BULAQ - yazdı QƏZƏNFƏR BƏXTİYAR
Könüllər oxşayar həzin səsiylə,
Təbiət isinər xoş nəfəsiylə,
Şirin ahəngiylə, şən nəğməsiylə,
Həmdəm olar aşiqlərə yar bulaq.
-----------------------
Duman ətəklərdə sürünən zaman,
Yamaclar çiçəyə bürünən zaman,
Məhəbbət vüsalla görüşən zaman,
Sevən ürəkləri bağlayar bulaq.
--------------------------
Gündüz Günəş olub yaxın sirdaşı,
Yığar ətrafına dostu, yoldaşı,
Dağı-dərəsiylə durub yanaşı,
Elə səhər-axşam çağlayar bulaq.
---------------------------
Nə gecəsi, nə gündüzü bilinməz,
Sızar qayalardan dayanmaq bilməz,
Eşqiylə qaynayar sirrini verməz,
Özü öz dərdinə ağlayar bulaq.
------------------------
Qoyar hər daşında izlər, naxışlar,
Seyr etdikcə doymaz ondan baxışlar,
Həmsöhbəti mərd kəsləri alqışlar,
Namərdinsə qəlbin dağlayar bulaq.