Aida Adıgözəl : - Məchullara

Ədəbiyyat 08:00 / 20.09.2024 Baxış sayı: 118

 

Səni də yola saldım payızın bu ilk günü...

Gedənlər ürəyimdən qatar yolu salınca.

Kimlərə əl yellədim, sinəmdə dərd düyünü,

sən də onlardan biri, su da atdım dalınca.

 

Bəlkə çoxdan yatmısan, məndən xəbərin yoxdur,

sənə kiçik sirr açım, yaxşı düşdü yadıma.

Bilirsən, ayrılığa səbəb, bəhanə çoxdur,

təkcə şəkillər sadiq, xain çıxmaz adama.

 

İndi bir az kövrəyəm, bu gün lap çox ağladım,

bir az başım fırlanır. Qan şəkərimdi, düşüb.

Bir az irəli geri, olanı varaqladıım,

zamandı da, nə cürsə azca geri sürüşüb.

 

Çəhrayı donum vardı, ilk baharda almışdım,

demişdim ad günümdə Şuşada geyinəcəm.

Getmədim o görüşə, nəsə işim çıxmışdı,

- ay allah, indi geysəm, yox e pis görünəcəm?!

 

Gecənmi xeyrə qalsın, yuxunmu şirin olsun?!

Nə cürə əzizləyim, hirsimdən karıxmışam.

Bilirsən dəlisovam, deyim yadında qalsın,

baxma küsüb getməmə, mən çoxdan darıxmışam...