Arzu Əsəd - Öndə də, arxada da Vətəndir!
Cəmiyyət qarşılıqlı anlaşılan məntiqi söz üzərində bərqərardır. Sözün əhatə dairəsinin daralması ictimai münasibətlərin dağılmasına aparır. Cəmiyyətin inkişafını, bununla da, varlığını şərtləndirən qarşılıqlı ünsiyyət bir tərəfdən həddini aşan söyüş və təhqirə, digər tərəfdən də qorxu və cəzaya dirənməkdədir. Bu daxili maneələri yolun üzərindən götürüb bir kənara atmaq lazımdır. Hakimiyyət ilk addımı atıb. İctimai rəyi öyrənən Zahid Orucun idarəsini ləğv etməklə cəmiyyətə mesaj verir ki, mənə bu günə qədər cəmiyyətin hiss və düşüncələri təhrif olunmuş şəkildə çatdırılıb. İlk baxışda kiçik görünsə də, bu addım yüksək qiymətləndirilməlidir. Buna cavab olaraq müxalifəti təmsil edən qüvvələr də mesajı aldıqlarını göstərən addımlar atmalıdırlar. Bu addımlar ultimatum şəklində qoyulan şərtlər olmalı deyil.
Hakimiyyətin hansısa təzyiq altında mütərəqqi addımlar atdığını göstərmək kimi qeyri-rasional davranışlar edilməməlidir. Hakimiyyətin qüruru qorunub saxlanılmalıdır. Konstruktiv xarakterli müxalifət və orta mövqe tutmağa çalışan mətbu orqanları xaricdəki mühacirlərlə təmasa girərək söyüş ritorikasının dayandırılmasına çalışmalıdırlar.
Azərbaycanın ağıllı adamları başa düşməlidirlər ki, indi nə hakimiyyətə yaltaqlanmaq vaxtıdır, nə də söyüş müxalifətini qızışdırmaq vaxtı. Ölkə prezidenti də müxtəlif mövqelərə gətirib çıxardığı adamlardan boş sözlər yox, əməli iş gözləyir. Qarabağda, Zəngəzur dəhlizində olduğu kimi cəmiyyətdə də tərəflər, insanlar arasında yollar, körpülər salınmalıdır. 300 illik amansız düşmənlə dil tapıb sülhə, barışa gələ biliriksə, qanı qanımızdan, canı canımızdan olan bir-birimizlə dil tapa bilməyəcəyik? Sözün min cür üzü, rəngi, çaları var. "Ho" var dağa çıxarar, "ho" var dağdan düşürür. Günümüzün Azərbaycan ziyalıları, intellektualları qətiyyən kənarda durmamalı, mənasız xofu, komfort hissini, neytrallığı bir kənara atmalı, məhz sözün qüdrətiindən - rənglərindən, tonundan, həqiqətləri
qəbul olunacaq dərəcədə çatdıra bilmək bacarığından istifadə edərək cəmiyyətdə getdikcə pozulmaqda olan qarşılıqlı anlaşmanı, ünsiyyəti bərpa etməlidirlər. Bu günlər Azərbaycan ziyalılığının səfərbərlik günləridir.
Öndə də, arxada da Vətəndir!