Təranə Məmməd - Bir dəstə üzərlik

YAZARLAR 21:38 / 19.02.2026 Baxış sayı: 140

 

Bölgələrdən birində kiçik evimiz var. Hər yay ora köçməzdən əvvəl evimizi mütləq yüngül təmir edirik. Ustamız həmişə işə kiçik qardaşıyla gəlir. Sakit, başıaşağı bir uşaqdır.

16 yaşı təzə tamam olub.

Günlərin bir günü başım bərk ağrayırdı.Qonşu qadın üzərlik yandırmağı məsləhət gördü. Evdə üzərlik yox idi.

Ertəsi gün səhər tezdən həyətdəki masanın üstündə bir iri dəstə üzərlik görüb təəccübləndim.

Sonradan bildim ki, evimizi təmir edən ustanın kiçik qardaşı dünən bizim qonşu qadınla söhbətimizi eşidib və səhər sübhdən üzərlik yığmağa gedib.

Bir iri dəstə üzərliyi də mənə gətirib.

- Çox sağ ol,oğlum! Əziyyət çəkmisən - dedim.

- Yandırın. Anam mənə tez-tez yandırır üzərlik. Başımın ağrısına kömək edir, -deyə ilk dəfə danışdı bu uşaq.

- Sən ki uşaqsan, sənin başın elə də bərk ağrımaz yəqin, - deyib gülümsündüm.

Düzü bu sakit, dinməz uşağın ürəyinin böyüklüyünə valeh oldum. Əsl kişi hərəkəti idi onun etdiyi.Hec nə demədən, söhbətə müdaxilə etmədən mənə üzərlik gətirməyi çox xoşuma gəldi.

Elə o gün iri üzərlik dəstəsini evin eyvanından asdım.

Gələn il yenə evimizdə yüngül təmir etməli olduq. Yenə həmin ustanı çağırdıq.

- Bəs mənə üzərlik gətirən oğlan gəlməyib?- deyə mən ustadan soruşdum.

- O ...

- Nə?

- Əlacı tapılmadı onun xəstəliyinin.

- Bəs... həkimlər, Necə yəni? Ola bilməz! Deyirdi üzərlik ona kömək edir.

- Üzərlik də kömək eləmədi daha...

O qartal ürəkli cavan oğlan artıq həyatda yoxdur. Bir dəstə üzərlik isə hələ də eyvandan asılıdır...