdü,

Var imiş könlümü qırmağın sənin.

Nə vaxtdan bu üzük payına düşdü: -

Alışıb yanaydı barmağın sənin...

 

Səni bəxş etdilər nə bilim kimə,

Mənim sevməyim də bir günah imiş.

Həsrətin zəhərli gülləymiş demə,

Bu kövrək ürəyim nişangah imiş.

 

Nəfəsim alışıb gör necə yandı.

Yalvarram, o qızdan aralan, üzük!

Bəxtimə dolanan qızıl ilandır,

Sənin barmağında saralan üzük.

 

Tutub ürəyimi qərib bir giley,

Kədəri quzeyin daşı boydadır.

Gözümdə sozalıb, kiçilib hər şey,

Dünya da üzüyün qaşı boydadır.

 

Köçdüm gözlərinə günün birində,

Varlığım qəlbində durmadımı bəs?

Sənin o nişanlın bəbəklərində

Mənim nişanəmi görmədimi bəs?

 

Daş yerə çırpılıb əzilmişəm mən,

Ağrı qatar-qatar əzikdən keçər.

Yaman incəlmişəm, nazilmişəm mən

Varlığım sap kimi üzükdən keçər.

 

Bir haray bənd olub könülə, gözə,

Təmiz məhəbbəti günah sayıblar.

Səni bir oğlana, bir könülsüzə

Məni də kədərə nişanlayıblar...

 

 

Belə yaxşıdı

 

Bir yol da saymayıb qohum-qardaşı

nə qədər pərdə var, vurub yıxasan,

Alıb qoltuğuna sevdalı başı

çıxanda aradan elə çıxasan

boş yaxan keçməyə ələ, yaxşıdı! -

Qardaş, qadan alım, belə yaxşıdı.

 

Gözlərin dikilə guman yerinə,

daha atmayasan oxu heç kimə.

Qaşını çatanda kaman yerinə,

çölləri gəzəndə ceyran eşqinə

toruna düşdüyün tələ yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

Hər gün ayaqlasın, iz də qocalır,

bəsdi dirədiyin küncə qəlbini!

Oğlan da qocalır, qız da qocalır...

Qərib bir quş olub qönçə qəlbini

açasan bir qərib gülə, yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

İstə, ya istəmə, gecələr bitər,

Anbaan azalar canında odun.

Bu qəribə qismət tamama yetər -

Bir qərib dünyada bir qərib qadın

dərdindən can verib ölə, yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

Tanrının nə qədər gizlinləri var;

Qoy bu da ehmalca bəxtə yazılsın.

"Biz kimsə görmədik" -

söyləsin yollar,

Başına gələnlər yuxu yozulsun,

düşməsin dillərdən dilə, yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

Bu da ildə bir yol bərk aclığındı -

Dönəsən doymayan, ya doyan kimi.

Görəsən darvaza sən açdığındı,

qapın aralıdı...

sən qoyan kimi,

adlayan olmayıb hələ, yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

Kürkünü asasan sivri qarmağa

Getməmiş qürbətin ətri canından,

Arvadın yüyürə qaz yandırmağa,

Deyə: - Nə durmusan xoruz banından?

Sonra da üzünə gülə, yaxşıdı,

Qardaş, qadan alım, belə yaxşıdı.

 

 

Eşq

 

Başımı xəyalın qatır birtəhər

Yoxdu qaynamağım daha heç kimlə.

Mən sənin eşqinlə qalxıb hər səhər,

Axşam da...yatmıram sənin eşqinlə.

 

Nə bilim küçədə, yolda, yuxuda,

Yenə görərəmmi? Ürək yeyirəm!

Sənin eşqinlədi içdiyim su da,

Mən sənin eşqinlə çörək yeyirəm!

 

Unudub dost doğma qardaşlarımı

Bu eşqin qəminə qardaş oluram.

Çəkirəm başıma göz yaşlarımı

Mən sənin eşqinlə sərxoş oluram.

