Musa  Yaqub - YANDIRIR MƏNİ

Ədəbiyyat 17:09 / 15.04.2026 Baxış sayı: 200

 

Qara kölgəsidir bütün bəşərin,

Adı üstündədir fitnə-fəsadın,

Adı üstündədir şeytanın, şərin –

Şeytan barmağında fırlanğıc olan

Fırfıra adamlar, qıra adamlar.

Bu calaq adamlar yandırır məni.

Bu alaq adamlar, yalaq adamlar

Bu salaq adamlar yandırır məni.

Sən Allah, ona bax. Baş əyə-əyə,

Ölür baş sarayda tülkülənməyə;

Ölür satılmaqdan, satmaqdan ötrü,

Lap dovşan, lap tülkü libasında da

Ölür bir mənsəbə çatmaqdan ötrü,

Bu dovşan adamlar, yovşan adamlar,

Bu beli büküklər, üzü dönüklər,

Bu ağzı köpüklər yandırır məni.

Cəhənnəm əhliyçin ocaq püfləyən

Bu qarnı körüklər yandırır məni.

Kimdi o sızlayan, kimdir o ölən,

Evdə urvalığı, xərcliyi yoxdur.

Nağılda şahı da aldada bilən

Millətdə bir keçəl bicliyi yoxdur.

Ona bax, gör necə cumur hay-küyə –

Süfrə artığına, tör-töküntüyə,

Yox, belə ruzudan kişi göyərməz

Bu yetim ruzular yandırır məni.

Əldəki bir çəngə otun dalınca

Yüyrüşən quzular yandırır məni.

Bəs elin qartalı hayanda qalıb,

Bu qarğa-quzğunlar yandırır məni.

Elin balasıdır əslinə baxsan,

Gedib insan olur azad buraxsan.

Şərin buyruğunda quyruğu dönən

Zorbala qoçular yandırır məni.

Gedib Məkkə görüb, Mədinə görüb

Gəlib müşrüklərə qulluqçu duran

Şeytantük hacılar yandırır məni.

İftira nə qədər, yalan nə qədər -

Yalana gedənlər bundan da betər.

Bəlkə ağıl yatır, düşüncə yatır,

Ağ yalan deyənlər, ağ kəfən satır,

Millət boynundakı kəfəni görmür -

Bu karlar, bu korlar yandırır məni.

Qırmızı yalandan söz əzbərləyən

Bu robot motorlar yandırır məni.

Nə varsa aşındı, nə varsa getdi.

Sürünüb, bürünüb palaza getdi,

İnsanlıq dediyin, vicdan dediyin

Rüşvətin əlində güdaza getdi;

Bu kimlər, o kimlər yandırır məni,

İqtidar torunda ağlayan, gülən,

Ədalətdən başqa hər şeyi bilən

Bu işbaz hakimlər yandırır məni.

Gör zülüm nə gündə, əzab nə gündə? –

Üstəlik bu zülmə təriflər deyən

Qələm nə gündədir, kitab nə gündə?..

Özüyçün ad alıb, şan qazanmağa,

Nə yaman öyrəşdi əl uzanmağa –

Mirzə Cəlilçilər,

Vay Sabirçilər!

Bir kürsü önündə necə kiçilər?!

Haray ay adamlar, haray kişilər,

Loxmalar, boğmalar yandırır məni.

Elin dar günündə qeyrət umduğum.

Adları doğmalar yandırır məni.

Ancaq öz dərdinə dərman eyləyən

Bu özəl loğmanlar yandırır məni.