ŞEH QOXUSU - Ələddin Əzimli
"Sözlərdəki sən"dən
Çiçək ətrinə,
şeh qoxusuna
oyanacaqsan yuxudan.
Nəfəsin də ətirlənəcək,
sifətin də.
Artacaq sevgin də,
təravətin də.
Qoruya bilsən,
bu paklığı, saflığı,
əlçatmaz ucalığı,
artacaq doğmalara, yaxınlara
istəyin, hərarətin,
məhəbbətin də.
Süzəcəksən
ağappaq bir quşun
güclü qanadlarında.
Üzəcək hisslərin
mavi səmanın
tükənməz hüdudlarında.
Yüksələcək ülviyyətin də.
Dünya da,
kainat da,
sənə bəxş olunan
bu həyatda,
elə bir an gələcək
səndən güc alacaq.
Artacaq hünərin,
qüvvətin, cəsarətin də!..