Sevil Azadqızı - RUHUMUN GÖL AYNASI

YAZARLAR 10:37 / 16.04.2026 Baxış sayı: 543

 

Gölün sahilində, zamanın dayandığı o müqəddəs sükutdayam yenə. Yenə özümlə, yenə ruhumun ən dərin qatları ilə baş-başa... Qarşımda uzanan bu sonsuz su aynası sanki qəlbimin dibini mənə göstərir. Gölün durğunluğu ruhumun yorğunluğunu qucaqlayır, hər xırda ləpə keçmişin tozlu xatirələrini sahilə sığallayır. Günəşin bərqi suyun üzərində rəqs etdikcə, elə bil göydən qızılı mirvarilər tökülür, hər parıltı bir ümid, hər şüa bir xəyalın doğuluşudur. Mən bura qaçıram... Dünyanın səs-küyündən, saxta təbəssümlərdən uzaqlaşıb, suyun pıçıltısında öz həqiqətimi tapıram. Göyün rəngi ilə gölün rəngi elə bir harmoniya yaradır ki, insan harada bitdiyini, kainatın haradan başladığını unudur. Günəş sulara toxunanda yaranan o nur dənizi, sanki içimdəki qaranlıqları aydınlatmaq üçün yanan bir məşəldir. Ruhum bu sükutda dincəlir, xəyallarım isə gölün üfüqündə süzən o tənha quş kimi azaddır. Nə bir səs var, nə bir kədər, sadəcə mən, qəlbimin döyüntüsü və bu ilahi mənzərənin əbədi vəhdəti...

Çünki insan özü ilə qalanda əslində tənha deyil, öz həqiqəti ilə ən izdihamlı görüşdədir. Ey ruhum, bax bu sükut sənin ən uca fəryadındır, dünya kənarda qaldıqca, mən sənin dərinliyində yenidən doğuluram. Gölün suyu dibindəki daşları necə şəffaf göstərirsə, bu tənhalıq da mənim fikir qatlarımı eləcə soyundurur. Mən səndə, sən isə bu sonsuz üfüqdə itərkən anlayıram ki, insanın ən böyük səyahəti uzaqlara deyil, öz içinə etdiyi o sarsılmaz köçdür, səyahətdir ...

 

15.04.2026