Tofiq Əmrahov - Ata və oğul
(hekayə)
Uşaqlıq dostum var idi. Sözümüz, söhbətimiz bir olardı. Neçə illərdir buralarda yox idi. Başqaları kimi o da qazanc dalınca getmişdi. Özünə qismət olsun, deyilənə görə əli yaxşı gətirir. Nə mən soruşmuşam, nə də özü deməyib. Arada bir zəng edib çay içməyə dəvət edirdi...
Bu gün zəngi gəldi:
- Qardaş, hardasan?
- Gəncədəyəm, - dedim.
- Ayy, nə yaxşı. Mən də gəlmişəm Gəncəyə. Qardaş, hazırlaş, gedək kəndə. Neçə illərdir gedə bilməmişəm. Sən mənim canım, gəl, Todanımıza gedək, keçmiş xatirələri vərəqləyək doyunca...
- Yaxşı, gəl, - dedim.
Gəldi, öpüşdük, görüşdük. Mənim maşınımla gedəsi olduq. Maşının radiosunu açdım. Müğənni oxuyurdu:
Səhər açılanda uca dağlara,
Gün düşəndə anam yadıma düşdü.
Qulağıma həzin bir lay-lay çəkib,
Yetişəndə anam yadıma düşdü.
Dostumu elə bil tok vurdu. Qayıdıb dedi ki:
Deyirlər şirindir ana laylası,
Mən ki görməmişəm, nəyimə lazım...
Aşıqlı kəndinə çatırdıq. Dostum yamanca kövrəlmişdi. Üzünü mənə tutub dedi:
- Qardaş, bu mahnının sözləri məni həyatıma qaytardı. Atalı dünyama qaytardı. Heç belə kövrəlməmişdim. Sən mənim canım, maşını “Gilavar” yeməkxanasına sür. O gölün kənarında oturaq, həm çay içək, həm də tərcümeyi-halımı sənə danışacam.
Saxladım maşını. Dediyi yerə düşdük. Sakitlik idi. Qurbağaların səsindən başqa heç bir səs yox idi. Çiçəklərlə dəmlənmiş çay gəldi süfrəmizə. Bir-iki udum aldıq və...
Yadigar dostum başladı həyat hekayəsini nəql etməyə. Doğrusu, savadlı oğlan idi, natiqlik qabiliyyəti də var idi.
Deyirlər, ana laylası insan yaddaşına ömürlük həkk olunur. Mənim yaddaşımda isə o lay-lay yoxdur. Mən gecələr küləyin səsini eşitmişəm, bir də atamın yorğun addımlarını.
Uşaq vaxtı başa düşmürdüm ki, niyə evimizdə nənəmin səsindən başqa qadın səsi yoxdur. Niyə məktəbdə “Ana” mövzusunda inşa yazanda susurdum. Müəllim deyirdi, ananız haqqında yazın. Mən isə qələmimi dişləyib ağ kağıza baxırdım. Çünki yazmağa heç bir xatirəm yox idi.
Evdə iki nəfər var idi: atam və nənəm. Nənəm məni dizlərinin üstündə yatırar, dualar oxuyardı. Onun səsi lay-lay deyildi, amma qəribə bir rahatlıq verirdi mənə. Atam isə gecə yarı gələrdi evə. Əlləri həmişə sərt, barmaqları, ovcunun içi çat-çat olardı. O əllər başımı sığallayanda bilmirdim ki, o sərtliyin altında nə qədər qorxu var - məni itirmək qorxusu, məni yarımçıq böyütmək qorxusu.
Kənddə mənə “anasız” deyirdilər. O sözün nə qədər ağır olduğunu ilk dəfə deyiləndə hiss etdim. Qaçıb evə gəldim. Atam həyətdə dayanmışdı. Mən heç nə demədim, o da heç nə soruşmadı. Sadəcə əlini çiynimə qoydu. Həmin an başa düşdüm ki, mən tək deyiləm, nə də ki yetim. Arxamda dağ kimi bir adam var - Atam!
Atam heç vaxt əyilmədi. Çox qürurlu idi. Amma gecələr siqaret tüstüsünün arasından onun gözlərinin qızardığını görürdüm. O həm ata idi, həm də ana. Sadəcə bunu dilə gətirməzdi.
Bir dəfə soruşdum:
- Ata, mənim anam necə idi?
O susdu. Xeyli müddət danışmadı. Sonra dedi:
- Sənə oxşayırdı.
Bu sözdən sonra anamı sifətimdə axtarmağa başladım.
İllər keçdi. Mən böyüdüm. Amma bir şeyi heç vaxt unutmadım. Həyat atamı sındırmağa çox çalışdı, ancaq bacarmadı. Atam əyilmədi. Həmişə məni qabağa çəkib özü arxada dayanardı.
