Əlizadə Nuri - Bənövşə görəndə boynumu burdum
Yeddi min xalıya çatar ilməsi-
Göydə göy qurşağı yeddi rəng imiş.
Min ildi şeytanı daşlayırıq biz
İlahi, bu şeytan nə nəhəng imiş?!
Bir qələm hönkürür varaq başında...
Pərvanə yurd salıb çıraq başında.
...Bir gün çıxıb getdin bulaq başından
Səndən xatirə də bu səhəng imiş.
Paltar da üşüyər qışın qarında,
Əyri yozularmış düz ilqarın da.
...Öpür bir- birini dodaqların da-
Sənin dodaqların həmahəng imiş.
Sən məndə tapıldın, mən səndə itdim,
Duz basdın yarama, yoxsa ki, şitdim?
Bu gecə yuxuda bir səs eşitdim
Bəlkə göy üzündən gələn zəng imiş?
Gördüm yer qurtarır, yerimdə durdum,
Bənövşə görəndə boynumu burdum.
...Mən bu gün özümü göyə uçurdum-
Dünyada nə varsa, çərpələng imiş...