Şakir Xanhüseyn - İKİ BİR
1
KİMSƏN
üst-başını ara, kimsən,
özünü
çək sorğu-suala, kimsən...
yerindən yavaşca qalx,
yandır çıraq
və kimliyinə bax,
kimsən.
bir şeyləri sal yada,
ya bir səsi,
bir sözü xatırla,
kimsən.
alnın tez-tez
düyünlənib qırışmasın,
fikirlərin qarışmasın,
axı, kimsən?
2
***
ağaca bax,
yarpaqları coşur, dalğalanır,
kökləri coşquyla axır torpağa,
gör a...
bir coşğunluq hakim dağlarda;
dağlar daşlarıyla hər yanı basıb...
ayaqlar yollarda qaynaşır,
elə coşqulu ki, quş yuvaları...
quşlar qatarlanıb səmaya daşır,
elə tək-tək də...
evdə ocaq daşır,
daşır birdən buza dönərək.
quyular adamlarla dolub-daşır;
dördəlli yapışıb
kimsə dünyadan
bir əli ilə,
yad kimi davranır
bütün sevdikləri ilə...