Arzu Kazımqızı Nehrəmli : - Dağlar dumanda qalmadı...

YAZARLAR 09:02 / 19.09.2024 Baxış sayı: 370

 

Yəqin mənim kimi sizin də könlünüzdən hərdən zamanın ağzını geri çevirmək, yaşadığımız tarixi öz istəyimizə uyğun yenidən yaratmaq arzusu keçir. Ancaq bunun yerinə yetməsi mümkün olmayan xəyaldan başqa bir şey olmadığını mən yaxşı bilirəm və əminəm ki, siz məndən də yaxşı bilirsiniz...

Bədii ədəbiyyatın xəyallarımızı gerçəyə çevirmək, bizi yenidən tarixin həqiqətlərinə qaytarmaq gücünə isə mən qətiyyən şübhə etmirəm və sizin də şübhə etmədiyinizə inanıram. Xalq yazıçısı Elçinin “Poçt şöbəsində xəyal” dramatik povestini yenidən oxuyarkən bu əminliyi bir daha yaşadım. 

Özü də məsələnin ən maraqlı tərəfi budur ki, konkret bir tarixdə - 1970-ci ildə yazılan, müəyyən zamanın insanlarından və hadisələrindən bəhs eləyən əsər təkcə yazıldığı dövrün insanlarını, ictimai və mənəvi problemlərini əks etdirməklə məhdudlaşmır, yazıldığı və bəhs etdiyi zamanla bu günü bir-birinə bağlayır. Geriyə bu günün zirvəsindən baxmağa, keçmişi bu günün dəyərləri ilə qiymətləndirməyə şərait yaradır. Gözünü açıb görürsən ki, ətrafındakı real dünyadan çox öz dünyası, öz xəyalları ilə yaşayan qadın, onun mühiti sənə çox tanışdır, daim belə insanlarla ünsiyyətdəsən...

Sovet dönəmində yazılmış “Poçt şöbəsində xəyal”da o dövrün ictimai əxlaq normalarına gənc yazıçının etirazı diqqətdən yayınmır. İnsanla mühiti arasında gözəgörünməz münaqişə, dərin uçurum, insanların bir-birinə yadlaşması, soyuqlaşması, ögeyləşməsi həm fərdi insan xarakteri ilə bağlı psixoloji amil kimi,  həm də cəmiyyətin təbiətindən gələn ictimai hadisə kimi təqdim olunur.

Onu da deyim ki, Elçin müəllim bu əsəri 27 yaşında yazanda mən hələ dünyaya gəlməmişdim. Ancaq mənim yaşımdan əvvəl yaşamış insanların dünyasını başa düşmək, yaxından görmək və tanımaq üçün bu əsər indi misilsiz əhəmiyyət daşımaqdadır.

Əsərin əsas qəhrəmanı Ədilə adında bir qadındır. Otuz üç yaşlı bu qadının həyatında zahirən hər şey normal görünür. Ailəlidir, əri Xəlil ictimai təminat idarəsində məmurdur, cəmiyyətdə müəyyən mövqeyə və nüfuza malikdir. Ədilə poçt şöbəsidə işləyir, öz sosial mühiti var. Demək olar ki, hər gün rəfiqələri ilə görüşür.

Ailədəki ər-arvad münasibətlərində də hər hansı gərginlikdən söhbət gedə bilməz. Əksinə, əri “mamoçka” – “ana” deyə çağırdığı Ədiləyə qarşı bəzən təəccüb doğuracaq qədər mülayim və mütidir. Arvadının hər hərəkətinə göz yummağa, dedikləri ilə oturub-durmağa hazırdır. Ədilənin də ondan hər hansı qeyri-adi tələbi, ona qarşı əndazəsiz iddiaları yoxdur.

Ancaq əsərin ilk səhifələrindəncə bu ailənin xoşbəxt olmadığını görürük. Ədilənin nə vaxtsa sevgi macərası yaşadığı kişi aradan illər keçəndən sonra zəng vurub onunla hal-əhval tutmaq istəyir. Telefon dialoqundan anlaşılır ki, artıq onun varlığının Ədilə üçün heç bir mənası qalmayıb...

Hər şey Ədiləni darıxdırır. Radio sanki hər gün eyni xəbərləri verir, eyni musiqini səsləndirir. “Eyni küçə, eyni səki, eyni binalar, eyni tinlər, eyni tanış sifətlər. Hər gün, hər gün...” Bunu həyatın yekrəngliyindən qurtulmaq üçün işə başqa küçə ilə getmək istəyən Ədilə ərinə deyir. Bir damın altında yaşadığı əri də Ədilənin həyatındakı eyniliyin, bozluğun və boşluğun içindədir. Ədiləni darıxdıran, ancaq dilinə gətirmədiyi əsas səbəb isə təkcə küçənin, səkinin, binaların, tinlərin, sifətlərin eyniliyi deyil. Əxlaqi yoxsulluğun, düşüklüyün, mənəvi boşluğun eyniyyətidir.

