Məmməd Qədir - Batdın

Ədəbiyyat 11:06 / 23.02.2026 Baxış sayı: 508

 

İstəsən qəvvas ol, fırtınadan çıx,

Sevgi dəryasına daldınsa, batdın!

İçini çiçəyə, kəpənəyə aç,

Dərdini ürəyə saldınsa, batdın!

 

Xeyrin də, şərin də kökü dünyada,

Fağırlar çəkirmiş yükü dünyada,

Hiyləgər dünyada, tülkü dünyada,

Qul kimi sadəlövh qaldınsa batdın!

 

Min rəng gizlənir bir rəngin içində,

Sevincin kasıbmış zəngin içində,

Bu qədər döyüşün, cəngin içində,

Ruhunda ruhani çaldınsa, batdın!

 

İçim yetişibdi, bilmə göy məni,

Ürəyin çılpaqdı, götür, gey məni,

Həvvanı azdıran haram meyvəni,

Nəfsini uzadıb aldınsa, batdın!

 

Ən ülvi eşq ilə naşı sevirmiş,

Gözlər gülüşü yox, yaşı sevirmiş,

Torpaq da üstündə daşı sevirmiş,

Qəlb, ürək sahibi oldunsa batdın!