Rəfail Tağızadə - Gündüzlər gecədən ələnib keçir

Gündəm 11:05 / 18.02.2026 Baxış sayı: 488

 

Susan məhəbbətin alt yaddaşında

hər an oyanacaq ocaqları var.

Sevincə həsrətli hissin, duyğunun

təzədən qol açan qanadları var.

 

Sən ha gizlətsən də, yavaş desən də

gündüzün səsləri gecədən gəlir.

Evin dərdlərini divar saxlamır,

sədası qonşudan, küçədən gəlir.

 

Dünya fırfıradı bir oxun üstə

gündüzlər gecədən ələnib keçir.

Bu gündən sabaha ümid daşıyan

ömrümüz yuxuya bələnib keçir.

 

Sevincdən gözləri alışıb yanan

yüz eşqin dərdləri bir ah içində.

Nə qədər qaçsaq da yaşadıq yenə

gecəli, gündüzlü günah içində.