Əşrəf  Veysəlli -  EHTİYAC

Ədəbiyyat 11:08 / 21.02.2026 Baxış sayı: 428

 

Var- dövlət insanı ərşə qaldırar,

Səxavət şöhrəti başa tac eylər.

İnsanı zirvədən nəfsi saldırar,

Adama neynəsə ehtiyac eylər.

Bu el yollarımda məşəl yandırar,

Ən yaxın bildiyim yaxına gəlməz.

İndi hamımızı el dolandırar,

Eli dolandırmaq ağıla gəlməz.

Qayğılar qurd kimi ömrümü yeyər,

Sozalar sinəmdə titrəyən o şam.

Hər səhər qapımı ehtiyac döyər,

Ehtiyac evimdə yatar hər axşam.

Sızlayar ürəyim hey korun- korun, -

Elin sevincindən dərdi bol imiş.

Mən hardan biləydim- tutduğum yolun

Sonu sonsyzluğa gedən yol imiş.

Gərək qayalardan yol açam indi,

Dərdimi dərd bilən anam, bacım yox.

Bir yurd havasına möhtacam indi,

Təkcə ehtiyaca ehtiyacım yox.

Ən ağır dərdi də elnən təklərəm,

Mən eli hər şeydən üstün görmüşəm.

Hələ qarşıdadır görəcəklərim,

Hələ bu dünyada nə gün görmüşəm?!…

Hələ nəvələrun boyu qabaqda,-

Tər- təzə güllərim gülçü gözləyir.

Hələ dörd oğlumun toyu qabaqda,

Hələ dörd gəlinim elçi gözləyir…

Mən gərək elimə xəbər yollayam,

Müqəddəs olanı atana lənət!

Bu yurdu, torpağı satana lənət!-

Toyda tamadayam, vayda mollayam,-

Ay məni qınayan!

Atana lənət!

1993- cü il.