Xanım İsmayılqızı : - Canının ağrısı tutar qəfildən...

Ədəbiyyat 21:02 / 19.09.2024 Baxış sayı: 106

Canının ağrısı tutar qəfildən,

Oyanarsan, əlin belində qalar.

Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi telində qalar.

 

Göz yumarsan, səni yuxu aparar,

Bir doğma səs yenə çağırar səni.

Baxarsan ki, anan durub həyətdə,

Qaçarsan üstünə, aparar səni.

 

Aparar atanın olduğu yerə,

Özünü qoynuna itələyərsən.

Ayağı altından torpaq götürüb,

Qartopu əvəzi kündələyərsən.

 

Dilin topuq çalar, barmaqlarının

Uzunluğu örtər qum qapısını.

Təpədən-dırnağa tozun içində,

Göyə tullayarsan qum topasını.

 

Atanın qaşları düyün bağlayar,

Ananın gözünü yaşa çəkərsən.

Həmişəki kimi bir sual gələr...

- Ay bala, hələ də böyüməmisən?..

 

Küləyin əlində qum dənələri

Fırlanar, dolanar, göylərdən enər.

Başına, gözünə, üzünə dəyib,

Düşüb bapbalaca otağa dönər.

 

Əllərin, böyüdən əllərdən qopar,

Bu təzə mənzilə doğru qaçarsan.

Üstündən bir ovuc torpaq götürüb,

Bir də yumurlayıb göyə atarsan.

 

Qayıdıb bəxtini örtər dənələr,

Dönüb görərsən ki, hamı yox olub.

Ağappaq köynəyin sıxar boynunu,

Səsin də kəsilər içinə dolub.

 

Üzünə şillələr dəyib çatlayar,

Deyərlər - qayıtmaq arzusu yoxdu...

Hardansa bir soyuq kəlmə açılar

- Bu uşağın alın yazısı yoxdu...

 

Sancının içində çapalayarsan,

Ayılıb, bayılıb, yıxılıb, durub...

İşıqları sönən səs eşidərsən,

- Bu ki, canlı deyil, ölü doğulub...

 

...Canının ağrısı tutar qəfildən,

Oyanarsan, yükün belindən düşər...

...Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi əlindən düşər...

2017.