Şakir Xanhüseyndən İKİ ŞEİR
Gözəl tərcüməçi, ədəbiyyat bilicisi
bilgə RƏHİM QULİYEV üçün
1.NİYYƏT
Niyyətə bağlıdı dedin ki, hər şey,
tale qar yağdırmır baxıb dağına;
Ətrafı saracaq ya qaranlığın,
dünya bürünəcək ya işığına...
Əgər gözəldisə insanda niyyət,
bir yanlışlıq olmaz onda, biləsən;
Sönən ocağına od verər, amma
kimsəni salmaz ki, oda, biləsən...
Yaxşı ayaq basar torpağın üstə,
yer-göy baharlanar- gül-çiçək bitər;
Ustufca əyər ki, budaqlarını
əkdiyim ağacın meyvəsini dər...
Uzaq ziyasını gör bir ulduzun,
göydə niyyətidi bir yer oğlunun;
Bil ki, dönəcəkdir nur qaynağına
düşəcəyi yerdə kölgəsi onun!..
2.ƏMƏL
Bir daşı daş üstə qoymaqmı əməl,
bəzən daşı daşdan ayırmaq həm də...
Dünyanı nuruna qərq edəcəkdir
əgər bir işartı varsa əməldə...
Bir işin, əməlin, əməl yiyəsi,
gedib bir süfrədə çörək olurmu;
Yapışıb ayağa qalxması üçün
əməlin bir ələ ətək olurmu...
Əməli salehlik elə odur ki,
sözündə doğrusan, işində doğru;
Yalanlar-dolanlar sənə işləməz,
sözün də doğrudu, işin də doğru.
Yolun bir qarışqa yolusa, gerçək,
Əməlin hər zaman bəhrə verəcək!..