Ədilənin ətrafında insanları dünyaya bağlayacaq ideal yoxdur, onlar xırda arzularla, bayağı hisslərlə yaşayırlar. Ədilənin əri yetmiş bir lotereya alıb, ürəyinə bu lotereyalardan birinin maşın udacağının damdığını deyir və belə düşünür ki, bununla onların həyatında hər şey düzələcək.

Ədilə iş həyatında hər gün poçt şöbəsindəki 3 nömrəli pəncərənin arxasında oturub, ünvansız məktub gözləyən insanlarla ünsiyyətdə olmaq, onlardan eyni sualı eşitmək, onlara eyni cavabı vermək məhkumluğu yaşamaqdadır. 

Poçt şöbəsinin rəisi, əsl adı Alməmməd Gülməmməd oğlu olan Yoldaş Tək Ədilənin sifətindən bezdiyi insanların başında gəlir. O, pensiya yaşı yaxınlaşdığına görə hər gün Ədiləyə yaltaqlanır, belə düşünür ki, Ədilənin əri onun daha yüksək pensiya almasına yardımçı ola biləcək.

Poçt şöbəsinin əməkdaşı Babanın işi, Yoldaş Təkin replikası ilə desək, “şeyi zad eləməkdir” - fasilə vaxtı qapını bağlayıb, fasilə qurtaranda açmaqdır.

Ədilənin rəfiqələri Züleyxa ilə Gülzar da mühitin cızdığı çevrədən kənara çıxmaq həvəsi və arzusu olmayan insanlardır. Hər halda, Ədilə onları belə tanıyır.

Belə bir rəngsiz və cılız mühitin içində Ədilə özünü bəxtindən yarımış hesab edə bilmir. Hər gün poçt şöbəsində özünə aid arakəsmənin nömrəsini bildirən “3”ün qaraşısına “1” yazır – nəhs rəqəmi özünün taleyi ilə əlaqələndirir, bunu “taleyinin rəmzi” kimi mənalandırır. Yoldaş Tək rəhbərlik elədiyi idarədə onun bu cür bədbin əhval-ruhiyyə yaratmasına qəti qadağa qoyur: “Mənim rəhbərlik elədiyim müəssisədə bədbinlik? Bir də bu hərəkət təkrar olunsa, töhmət verəcəm!”

Yoldaş Tək özü də yaxşı bilir ki, bu qadağanın heç bir mənası yoxdur.  Həyat öz eyniyyəti içində əriyib gedəcək...

Ədiləni bu eynilikdən, rəngsizlikdən qurtara biləcək yeganə qüvvə isə onun xəyalları və daxili səsidir. Ədilə  adilikdən, naqislik içində yaşamaqdan darıxır, mənəvi azadlığa can atır. Qartal kimi yüksəklərdə uçub beş il ömür sürməyi leş yeyən qarğa kimi yüz il yaşamaqdan üstün hesab edir. O, rahat, sakit, standart həyatla barışa bilmir.

Ədilənin dramını daha da gərginləşdirən ətrafında öz içini tökməyə, dərdləşməyə layiq insan görə bilməməsidir. Çünki insanların yaşadıqları həyatla daxili aləmləri arasında keçilməz sədlər var və həmin sədlərin arxasında olub-bitənləri kiminsə görməyini heç kəs arzulamır. İdarədə işçilərə bədbin əhval-ruhiyyə ilə yaşamağı qadağan eləyən Yoldaş Tək (Alməmməd Gülməmməd oğlu) müharibədən qaçmış miskin fəraridir, onunla bir yerdə poçtda xidmət eləyən, qızların geyimini və davranışını “qeyrətinə sığışdırmayan” Baba məsciddə mürdəşirlik edir və ölüləri soyur, hər gün Ədilə ilə laqqırdı vurmağa gələn rəfiqələrindən biri arzulamadığı uşağı xaric eləmiş qatil, o biri anasını təhqir edən nankordur...     

