MƏSULİYYƏTDƏN DOĞAN YAZIÇI NARAHATLIĞI

YAZARLAR 21:06 / 15.04.2026 Baxış sayı: 237

    

(Qafar Cəfərlinin “Bərzəx sakininin etirafları” kitabı haqqında bəzi qeydlər)

 

Azərbaycan bədii nəsrində öz fərdi yaradıcılıq üslubu ilə seçilən Qafar Cəfərlini ciddi münasibət bəslədiyi sənətdə olduğu kimi həyatda da həmişə narahat görürəm. Bu narahatlıq yazıçı üçün təbiidir. Hiss edirsən ki, harada olmasından asılı olmayaraq yaradıcılıq aləmindədir, axtarışlarını davam etdirir, necə deyərlər, əsərlərinin, obrazlarının, ədəbi qəhrəmanlarının taleyi barədə düşünür. Düşünür ki,  yazmağa başladığı yeni əsərlərlə, silsilə obrazları ilə oxucusuna, üzvü olduğu cəmiyyətə, ən nəhayət beşiyi başında Mirzə Cəlilin, Əbdülrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Məmməd Səid Ordubadinin... durduğu nəsrimizə təzə nə verəcək? Düşünür ki, yaratdığı əsərlərə bir müəllif kimi əbədi yaşamaq haqqı verə bilibmi? Təbii ki, bu tanınmış yazıçı-dramaturqun yaradıcılıq məsuliyyətindən, peşəkarlığından irəli gəlir. Yalnız həqiqi istedad sahibləri məhz bu cür düşünür, əsərləri ilə yaşayır və nəticə etibarı ilə geniş oxucu auditoriyası qazanırlar.

Qafar Cəfərliyə gəldikdə isə bir qələm dostu, yaradıcılığını maraqla izləyən bir oxucu kimi  belə qənaətə gəlirəm ki,onun ürəyində odu heç zaman sönməyən sənət yanğısı var, yazdığı və yazacağı hər bir əsəri də məhz bu yanğıdan qaynaqlanır. Başqa sözlə desək, bütün varlığına hakim kəsilən sənət onunçün həyat, həyat isə sənətdir. Axı, məhz yaratdığı nəsr əsərləriylə sevgi dolu ürəyini boşaldır, həyata, zamana sığmayan qlobal fikirlərini, duyğu və düşüncələrini oxucuları ilə bölüşür. Bu baxımdan artıq oxucuların mühakiməsinə verilən 13 kitabını oxumaq və deyilənlərin təsdiqi kimi yaradıcılıq məziyyətləri ilə tanış olmaq kifayətdir.

Bu günlərdə Qafar Cəfərlinin “Apostof-A” nəşriyyatında nəfis tərtibatla buraxılmış “Bərzəx sakininin etirafları” adlı yeni kitabı ilə tanış oldum.  Açığını deyim ki, öncə kitabın adı diqqətimi çəkdi, amma təəccüblənmədim. Bilirdim ki, müəllifin öz yaradıcılığı kimi kitablarına, ayrı-ayrı əsərlərinə seçdiyi adlar da oxucunu düşündürür. “Saatın 61-ci dəqiqəsi”, “Bir gecənin vahiməsi”, “İntihar”, “Altıncı barmaq”, “Bir udumluq hava”, “Qarğışlı dua”, “Qəribliyin dadı”, “Tanrının göz yaşları” və sair əsərləri buna  misal göstərmək olar. Elə götürək “Tanrının göz yaşları” romanını. İstər-istəməz düşünürsən: “Bir ol” sözüylə dünyanı yaradan, bəşəriyyəti xəlq edən, bir sözlə, hər şeyə qadir olan Ulu Tanrı da göz yaşlarını axıdarmı?”. Amma mövzusu II Qarabağ müharibəsindən götürülən romanı oxuyandan sonra nəinki bu suala cavab tapırsan, hətta müəllifin bədii məntiqinə inanmaqdan başqa çarən qalmır. Çünki yazıçı, bəzən şeytanın belə həsəd apardığı insanın elə ağlasığmaz hərəkətlərini təqdim edir ki, mərhəmətli və mehriban Allahın ürəyi də kövrəlir, gözlərindən yaş axır...

