Adil Cəfakeş - SƏNİ SEVSƏM...

Ədəbiyyat 10:55 / 16.04.2026 Baxış sayı: 329

 

Guya səni sevsəm xoşbəxt olacam?,

Keçəcək hər anım qəhər içində.

Guya barmaqlarım bala batacaq?,

Batıb boğulacam zəhər içində.

Qəsəbə içində, şəhər içində,

Düşəcəm kimsəsiz səfil gününə.

Biri danlayacaq, biri söyəcək,

Biri küçəmizdən rədd ol deyəcək.

Günüm olacaqdı mənim it günü,

Sıxdıqca sıxacaq küçələr məni.

Yuxum gözlərimdən ərşə çıxacaq,

Fikirlər yoracaq gecələr məni.

Axı hardan çıxdın qarşıma, qadın,

Bəlamı olmağa başıma, qadın?

Bilirəm, sən mənim olan deyilsən,

Bilirəm, yanımda qalan deyilsən.

Sənin öz yuvan var, mənim öz yuvam,

Sənin öz havan var, mənim öz havam.

Bağışla, mən səni sevə bilmərəm,

Əgər qalasam da yanmaz bu ocaq.

Bilirəm, bu eşqin əsiri olsam,

Çəkdiyim əzablar mənə qalacaq.