Ramazan ayının başlaması ilə bağlı fətva verildi

Gündəm 12:25 / 17.02.2026 Baxış sayı: 949

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Yenises.az xəbər verir ki, fətvada deyilir:

"Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

Ramazanda Allahın kəlamlarını zikr etmək, elm-irfan və ibadətlə məşğul olmaq, ehtiyacı olanlar üçün iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır.

Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin".

Qazılar Şurası din xadimlərinin və yerlərdəki imamların nəzərinə çatdırıb ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin:

"Din xadimlərimiz bu ay ərzində moizə və xütbələrində Vətən torpağının mübarəkliyi, şəhidlərimizin qəhrəmanlıqlarını, ucaldıqları mənəvi zirvəni dindarlara ən yüksək səviyyədə aşılasınlar, Böyük Qarabağ Zəfərindən sonra dövlətimizin bölgədə və beynəlxalq müstəvidə sülh quruculuğu yolunda dəyərli səylərini, milli-mənəvi irsimizin dirçəldilməsi yönündə misilsiz işləri, müstəqil dövlətçiliyimizin uğurlarını dindarlara ətraflı çatdırsınlar. Həmçinin, bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər".

Qeyd edilib ki, bu il Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür:

"Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: "Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir" – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir. Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur".

Fətvada vurğulanıb ki, Ramazanda suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə işlər həyata keçirən dövlət başçımız, Zati-aliləri Prezident İlham Əliyev cənablarına, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Qadir Allahdan duamız budur ki, ölkəmizi və xalqımızı, müdrik dövlət başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası olaraq Ramazan və Novruzun mübarək qədəmlərinin xalqımız, dövlətimiz üçün uğurlu olmasını diləyirik. Uca Rəbbimiz bu mübarək ayın fəzilətlərinə xatir oruc və ibadətlərimizi qəbul etsin".