Nüsrət Kəsəmənli - SƏNİ UNUTSAM...

Gündəm 10:51 / 24.02.2026 Baxış sayı: 473

 

Mən səni unuda bilmirəm axı,

Unutsam, nələri unudam gərək,

Göylərə baxmışıq aylı gecədə,

Unutsam göyləri unudam gərək.

 

Dənizi unudum, ya dalğaları?

Xatirən yadımdan çıxaydı barı.

Payızda xəzanı, qışdasa qarı,

Baharda gülləri unudam gərək.

 

De, necə unudum mən səni, necə?

Sevgi durna deyil, payızda köçə,

Yuxuma gəlirsən mənim hər gecə,

Ayları, illəri unudam gərək.

 

Sənin xəyalındır həsrətlə baxan,

Adındır hər saat qarşıma çıxan,

Qarışıb şəklinə gözümdən axan,

Yağışı, selləri unudam gərək.

 

Sinəmdə peşiman ürəyin qaldı,

Uçdun, əllərimdə lələyin qaldı,

Nələri itirdim, bax, nəyim qaldı?

Nələri, nələri unudam gərək…