Şakir Xanhüseyn - ALTDAN ALMAQ

Ədəbiyyat 13:12 / 17.09.2025 Baxış sayı: 7956

 

Bir söz ağırsa da, altdan alıram,

altdan aldıqlarım yükdü çiynimdə...

Elə üşüyürəm, baxmayaraq ki,

arzular, xəyallar oddu əynimdə...

 

Gəlir yuxarıdan üstümə bir daş,

elə bil məcburam altdan almağa;

Hər dərdi, bəlanı, düz yerimdəcə

gərək möhkəm duram altdan almağa...

 

Bu, kədərdi, o, qəm- ilahi ruzu-

yandırır, soyudur, altdan alıram...

Vallah, dəyirmana dən aparıram,

özümü üyüdür, altdan alıram...

 

Haradan başlayıb nədə bitirim,

xəyal etdiklərim birmi, ikimi;

Düzsəm hey uzanıb gedər, bilirsən,

təsbeh muncuğutək fikirlərimi...

 

Sən de, gözlərimin içinə baxıb,

o kimdi öyrəşib altdan almağa?

Tanrı möhürləyən bir hökm ilə

məhkumam çox işi altdan almağa...