Bərzəx sakininin etirafları” kitabında əsasən yazıçının hekayələri və novellaları yer alıb. Kitabı oxuyub başa çatandan sonra belə qənaətə gəldim ki, Qafar Cəfərlinin əvvəlki əsərlərindən fərqli olaraq bu hekayələrdə hadisələri saf-çürük etmək, tipikləşdirmək, bəlkə də başqalarına adi görünən bir hadisəni bədii materiala çevirmək bacarığı daha qabarıq görünür, başqa sözlə desək, oxucuya təqdim edilən kiçik hekayələrdə belə böyük mətləblər, qlobal fikirlər təbliğ olunur. Təsadüfi deyil ki, Qafar Cəfərlinin yaradıcılığına tez-tez müraciət edən ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli haqlı olaraq yazır:      “- Qafar Cəfərlinin hekayə və novellalarında çağdaş həyatımızın müxtəlif hadisə və olaylarından söz açılır. Cəmiyyətdə baş verən hadisələrin əks-sədası, həm müəyyən bir kollektivdə, həm ailədə, həm də insanların qarşılıqlı münasibətlərində nəzərə çarpan ayrı-ayrı neqativ hallar bu yazıların əsas məzmununu təşkil edir. Niyə məhz neqativ hallar? O səbəbdən ki, mənfiliyin ifşası müsbətin, işığın, xeyirxahlığın təsdiqi kimi səslənir. Yəni, müəllif demək istəyir ki, bizim həyatımız, yaşadığımız bu gerçəklik hələ ideal səviyyədə deyil...”

“Bərzəx sakininin etirafları” hekayəsi bu baxımdan daha səciyyəvidir. Hekayədə hadisələr Bərzəx sakininin dilindən nəql edilsə də, vaxtı ilə yaşadığı həyatda mövcud olan haqsızlıqlarla bağlı səslənən etiraflar əslində müəllifin öz fikir və düşüncələrindən irəli  gələn uğurlu yaradıcılıq axtarışlarına hesablanıb. Bu etiraflarda Bərzəx aləmi ilə yaşadığımız müasir dünya arasında kəskin fərqlər görürük. Bərzəx sakini vaxtilə ömür sürdüyü dünyada o qədər əzab-əziyyət görüb ki, özünü bu aləmdə xoşbəxt hesab edir. Niyə? Çünki burda insanlar bərabərdir, ayrı-seçkilik, məmur özbaşınalığı, rüşvət, çörək dərdi yoxdur, addımbaşı haqsızlığa rast gəlinmir...

Əsərdə Bərzəx sakininin şahidi olduğu iki ruhun söhbəti də maraq doğurur. Aralarındakı söhbətdən anlaşılır ki, onlardan biri vaxtilə yüksək vəzifədə çalışıb, digəri isə kasıbçılıqla yaşayıb. Kasıb biləndə ki, müsahibi vəzifəli şəxs olub, elə bil başına od tökürlər. Onun dedikləri əslində müəllifin narahat ürəyinin əks-sədası kimi səslənir: “Vəzifədə işləyənlər o cür gözəl dünyanı başımıza dar elədilər. Heç insaf olmadı onlarda, nə cibləri doldu, nə də ki, gözləri. Bu boyda pullar, qızıl, zinət əşyaları yığır, saysız-hesabsız evlər, villalar, obyektlər tikir, bahalı maşınlar alır, amma yenə sadə xalqın qəpik-quruşuna göz dikirlər. Axırı nə olur, lüt-ətcəbala bu aləmə gəlirlər. Gör bir fərqimiz var?...”

