Ehtiram İlham- Boş ver bu fani aləmi

Ədəbiyyat 10:31 / 23.02.2026 Baxış sayı: 472

Boş ver bu fani aləmi,

Bu dünya özü boşdu ki...

Kim cığır açıb kirmişcə

Dolaylarda dolaşdı ki.

 

Haradan hayana köçdük,

Bir yol var, özümüz seçdik.

Davalardan varıb keçdik,

Bu nə qanlı savaşdı ki.

 

Ruhun könüllər boydasa

Özünsən qisməti pozan.

Zülmü çəkilməkdən asan,

Kimə özgə nə xoşdu ki.

 

Kimdi belə bəxti yazan?

Harda pozuldu bu mizan.

Qoymağa yer tapammırsan,

Dərd canına daraşdı ki.

 

Alış da, odlan da, yan da,

Gedərgidi hər ad-san da.

Dəryalara axıtsan da

Gözlərin hələ yaşdı ki.

 

Ehtiramı uddu zaman,

Köç üstədi daha karvan.

Sinəsi üstə asılan

Yumruğu

boyda daşdı ki.

23.02.26.