 

Eşqində gücə bax, bilsə də yoxdu

Öləni diriltmək hökmü Allahda

Çağa tək güldürür qəhr olan bəxti,

Məni gah öldürür,dirildir gah da.

 

İndi billəm nəymiş eşq odu canda

Ona kim baxırmış, nəfə baxırmış.

Məcnun çöl gəzəndə, Kərəm yananda

İsa da çarmıxda kefə baxırmış!

 

Allah, sən bilirsən nələrə dözdüm

Bu sevda yolunu tutana kimi.

Dəli dalğalara baş vurum, üzdür

Eşqin dəryasında batana kimi.

 

Sevdanın çətin yolu

 

Göstərdi hökmünü boranlar, qarlar,

Sitəm sipər çəkdi, qəm sıra tutdu.

Dikindən təkinə buzladı dağlar,

Şüşə könlümüzü sırsıra tutdu.

 

Baxmadı şaxtaya...

uçdu cüt ürək,

keçdi ayrılığın uzun içindən.

Buz buza çırpıldı çaxmaq daşı tək,

qığılcım ayrıldı buzun içindən!

 

Dar günün sahibi Allahdı yenə

Bir qarlı yol verdi bizə də, şükür!

Yaralar sarıyan qar tənzifinə,

Cana can calayan buza da, şükür!

 

... Sonra tonqal odu dağladı qarı,

Odumuz buzların bağrını yardı.

Əriyib sel oldu dağların qarı,

bu dəfə də bizi daşqın apardı!

 

 

 

Varlı adam

 

Sərvət, dövlət deyib canı üzmədim,

yeridim yolumu sədaqət ilə.

Könül divarıma mərmər düzmədim,

üzlədim silinməz məhəbbət ilə.

Qocaya zamanın fəryadı dedim,

körpə çöhrələrə, duadı, dedim...

sirli bir damlaya dəryadı, dedim -

heç işim olmadı kəmiyyət ilə.

 

Rəsmini çəkənim şirəli çəkdi;

qayıdıb üstündən nur əli çəkdi...

Tanrımı hamıdan irəli çəkdim -

tül pərdə saxladım cəmiyyət ilə.

 

Məkrə, paxıllığa ilan söylədim,

kələyə ən qorxunc dalan söylədim...

Kim mənə qurama, yalan söylədi

ağzını qapadım həqiqət ilə.

 

Sözümdən söz çəkib demə kəmsərəm -

başımın daşıdı zalım, qansoran...

Xain süfrəsində tikə kəsmərəm,

nəsil qanlısıyam xəyanət ilə.

 

Başmaqçı odur ki, başına gələ,

sanma ki, söz dedim xoşuna gələ.

Üstümə fillərin qoşunu gələ

mənə bata bilməz bu qüvvət ilə.

 

Əlləri var olsun körpü cızanın -

altında qaynayır məhşər qazanı.

Sözümdə puç varsa, Tanrı cəzamı

versin özü bilən bir qiymət ilə.

 

 

Belə

 

Ömür ki od aldı, əriyir şam-şam -

yağı yalavaca paylanır cam-cam,

Fələyin qolunda səhəngdi adam -

sonda qopur qulpu, lüləyi belə...

 

Qafil o kəsdi ki, çörəkdən qaçır,

Eşqin yeri dardı, ürəkdən qaçır...

Mehdə hünər hanı? -

Kürəkdən qaçır,

Şəlləmə belinə küləyi beləəə...

 

Fələk pəsdah açır sınıq təkərlə,

Novdanda dən yoxsa, hərlə, ha hərlə...

Un olub ələnir can zərrə-zərrə

Kafər, fırlatmazlar ələyi belə!

 

Ürəyi at verdi... Allah, min, dedi -

Çapırsan...

görmürsən tər içindədi? -

Allahın verdiyi yaman gündədi;

Adam əldən salmaz ürəyi belə!

 

Sözün şövqü dəysə qızıl qanayar,

Kəlməni ləldən çək, qızıldan ayır!