Lakin vəzifəli adam kasıbın dediklərinə haqq qazandırsa da, öz dərdlərini də ortaya qoyur. Məlum olur ki, borc-xərcə düşüb vəzifə sahibi olanda heç də səni rahat buraxmırlar. Gərək rayon rəhbərindən tutmuş nazirlikdə oturanların vaxtlı-vaxtında “hörmətini” edəsən, qonaqlarını, yoxlamaya gələnləri yaxşı yola salasan, keçirdikləri təm-təraqlı tədbirlərinin xərcini çəkəsən və s. Yoxsa səni bir gün belə vəzifədə saxlamazlar. İstər-istəməz düşünürsən, nə yaxşı ki, Bərzəx aləmində nə vəzifə var, nə də kreslo...

Əsərdə deyildiyi kimi, Bərzəx sakinlərinə ancaq cümə axşamı və müqəddəs bayramlarda vaxtilə yaşadıqları dünyaya gəlməyə icazə verilir. Yazıçının ədəbi qəhrəmanı da bu fürsətdən yararlanaraq öncə doğma ocağa, ailəsinə baş çəkir. Lakin evindəki ab-hava heç də onu razı salmır. Niyə? Çünki yaxşılığa doğru burda heç bir dəyişiklik görmür. Üç ailənin bir evə sığdığını, tibb bacısı olan həyat yoldaşının qanunsuz işdən çıxarıldığını və iş yerinin başqasına satıldığını, əlində ali təhsil diplomu olan böyük oğlu Cəfərin və ortancıl oğlu Səfərin hələ də işsiz olduğunu, üstəlik yüksək faizlə bankın borcları ilə yükləndiyini ... görəndə tamam hövsələdən çıxır.Başılovlu evdən çıxaraq kiçik oğlu Cəfərin dalınca döyüş zonasına gəlir. Burda əsəbləri tamam pozulur. Görür ki, Vətən savaşına  qatılanların hamısı kasıb balalarıdır.

Bir sözlə Bərzəx sakini gün ərzində çox yerə gedir və hər yerdə də haqsızlıqla qarşılaşır. Hətta o qədər dərdlə yüklənir ki, Bərzəx aləminə qayıdanda dünyaya gəldiyinə peşiman olur, öz təəssürratlarını yoldaşlarına danışmaqdan belə çəkinir. Düşünür ki,  digər ölkələrdən gələnlər eyblərimizdən, neqativ hallarımızdan xəbər tutmasalar yaxşıdır. Təbii ki, bu da onun milli təəssübkeşlik hissindən, vətənpərvərlik duyğusundan qaynaqlanır.

Hekayədə çağdaş həyatımızın acı həqiqətləri real hadisələr fonunda əks etdirilsə də, oxucuya daha çox həyat sevgisi, həyat eşqi aşılanır. Göstərilir ki, bütün əzablarına baxmayaraq həyat şirindir, insan işıqlı dünyadan ayrılmaq istəmir.

“Saatın 61-ci dəqiqəsi” hekayəsinin mövzusu isə 1-ci Qarabağ savaşından götürülüb.