İndi o vaxt mənə yazıq, anasız deyənlərə içimdə bir üsyan qalxır. Artıq mən yarım böyüməmişəm, mən ikiqat böyümüşəm. Çünki bir adam iki nəfərin yükünü çəkərək məni ayaqda saxladı. Böyütdü, özü də bütöv.
Ana laylasını eşitmədim. Amma atamın həyatı mənə daha böyük dərs verdi: kişi ağrısını bağıraraq yox, dayanaraq daşıyır.
İndi anlayıram - mənim uşaqlığım yarım deyildi. Sadəcə başqa cür idi. Və mən fəxrlə deyirəm: mən atamın oğluyam.
Axşam kəndin üstünü çən bürüyürdü. Atam həyətimizdəki qoca tut ağacının altında, taxtın üstündə oturmuşdu. Əlləri dizlərinin üstündə, baxışları isə uzaqlarda. Sanki dağların arasında gizlənmiş bir keçmişi axtarırdı.
Oğul isə ata sözünə baxmayaraq şəhərə gedib, indi də peşman olub geri qayıtmışdı.
Gəlmişdi oğul... amma necə danışacağını bilmirdi.
- Gəldin?
- Gəldim, ata!
Sükut. Uzun, ağır, nəfəs kəsən bir sükut. Bu sükut illərlə yığılmış inciklik idi. Oğul şəhərə gedəndə atasının sözünə məhəl qoymamışdı.
“Kənddə qal, varımıza, dövlətimizə sahib çıx”, - demişdi ata.
O isə: “Mənim yolum başqadır”, - deyərək çıxıb getmişdi.
Ata torpağa bağlanmışdı, oğul isə xəyallara.
- Ata... - nəhayət oğul dilləndi: - Mən səni eşitmədim, səhv etdim.
Ata dərindən nəfəs aldı:
- Səhv? Səhv insanın getməsi deyil, oğul. Səhv geri qayıtmamağıdır.
Oğulun gözləri doldu:
- Mən qayıtmışam axı!
Ata bu dəfə başını qaldırdı. Baxışlarında sərtlik yox, yorğunluq var idi:
- Bədən qayıdıb, oğul. Bəs ürək?
Bu söz oğulu sarsıtdı. O, atasına yaxınlaşdı. Uşaq vaxtı qorxanda necə atasının dizlərinə başını qoyurdusa, indi də eyni istəklə etdi.
- Mən səni anlamamışam, ata...
- Mən də səni... - astaca dedi ata.
Və ilk dəfə idi ki, bu etiraf aralarındakı divar yox, körpü qururdu.
Ata əli ilə çarpayıya işarə etdi:
- Otur!
Oğul oturdu.
Ata yavaş səslə dedi:
- Bilirsən niyə sərt idim? Çünki qorxurdum. Səni itirməkdən qorxurdum. Ananı itirəndən sonra nənəni də itirdim.
Oğul ilk dəfə idi ki, atasının qorxusunu görürdü.
- Mən də qorxurdum, ata... Sənin kimi ola bilməməkdən.
Ata acı-acı gülümsədi:
- Mənim kimi olma. Özün ol. Amma kökünü unutma.
Külək tut ağacının saralmış yarpaqlarını yerə səpələyirdi.
Səhər kəndə qəribə bir xəbər yayıldı. Atam illərlə qoruyub saxladığı torpağı satmaq qərarına gəlib.
- Ata, sən illərlə qoruyub saxladığın bu torpaq üçün yaşamısan. Bəs indi niyə?
Ata sakit idi:
- Çünki torpaq adam üçündür, adam torpaq üçün yox.
- Amma sən deyirdin kökümüz buradadır...
- Kök torpaqdan olmur, bala. Kök insanın içində olur.
- Mən şəhərə gedəndə məni qınayırdın, indi özün gedirsən?
Ata ilk dəfə idi ki, oğluna sərt baxdı:
- Mən qaçmıram, mən azad edirəm dedi.
- Kimi?
- Səni!
Mən donub qaldım. Atam davam etdi: - Sən həmişə elə bilirdin ki, mən səni burada saxlamaq istəyirəm. Yox, sadəcə qorxurdum. Amma insan qorxusunu övladının boynuna yükləməməlidir.
.......
-Torpağı satıram ki, sən öz yolunu vicdan əzabı olmadan gedə biləsən. Düşünməyəsən ki, atam tək qaldı deyə sən günahkarsan.
Mənim səsim titrədi:
- Bəs sən?
Atam yavaşca dedi:- mən? Mən artıq ömrümü yaşamışam. İndi sən yaşa...
Mən bir addım geri çəkildim: - Mən torpağı satdırmağa qoymayacağam.
- Niyə?
- Çünki mən artıq qaçmaq istəmirəm.
Elə bil mən də bu ata oğula şahidlik edirmişəmmiş.
Dostum danışdıqca özümü bu həyatın içində hiss edirdim.