Xəyanət, fərarilik, oğurluq, qatillik, nankorluq kimi ümumbəşəri günahlara bulaşan və üfunət qoxuyan mühitdən təcrid olunmağın, bu mühitlə araya məsafə qoymağın yeganə yolu isə xəyallara qapılmaq, özünü xəyalların ixtiyarına buraxmadır. Öz içinə çəkilərkən gözündə və ya fikrində qara geyimli skripkaçı canlanan Ədilənin xəyal dünyası onun özünün yaratdığı Kişi ilə dialoqda daha qabarıq şəkildə ortaya çıxır. Xəyalındakı Kişi onu nadürüst mühitdən uzaqlaşdırır. Xəyal dünyasında şəhər üfunətini kəklik otunun sərt qoxusu əvəz edir. Ədilənin mənən çürümüş mühitdən ayrılaraq xəyalında qovuşmaq istədiyi məkanın isə bu gün həm ədəbiyyatımızın tarixi, həm də dövlətimizin və millətimizin mövqeyi baxımdan daha böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik.  Bu əsəri yazarkən Elçin müəllim tarixi qeyli qabaqlamışdı:

“Ə d i l ə. ...Şuşaya gedək... Cıdır düzünə. İstəyirsiniz İsa bulağına. Yox, Cıdır düzünə... Qoy kəklik otunun iyi burnumuzu deşsin, eybi yox, tab gətirərik. (Gülür.) Daşaltına baxarıq... Qoy gözlərimiz qaralsın, biz heç nədən qorxmuruq. Lap istəsəniz, Qırxpilləkanla aşağı düşərik... Biz uşaqlıqda həmişə yayları Şuşaya gedərdik. Onda atam sağ idi... Mən də qayğısız, azad bir qız uşağı.... Cıdır düzünə gedib dağlara baxardım, arzulardım ki, tez böyüyüm, bu dağların qarşısında, bu təbiətin qarşısında qadir olum, ürəyi sevgi ilə dolu olum, qucaqlayım bu dağları, sevincimi bölüşüm kiminləsə... İndi isə... İndi isə yenə uşaq olmaq istərdim...”  

Rəngsiz həyatın boğub özündən uzaqlaşdırdığı, arzuları ürəyində qalmış bir qadının xəyalında canlandırdığı aləm, rənglərə sığmayan Şuşa aradan təxminən 20 il keçəndən sonra Azərbaycanın tale məsələsinə, azərbaycanlıların ölüm-olum sualına, şərəf və milli heysiyyat timsalına çevriləcəkdi. Əsərin remarkasından oxuduğumuz kimi, Ədilə 1970-ci ildə Bakı şəhərində “Poçt şəbəsində xəyal”a qapılanda hələ Şuşanın işğalına 20 ildən çox qalırdı...

Ədilənin Şuşa xəyalı tarixə bu günün səviyyəsindən baxanda indi yazıçının ictimai narahatlığı, tarixi prosesləri öncədən görməsi, gələcəklə bağlı xəbərdarlığı kimi də mənalandırıla bilər. Ədilənin öz mühitindən təcrid olunması, yoldaş təklər aləmində təklənməsi, cəmiyyətdə özünə yer tapa bilməməsi onun üsyanı olmasa da,  cəmiyyətə etirazı kimi başa düşülə bilər. Bu etirazın Ədilənin iç dünyasının səsləndiyi qütbündə isə Şuşa, Cıdır düzü, Qaşaltı, Qırxpilləkan var: insanla mühit arasındakı tarazlığın pozulmasının gözlə görülməyən səbəblərindən biri də doğma yurdla, ana torpaqla əlaqənin qırılmasıdır, insanın təbiətdən və başlanğıcdan qopmasıdır. İnsan öz başlanğıcından, ilkinliyindən qopduğunu hiss edəndə həmin başlanğıc xəyal dünyasına çəkilir:

Dağlar dumana qaldı,

Otu sarala qaldı.

Soyuq bulaq, göy çəmən,

O da marala qaldı...  

Əsərdə Şuşa, Cıdır düzü, Qırxpilləkan - təbiət insanı eyniləşdirən, mənəviyyatı süstləşdirən şəhər mühitinə və şəhərdəki insan münasibətlərinə qarşı qoyulub. Mühitə uyğunlaşa bilməyən insanın mənəvi faciəsinin səbəbi isə daha dərinlərdə axtarılır. Şuşanın, Cıdır düzünün havası, dağların saf suyu təbiətin, ilkinliyin, başlanğıcın ünvanı kimi təqdim olunur. İnsanların təbiətdən, ilkinlikdən, başlanğıcdan uzaqlaşması isə əbədi itkiyə çevrilir, hophop quşları barədə əfsanədə olduğu kimi, insanlar ömür boyu bu əbədi itkini axtarırlar. Elə hey bir-birinə eyni sualı verir: “Tapdınmı?”; bir-birindən eyni cavabı alırlar: “Yox!”