Əsərdə təqdim olunan hadisə bəlkə də Qafar Cəfərlinin bədii təxəyyülünün məhsulu deyil, şahidi olduğu gerçək hadisədir. Axı uzun illər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışmasına baxmayaraq onun həyat yolu həm də Qarabağın döyüş səngərlərindən keçib. Təbii ki, şəxsən gördüyü, şahidi olduğu hadisələr qələmə aldığı əsərlərdə nəinki yer alıb, həmçinin bu əsərlərin əsas süjet, ana xəttini təşkil edib. Təsadüfi deyil ki, bu mövzuda yazılan hekayə və povestlərdə təsvir olunan döyüş səhnələrini həyəcansız oxumaq mümkün deyil.          “Saatın 61-ci dəqiqəsi” hekayəsinə gəldikdə isə əvvəlki yazılardan fərqli olaraq burda döyüş zamanı düşmənçiliyin yox, insanlığın, xeyirxahlığın möhtəşəm abidəsi yaradılıb. Belə ki, Rusiyada yaşasa da Qarabağdakı işğala dözməyən Hünər dostu, peşəkar hərbçi Teymurla Vətənə qayıdaraq müdafiə batalyonuna yazılırlar. Düşmənlə üz-üzə  olan döyüş mövqeyində durarkən gözlənilməz hadisə baş verir. Həkəri çayının üzərindəki körpüdən keçən erməni qadını qarın üsrtündən sürüşərək azyaşlı uşağı əlindən buraxır. Uşaq birbaşa çaya düşür. Təbii ki, ermənilər bu hadisənin şahidi olsalar da, öz millətindən olan uşağın həyatını xilas etmək üçün heç kəs yaxına gəlmir. Hətta ananın fəryadı da onlara təsir etmir. Hünər düşmənə nifrət etsə də uşağın boğulmasını heç cür vicdanına sığışdıra bilmir. Cəld hərəkətlə yoldaşlarından ayrılaraq qaçaraq özünü çaya atır və buz kimi soyuq sudan uşağı sahilə çıxardır. Gözləmək olardı ki, uşaq xilaskarına düşmən gülləsi açılmasın, lakin Hünər snayperlə vurulur. Yoldaşları Hünəri öz mövqelərinə gətirmək üçün həmin istiqamətə aramsız atəş açırlar. Xəstəxanada onun güllə yarası alan ayağı kəsilir. Hətta yoldaşları bu hərəkətinə görə Hünəri qınasalar da o, qətiyyən peşimançılıq hissi keçirmir. Halbuki ilanın balası da ilan olur, böyüyəndən sonra sancmağından qalmır. Kim inana bilərdi ki, Hünərin xilas etdiyi həmin erməni uşağı II Qarabağ savaşında ordumuza güllə atmayıb... Bir sözlə, biz bu hekayədə xeyirxahlıqla bədxahlığın, mərhəmətlə qəddarlığın, insanlıqla vəhşiliyin...qarşı qarşıya gəldiyini görürük. Görürük ki, milli damarımızda təmiz qan axır, erməninin qanı isə şovinist hisslərlə çoxdan zəhərlənib.

Qeyd edək ki, Qafar Cəfərli ədəbiyyata dedektiv janrla gəlib. Fikrimizcə, Lənkəran ədəbi mühitində bu janra müraciət edən ilk yazıçı kimi diqqəti cəlb edən sanballı əsərlərin müəllifidir. “Əməliyyatçı”, “Günahsız mələk”, “Kimsə...sizlər” və s. dedektiv povestlərdən ibarət kitabları artıq çoxdan oxucuların mühakiməsinə verilib və rəğbətlə qarşılanıb. “Bərzəx sakininin etirafları” kitabında da “Qisas gecəsi”, “Sonuncu hesablaşma”, “Altıncı barmaq”, “Malış” və s. kimi detektiv hekayələri yer alıb.  Bu hekayələrdə maraqla izlənilən hadisələrin mərkəzində Əli Zaminli durur. Oxucular yəqin ki, bu obrazı yuxarıda adlarını çəkdiyimiz dedektiv povestlərdən yaxşı tanıyırlar. Müqəddəs  qanunlarımızın aliliyinin qorunmasında, bağlı qalan bir çox ağır cinayətlərin açılmasında və ən çətin, mühüm əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində yüksək peşəkarlıq, ədalətli mövqeyindən qaynaqlanan qətiyyət və cəsarət göstərən Əli Zaminli həmişə olduğu kimi yenə də öz vəzifə borcunu sədaqətlə, vicdanla yerinə yetirir. Bu baxımdan fikirlərimizi əsaslandırmaq üçün “Qisas gecəsi” hekayəsini nəzərdən keçirmək və təəssüratlarımızı bölüşmək kifayət edər. Öncə qeyd edək ki, əsərin ana xəttini bir gecədə baş verən cinayət hadisəsi təşkil edir. Atasının var-dövləti ilə özünü son dərəcə sərbəst aparan, qızları aldadıb yoldan çıxaran, içkiyə meyilli Şəfizadə Aşiq Pişan oğlunun  gecə vaxtı bıçaqlanıb kolluğa atılması rayonda böyük qalmaqala səbəb olur. Məsələnin çətinliyi bundadır ki,  cınayəti törədən şəxs bir iz belə saxlamayıb. Aylarla aparılan əməliyyat-axtarış tədbirləri hələlik heç bir nəticə vermir. Lakin Əli Zaminli üçün açılmamış cinayət yoxdur. Zəngin əməliyyat-axtarış təcrübəsi, yüksək peşəkarlığı yenə onun köməyinə  gəlir, necə deyərlər, kələfin ucunu tapır. Belə qənaətə gəlir ki, cinayətin törədilməsi ancaq namus məsələsi ilə bağlı ola bilər. Çünki bıçaqlanan şəxs çox qızların həyatı ilə oynayıb. Aparılan əməliyyat-axtarış tədbirlərinin nəticəsində məlum olur ki, cinayəti məhz Aşiq Şəfizadə tərəfindən aldadılan qadınlardan biri olan Mətanət Səfər qızı törədib. Cinayəti qardaşı öz boynuna götürsə də  Mətanət buna razı olmur, özü gedib ədalətə təslim olur.

