Adilə Səfərova yazır : - 60 ilin işığında: Səhnəyə həsr olunmuş ömür.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Rəcəblinin 60 illik yubileyi qeyd olunub. Tədbirdə sənətkarın həyat və yaradıcılıq yoluna işıq salan, illərin zəhmətini və səhnə uğurlarını əks etdirən videoçarx göstərilib .
Ekranda canlanan obrazlar bir daha sübut edib ki, Vidadi Rəcəbli üçün səhnə sadəcə iş yeri deyil — ömür yolu, taleyidir. Yubiley mərasimində Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov sənətkara səmimi təbriklərini çatdıraraq onun Naxçıvan teatrındakı əvəzsiz rolunu xüsusi vurğulayıb. Bildirib ki, Vidadi Rəcəbli uzun illər ərzində səhnədə yaratdığı dolğun, xarakterik və psixoloji baxımdan dərin obrazlarla tamaşaçıların rəğbətini qazanıb, milli teatr sənətinin inkişafına layiqli töhfələr verib. Sonra yubilyar mədəniyyət sahəsindəki səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibətilə nazirliyin fəxri fərmanı ilə təltif olunub.
Teatrın direktoru Mir Qabil Əkbərov qeyd edib ki, Vidadi Rəcəbli səhnədəki səmimiyyəti, daxili enerjisi və obrazlara fərdi yanaşması ilə seçilən aktyorlardandır. Onun hər rolu yeni bir taleyin, yeni bir insanın bədii təqdimatıdır. Mir Qabil Əkbərov yubilyara teatr sənətinin inkişafında göstərdiyi xidmətlərinə görə plaket və hədiyyə təqdim edib. Teatrın gənc aktyoru, tədbirin moderatoru İsmayıl Mirzəcanov aktyorun sənət yoluna nəzər salıb.Qeyd edib ki, Vidadi Rəcəbli 1986–1988-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun dram fakültəsində təhsil alaraq aktyor və rejissor sənətinin sirlərini öyrənib. O, görkəmli sənətkarlar – Mirzəbala Məlikov və Fikrət Zəkiyevin rəhbərliyi altında peşəkar səhnə məktəbi keçib. Tələbəlik illərində Azərbaycan səhnəsinin tanınmış ustadları – Səyavuş Aslan və Xuraman Hacıyeva ilə bir səhnəni bölüşməsi onun yaradıcılıq dünyasının formalaşmasında mühüm rol oynayıb. Bu sənət mühiti gənc aktyorun özünə inamını artırıb, səhnə mədəniyyətini və peşəkarlığını möhkəmləndirib. Zəngin yaradıcılıq palitrası ilə səhnəni bəzəyən Vidadi Rəcəbli 70-dən artıq tamaşada müxtəlif janrlarda – dram, faciə, komediya, musiqili komediya və tragikomediya sahələrində yaddaqalan obrazlar yaradıb. O, həm klassik, həm də müasir dramaturgiyanın nümunələrində uğurla çıxış edib.
Onun repertuarında Azərbaycan ədəbiyyatının korifeylərinin əsərləri xüsusi yer tutub. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində Süleyman, “O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad, Hüseyn Cavidin “Topal Teymur”unda Sabutay və Əli Paşa, “İblis”ində Ərəb zabiti; Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərlərində yaddaqalan obrazlar yaradıb. Tədbirdə Vidadi Rəcəblinin 60 illik ömür yolunun işığına toplaşanlar onun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında gözəl fikirlər səsləndirib, xatirələrini bölüşüblər.
Tədbirdə maraqlı səhnəciklər göstərilib, tanınmış müğənnilərin ifaları dinlənilib. Aktyorun ailə üzvləri adından çıxış edənlər tədbirin təşkilinə görə minnətdarlıq ediblər.
Biz də öz növbəmizdə aktyora can sağlığı və sənət uğurları arzulayırıq.