Mürəkkəb ayrı şey, qızıl qan ayrı

Qandı şax saxlayan lələyi belə...

 

Can ona sadağa, baş ona peşkəş,

Xas aşiq qul olmaz ötərgi eşqə!

Kimsəyə dil vermə Tanrıdan başqa,

Buraxma evinə mələyi belə!

 

 

Yuxuda yuxu

 

Bürünüb üşüyən qoca yaşıma,

İşlək öküz kimi düşsəm də yorğun,

Güc tapıb dişimi sıxdım dişimə,

Bu gecə

mən səni yuxuda gördüm.

 

Gördüm doqqazdayam,

sən də gəlirsən,

Üstündən ötməyib elə bil çovğun.

Yenə o müəmma, yenə o sirsən,

Aytək ziyalısan,

namxuda,

gördüm...

 

O gözlər,

 

o gülüş...

yerindədi tam,

həmən o cığada, qaşda qalmısan.

Nə təhər olur ki,

mən altmışdayam,

Sən elə onaltı yaşda qalmısan?

Ay Allah, dilimin ucundadı lap,

Pozulub yaddaşım...

nə idi adın?

Adın muncuq-muncuq -

qırıqlanıb sap,

nə illah elədim xatırlamadım.

 

Adı neyləyirəm,

sən həmən sənsən,

bu huşsuz, bu başsız mənəmmi, əsla!

Ocaq alışarmı küləcən sönsə,

yuxuma gəlmisən hansı əsasla?

 

Qalın illər altda titrəyirəm mən,

Həsrət yorğanının şəriki sinəm...

İstədim üzündən,

əlindən öpəm,

Dedin,

haqqın çatmır hər ikisinə.

 

Eşq ötür bülbültək yuxu dilində,

Elə bil anladır nə imiş qüdrət.

Belə tər qalmağın hicran çölündə,

nə olar, sirrini mənə də öyrət!

 

 

Şair

 

Tanrıdan savayı anlamaz heç kim

sevgi göylərindi...

yer eşqi olmur.

Yerə, göyə sığmır şairin eşqi,

Eşqdən yarananın bir eşqi olmur!

 

Yerə, göyə sığmır şairin eşqi,

Şairin

dünyaya dəyən eşqi var,

yaxası bərq vuran cilvəli püşkü

Bir də ki...

qapqara geyən eşqi var!

 

...Təki yar dilinin qılıncı dəyə,

təbibə yollanmaz çaradan ötrü.

İlan tək atılar qızıl gülləyə,

Canı qurban verər yaradan ötrü.

 

Şairin dünyada bir eşqi olmur,

Payız eşqini say, yaz eşqini say.

Baxıb sonalamaq, ya seçki olmur,

Atəş eşqini say, buz eşqini say.

 

...Şairdə qanad var;

yüksəlir, enir

dərin dərəyə də,

qəlbi dağa da.

Şair adam vursa,

Allah bəyənir,

Şair

sevgi qatır əclaflığa da!

 

Azərbaycansayağı ayrılıq

 

Uşaq da bilir ki, "yek"dir tək təməl,

bölünən rəqəmdi -

"dü", ayrılıqdı.

Hər kəsin sonuncu nəğməsi əməl,

Göl üstdə can verən qu...

ayrılıqdı!

 

Ha ula, harayın qurda da yetmir -

o taylı-bu taylı yurd dada yetmir...

Niskilin ləkəsi gorda da getmir -

durum necə deyim, yu, ayrılıqdı?

 

Tarix sürgün çəkir sarı kağızda -

zalımdı, saxlayır yaranı duzda!

Bir dil çürüyürsə iki ağızda

ayrı nə adı var? -

bu, ayrılıqdı!

 

Bədəndə baş de

yil... sualdı, durur!

Həsrət aysberqdi, sualtı durur!

Hamını uğura su qovuşdurur,

Biz Araz nəsliyik -

su, ayrılıqdı...