Bütün çətinliklərinə baxmayaraq haqqın, ədalətin qələbəsi Qafar Cəfərli yaradıcılığının əsas leytmotividir. Başqa detektiv əsərlərində olduğu kimi “Qisas gecəsi”ndə də Əli Zaminli obrazı haqq-ədalət uğrunda yorulmaz mübarizin, mənəvi saflığın, təmizliyin simvolu kimi təqdim olunur və yaddaşlarda dərin iz buraxır...

Detektiv əsərlər müəllifi kimi tanınan Qafar Cəfərli son illərdə öz mövzu dairəsini daha da genişləndirib. Bu, “Bərzəx sakininin etirafları”nda daha qabarıq nəzərə çarpır. Kitabda toplanmış  hekayə və novellaların hər birində çağdaş həyatımızın bir parçası məhz fərqli düşüncəyə, əqidə və məsləkə malik obrazlarla öz yüksək bədii ifadəsini tapır. Əgər müəllif “Bir ömür sevgi”də bizi atalı-analı illərə qaytarırsa və bu həsrəti yenidən yaşadırsa, “Övlad borcu”nda ömrü boyu balalarının üstündə yarpaq kimi əsən və hər cür  əzab-əziyyti özlərinə rəva bilən valideynlərin qarşısında övlad borcunun nədən ibarət olduğunu diqqətimizə çatdırır. Və yaxud “Sehirli gecə”də yetim bir kişinin əvvəl yüngül həyat tərzi keçirib sonralar peşimançılığı və çəkdiyi vicdan əzabı qabardılırsa, “İbrət dərsi”ndə yol verilən nöqsanlara, ehtiyatsızlıq üzündən buraxılan səhvlərə görə ibrət dərsi almağın vacibliyi örnək kimi qarşımıza qoyulur. “Qumru”, “Qısqanclığın yaşı olmaz” hekayələrində məhəbbətin böyük qüdrəti, başqa sözlə desək “həyat məhəbbətdir, məhəbbət həyatdır” fəlsəfəsi önə çəkilir.

Ümumiyyətlə, kitabdakı hekayələri oxuyanda istər-istəməz maraqla izlənən hadisələrin axarına düşür, intizarla sonluğu gözləyirik. Hadisələrin təmsilçiləri olan obrazlar da adama yaxın və doğma görünür. Elə bil ki, ailədə, kollektivdə, ictimai yerlərdə hər gün onlarla görüşür, hal-əhval tutur, fikirlərimizi bölüşürük. Bu onu göstərir ki, yazıçının qəhrəmanlarının əksəriyyəti müasirimizdir, real həyatdan götürülüb. “Divar saatı”, “Fateh”, “Gülgəzi”, “Tost”, “Pənco-pənco”, “Bumeranq”, “Çayxanada”, “Nemesskiy şot” və s hekayələr məhz gündəlik həyat müşahidələri əsasında yazılıb. Müəllif öz müşahidələrinin təkcə foto şəklini deyil, onları bədii təfəkkür süzgəcindən keçirərək təqdim edir.