“Poçt şöbəsində xəyal” əsərində bir bayatı misrasında Elçinin gələcəkdə yazacağı başqa bir əsərin də sərlövhəsi özünü göstərməkdədir: “Dağlar dumana qaldı”...

“Poçt şöbəsində xəyal”ı yazandan xeyli sonra Elçin Azərbaycan ədəbiyyatının klassik irsinə daxil olacaq başqa bir hekayə yazacaqdı: “Şuşaya duman gəlib”... Bu hekayədə Mədinə adlı bir qadın obrazı var. Mədinə hekayənin əsas qəhrəmanı deyil. Ancaq Şuşaya yay istirahətinə gəlmiş bu qadının da taleyində və xarakterində Ədilə ilə oxşar cizgilər tapmaq mümkündür. Kislovodsk, “Xram Vozdux”, “Zamok” – bunlar Ədilənin xəyalından keçən istirahət yerləridir. Mədinə isə daha uzaqlara gedib, Çexoslavakiyadakı Karlovı-Varıda, Bolqarıstandakı Qızıl Qumda istirahət edib, Fransanın cənubunu, Nitsanı gəzib. Amma o yerlərin heç birinin nə özü, nə də havası Şuşa ilə müqayisə oluna bilməz. Onun Şuşa haqqında düşüncələri Ədilənin xəyalını tamamlayır: “Mədinə xanım bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı təmizlik, saflıq da insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır, insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır; adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər şeyi unudur, bütün qayğıları, pislikləri, iztirabları və bütün ətrafı, bütün münasibətləri qatı rənglərlə, qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür”.

“Poçt şöbəsində xəyal”da Ədilə də xəyalən Şuşada olarkən ölüm və əbədi yaşamaq haqqında düşünür. Onun həyatında ən əhəmiyyətli hesab etdiyi hadisə, özünün dediyi kimi, ölümü dərk etməsidir: insan xoşbəxt də olsa, bədbəxt də olsa, mənası yoxdur – həyatın axırı ölümdür.

“Poçt şöbəsində xəyal”da Ədilə ilə onun xəyalının - Kişinin həyatın mənası haqqında mülahizələri bu əbədi mövzuya əks bucaqlardan baxış kimi maraq doğurur. Ədilə üçün həyat ona görə mənasızdır ki, onun içində  yoldaş təklər, babalar, Ədilənin rəfiqələri kimi bədbəxtlər, Ədilənin özü kimi arzusuz insanlar yaşayır.

Kişi - Ədilənin xəyalı isə həyatın mənasını yoldaş təklərdən, ədalətsiz adillərdən, arzusuz, idealsız, düşük insanlardan deyil, həyatı hörmətə və dəyərə mindirən şərəfli və ləyaqətli insanlardan soruşmağın lazım olduğu fikrindəndir. Bu cür insanlar isə o qədər də uzaqda deyil. Onlardan biri Ədilənin müharibədə həlak olmuş atasıdır. “Biz ondan soruşardıq ki, hərgah hər şey bu qədər boş və mənasızdırsa, nə üçün siz, otuz beş yaşlı cavan bir kişi müharibədə həlak oldunuz?”

Ədilənin daxilində səslənən Kişi ona həyata qoşulmağı təlqin edir. Əslində, bu, mənəvi ölümdən qurtulmaq üçün Ədilənin öz-özünə təlqinidir: “...hər tərəfdə həyat davam edir və bu həyat sevincləri ilə, kədərləri ilə bərabər maraqlıdır, zəngindir, amma sizin yanınızdan ötüb gedir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz, çünki əslində siz faciəli tənhalıqda deyilsiniz, siz adicə olaraq tənhalıq idilliyasına qapılmısınız”... 

Ədilənin içindəki tənhalıq idilliyasından kənarda olan həyatsa ucsuz-bucaqsızdır və Ədilənin özünü, müasirlərini, eləcə də bizi, bütün insanları daim mübarizəyə çağırır. Bu çağırış Elçinin bizə ilkinliyimizin rəmzi kimi tanıtdığı Şuşa işğal altında olduğu illərdə daim qulaqlarımızda səsləndi: 

Başım cəllad əlində,

Dilim səni haraylar...

Bir millət kimi bizim şərəf rəmzimizə çevrilən Şuşanın başı cəllad əlində olduğu illərdə Xalq yazıçısı Elçin Şuşanın səsinə "Qarabağ şikəstəsi" və "Bayraqdar" kimi maraqlı əsərləri ilə səs verdi.

İnanırıq ki, azad Şuşamızın azadlıq dastanını, Şuşanı azadlığa qovuşduran qəhrəman insanların həyat yolundan bəhs edən əsərləri də Elçin müəllim yaradacaq.