Arzu Əsəd - Gərək Qurban Qurbanov...

YAZARLAR 10:33 / 21.02.2026 Baxış sayı: 354

Bir memarlıq üzrə elmlər doktoru deyib ki, gərək Qurban Qurbanov "Qarabağ" uduzduğuna görə biz azarkeşlərdən üzr istəyə.

Bunu tələb edən memar-professor, məsələn, iraqlı qadın memar Zəha Hədid kimi Azərbaycanın adını dünya memarlıq tarixinə yazanlardan biri olmalıdır deyə düşünürəm. Qurban Qurbanovun Azərbaycan futbolunu hansı səviyyəyə qaldırdığı hər kəsə məlumdur.

"Gürurlu" professorun düşüncəsinə görə üzr istənilməli olan biz azarkeşlərin ağlına da gəlmirdi ki, bu mərhələyə gəlib çataq. İndi nə xəbərdir ki..? Səməd Vurğun rəhmətlik yazırdı, "Nə yaradar, nə də qurar, Yaradana ağız burar... Ev də yıxar asta-asta" Belə gen ağızdan söz ifraz edənlərdən "Sən bu xalq, bu cəmiyyət üçün nə edibsən" soruşanda ən müxtəlif yayındırıcı cavablar verib bunun məsələyə aidiyyatı olmadığını deyirlər.

Bizim uşaqlığımızda bir müdrikin bu sözlərini şüar kimi bir çox yerdə sərgiləyirdilər: "Tərbiyəçi olmaq üçün tərbiyə olunmaq lazımdır". Maşallah, indi tərbiyə almayanlar tərbiyə verir, heç bir şey yaratmayanlar yaradanları dəyərsiz adlandırır, özləri hökm yeməli olanlar hakimlik edib ictimai şüura hökmlər verir.

Məşhur misalda olduğu kimi hətta yağla şorun eyni qiymətə satıldığı yox, şorun həyasızlaşıb yağı bir qəpiklik etməyə çalışdığı bir diyarda yaşayırıq. Bu həyasızlığa qarşı dura bilməsək, bir gün bizi də sadəcə boynumuz ipə gəlir deyə cinayətkar yerinə asacaqlar.