“Bərzəx sakininin etirafları” kitabının bir bölməsində müəllifin son illərdə yazdığı novellalar yer alır.

Əslində novella da hekayədir, lakin hekayədən fərqli olaraq gözlənilməz sonluqla bitir.Bu baxımdan  kitabda yer alan “Alıcı”, Hədiyyə”,  “İtin dəftəri”, “Möcüzə”, “Ziyarət”         və s. novellalarda yüksək bədii ümumiləşdirmə, yaddaşda dərin iz buraxan düşündürücü nəticə ilə vəhdət təşkil edərək bir-birini tamamlayır.

“Alıcı” novellasındakı mövzu çağdaş həyatdan alınsa da  təqdim olunan hadisəyə müəllif elə gözəl, məntiqi sonluq əlavə edir ki, hamının ürəyindən xəbər verir. Novellanın sərlövhəsi ilk baxışdan bazarlıq edən alıcı kimi təsəvvür yaradır. Amma əslində bu, əsərdəki obrazın adıdır. Reyestr idarəsinin rəisi işləyən Alıcı dövlət müəssisəsini şəxsi gəlir mənbəyinə çevirib. Nişanlı qızına cehiz almaq üçün torpağını satmağa məcbur olan Elqəm müəllim də burada şıdırğı alverin  şahidi olur. Alıcı əməkdaşı tərəfindən qəbuluna gətirilən müəllimi ehtiramla qarşılasa da, bu ehtiramın arxasında öz şəxsi marağı gizlənir.Elə buna görə də müəllimdən pul qoparmaq üçün deyir:- “Ay ağsaqqal işləri korlamısan ki ? Ölçü zamanı satacağın həyətdə iki  sot artıq torpaq çıxıb və həmin torpaq da çəpərə alınıb. Bu da ki, qanunsuz torpaq zəbti kimi cinayət məsuliyyəti yaradır. Ən azından min manat cərimə səni gözləyir...” Naəlac qalan Elqəm müəllim 400 manat tərləməklə lazımi sənədini  alıb idarəni tərk edir. Azca idarədən aralanan kimi yenidən dönüb binaya baxanda düşüncələrini dilə gətirib öz-özünə deyir ki, “Ad qoyanda da gərək elə ad qoyasan- Alıcı, yoxsa mənə də ad qoyublar,Elqəm. Alıcı daşdan pul çıxardır, mənə isə elin dərd-qəmini çəkmək qalıb...” Cehiz probleminin həlli müəllimin ürəyinə  bir az toxtaqlıq verir...

Sənədli novella kimi təqdim edilən “Ziyarət”in qəhrəmanı müəllifin özüdür. Təsadüfi, amma oxşar səbəblər üzündən hüzr yerini səhf salaraq tanımadığı başqa birisinin məclisinə düşür, hətta burada yas payı kimi pul da yazdırır. Həqiqi ziyarət yerini tapanda isə artıq gec olur...

Göründüyü kimi, bu və ya digər novellalarda da müəllifin mövzu dairəsinin genişliyi, özünəməxsus  dəsti-xətti diqqət çəkir, təbliğ edəcəyi məqsəd, ideya isə sonda ustalıqla açılır...

