İdris Babayev
Suyun da qiyməti artıdı ikiqat,
Heç nəyi satmayın su qiymətinə.
Hörmətdən, izzətdən salın milləti,
Qoy çatsın düşmənlər öz niyyətinə.
Kim haqqı söyləsə, kəsin dilini,
Qaldırın qiymətin qazın, çörəyin.
Hava yaddan çıxıb, qalıb limitsiz,
Kölgədə saxlayın zülmün fələyin.
Sayğac yerləşdirin, siz bu millətin,
Ağzına, burnuna, lap gözünə də.
Dözməyib səsini qaldıranların,
Limit tətbiq edin, lap sözünə də.
Bu millət o qədər dözümlüdür ki,
Dözəcək hər cürə Allahsız zülmə.
Canını sizlərdən kim qurtararsa,
Xoş gəldin deyəcək vaxtsız ölümə.
Qurun hər küçədə bir dar ağacı,
Hər on beş nəfərdən asın birini.
Kiminsə bəxtindən qırılsa kəndir,
Şərləyin, bilməsin heç kəs sirrini.
Narahat olmayın bu millət üçün,
Təki siz yaşayın kefdə, damağda.
İdris qanmır hələ bu yazdıqları,
İcrasız fərmantək qalar varağda.
22.02 2026