Ayaz Arabaçı· - Arzular can verir

Ədəbiyyat 11:52 / 02.03.2026 Baxış sayı: 489

 

Nərgiz ətirli bahar dayanıb astanada,

Amma mən kədərliyəm..

Nərgiz ətirli bahar dayanıb astanada,

barmaqları qapımın dəstəyində..

Mən çölə boylanıram bir udum

bahar havası istəyində.

Soyuq havaların ürəyi üzülür..

Pəncərəmdən gün işığı süzülür,

Amma bu işıq

qəlbimin divarlarına düşüb

xəstəxana dəhlizlərinin rəngini xatırladır.

Sarı-solğun..

Nərgiz ətirli bahar dayanıb astanada,

Amma mən kədərliyəm..

Qan qoxuyur dünya.

Başımı dik tuta bilmirəm, sevinclə uda bilmirəm

Bu bahar havasını,

Uda bilmirəm

insanlığın utancından.

Ən yekə şahlar gözümdə yıxılır

taxtından-tacından!

Çöldə ağaclar tumurcuq açır,

Tumurcuq-tumurcuq balalar ölür,

İndi ölümlər

bir xəbərdir sadəcə qəzetlərdə, saytlarda,

ekranlarda.

bir neçə saniyəlik sarsıntıdı uzaq başı..

Sonra da reklam fasiləsi.

Mən kədərliyəm...

Bahar dayanıb astanada..

Göz yaşlarım düyünlənib gözlərimdə,

Arzular can verir

dünya adlı xəstəxanada..