“Bərzəx sakinin etirafları” kitabını maraqlı, oxunaqlı edən bir  xarakterik cəhəti də qeyd etməmək mümkün deyil.  Məlumdur ki, yazıçıların, şairlərin qələmə aldığı bütün əsərlər oxuculara yönəlməklə onların dünyagörüşünün formalaşmasına,  mənəvi dünyalarının zənginləşməsinə xidmət edir. Yəni, əsərlər oxucular üçün yazılır və əlbəttə ki, oxucular da yalnız bəyənib sevdikləri əsərləri  həvəslə oxuyur və təbliğ edirlər.  Sovet dönəmindən fərqli olaraq  son illərdə sosial şəbəkələrin  həyatımıza sürətlə daxil olması  söz adamlarının da əsərlərini  bu şəbəkələrdə yaymalarına və bilavasitə oxucu rəyləri ilə  yerində və vaxtında tanış olmaqlarına şərait yaradır.  Qafar Cəfərli də  kitabda yer alan əksər əsərlərini məhz sosial  şəbəkənin facebook  seqmentində yayımlamaqla bu imkanlardan istifadə etməyə çalışıb və çalışır. Kitabın son bölməsi “Facebookdakı paylaşımlara  olan oxucu rəylərindən seçmələr” adlanır. Bu bölmədə kitabda yer alan bir çox əsərlərin facebookda paylaşılarkən yazılan oxucu rəylərindən çoxsaylı nümunələr verilib ki, fikrimcə, kitab nəşrində bu bir ilk olaraq əhəmiyyətli faktdır.

Kitabda Qafar Cəfərli yaradıcılığının bədii məziyyətləri, sənətkarlıq xüsusiyyətləri barədə ədəbi ictimaiyyətin tanınmış  nümayəndələrinin, ədəbiyyatşünas alimlərin elmi rəyləri, düşüncələri maraq doğurur. Xüsusilə AMEA-nın  Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusiflinin, ədəbiyyatşünas-tənqidçi, yazıçı-publisist Allahverdi Eminovun, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin, filologiya elmləri doktoru, əməkdar müəllim Yədulla Ağazadənin, tanınmış şair-publisist Ağacəfər Həsənlinin və başqalarının rəyləri istedadlı yazıçı-dramaturqun Azərbaycan bədii nəsrində mövqeyini, özünəməxsus yaradıcılıq üslubunu müəyyənləşdirməkdə, ədəbiyyata gətirdiyi yeni dəsti-xətti dərk edib dəyərləndirməkdə, bir sözlə, oxucuları düzgün istiqamətləndirməkdə mühüm əhəmiyyət kəsb edir.

Qafar  Cəfərli “Bərzəx sakininin etirafları” kitabı ilə ürəklərə nüfuz etməklə bərabər nəsrimizdə bir yazıçı kimi öz mövqeyini, yerini müəyyənləşdirmək yolunda daha bir uğurlu addım atıb. Şübhəsiz ki, bu uğur təkcə hadisələri saf-çürük etməklə deyil, həm də onun bədii nəsrinin poetikası və şeriyyəti ilə bağlıdır. Təbii ki, nəsrin poetikası da zəngin dil imkanlarından qaynaqlanır. Yazıçı bütün əsərlərində olduğu kimi sözü gedən kitabda toplanan lakonik, yığcam hekayələrində də müdrik xalq deyimlərindən, dahilərin hikmətli sözlərindən məqamında və bacarıqla istifadə edir. Elə buna görə də onun nəsr dili səlist, ifadəli və emosionaldır.

Bütün qeyd etdiklərimdən belə qənaətə gəlirəm ki, yaratmaq eşqi Qafar Cəfərlinin varlığına hakim kəsiləndə o, əlinə qələm alıb yazmağa başlayır. Təkcə masa arxasında deyil, hər yerdə yaradıcılıq məsuliyyəti ilə yaşayır, əsərlərinin taleyi üçün təbii narahatçılıq hissi keçirir. “Bərzəx sakininin etirafları” kitabı da məhz bu məsuliyyətin və narahatlığın gerçək bədii əks-sədasıdır.

 

                                                                   XUDAVERDİ CAVAD

                                             “Respublika həyatı” qəzetinin baş redaktoru,

                                                         şair publisist, AJB və AYB üzvü