Ata ilk dəfə çaşdı:
-Nə danışır bu?
-Mən qalmaq istəyirəm. Amma məcburi yox, seçimlə.
ATA uzun müddət oğluna baxdı. Bu baxışda illərin sərtliyi yox idi, fəxarət vardı.
- Deməli sən artıq kişisən?
Oğul başını aşağı saldı: -Mən həmişə sənin kimi ola bilməməyimdən qorxurdum, Ata!
Ata yaxınlaşıb əlini oğlunun çiyninə qoydu - mənim kimi olma demişdim. Amma baxıram ki, kişi olmaq başqa şeydir.. kişi qorxusunu hiss edən də adamdır.
Həyətdə külək qalxdı. Quru yarpaqları torpağın üstündə fırladırdı.
Bu dəfə ata ilə oğul qarşı-qarşıya yox, yanaşı dayanmışdılar.
Torpaq isə satılmadı.
Amma, o gün başqa bir şey dəyişdi; Ata oğlunu azad etdi. Oğul isə qalmağı özü seçdi.
Gecənin səssizliyi kəndin hər küncünü bürümüşdü. Ata yatağında uzanmış, əllərini bir- birinə keçirmişdi..
Oğul isə başı ucunda oturmuş, atasının nəfəsini dinləyirdi.
-Oğul...atanın səsi titrəyirdi- Mən bilmirəm sabah olacağammı...amma sənə deyəcəklərim var. Oğul başını dikəldib diqqətlə qulaq asdı.
-Vəsiyyətim...-ata dərindən nəfəs aldı. Torpağı satmaqdan daha vacib bir şey var. Mənim xatirəm...və qəlbim.
Oğul çaşdı.
- Ata...
- Dinlə bala! -Səni şəhərə göndərmək istədim ki, həyatını qurasan. Amma kənddə qalan hər daş, hər cığır mənim həyatımın bir hissəsi oldu. Bunları yalnız torpaq kumi yox, xatirə kimi qoruyarsan.
Söz verirəm Ata!
- Ata əllərini oğlunun əlinə qoydu. - Amma... - səsi daha da zəiflədi. - Əgər bu gün mən yox olsam, torpağı satma. Torpağın hər qarışı ailəmizin tarixidir. Ona görə onu qoruyacaq adam səndən yaxşısı ola bilməz.
Oğul başını əydi. Göz yaşları yanaqlarını islatdı.
- Ata...
- Mənə söz ver... Səninlə qalacaq bir şey var: namus, sevgi və hörmət... Bunları heç vaxt satma, oğul...
Atanın səsi xırıltıya çevrildi. Oğlu əllərini atasının üzünə gətirdi, gözləri doldu.
- Söz verirəm, ata... Sənin kimi olacağam... Amma sənin yükünü yox, xatirəni daşıyacağam.
Ata sakitcə gülümsədi. Oğul hiss etdi ki, bu gülüş həm son, həm də əbədi bir izdir.
Gecə boyunca ata və oğul bir-birinə baxaraq sakitcə oturdular. Hər söz vəsiyyət kimi qəlblərinə həkk olunurdu. Səhər açılar-açılmaz ata artıq əbədiyyətə qovuşmuşdu. Amma onun vəsiyyəti, sözləri və sevgisi oğlunun qəlbində canlı idi.
Oğul isə tək deyildi - atasının izini, yolunu daşıyırdı...
Oğul yavaş-yavaş torpağa yaxınlaşdı. Hər addımda ayaqlarının altında torpaq danışırdı sanki. Məzarın başına gəlib dayandı. Gözləri yaşla dolmuşdu, amma səsi sakit və qərarlı idi:
- Ata... Sən getdin. Amma burada mənimlə birlikdəsən... Hər daşda, hər küləyin vıyıltısında səni eşidirəm.
Oğul diz çökdü, əllərini torpağa qoydu.
- Söz verdim... Sözümü unutmadım. Torpağı satmadım. Xatirələrini qorudum. Ancaq indi anlayıram ki, sən mənə yalnız torpaq yox, həyatın özünü, sevgi və hörməti öyrətmisən...
Oğul bir anlıq susdu. Hər nəfəsi sanki atasının nəfəsini xatırladırdı.
- Ata... Mən qorxularımı sənə açmaq istədim. Sən mənə demişdin ki, kişi qorxusunu etiraf edən adamdır. İndi bilirəm... Mən kişi olmağa başladım. Amma kişi olmaq yalnız gücdə deyil, vicdanda da olur. Sənin vicdanını, sevgi və namusunu daşımaqla öyrənəcəyəm bunu.
Oğul başını qaldırıb asimana baxdı.
- Mən indi tək deyiləm, sən mənimləsən. Hər qərarımda, hər addımımda sənin səsini eşidirəm. Ata... Mən burada dayanıram və söz verirəm: xatirən, sevgin mənimlədir əbədiliklə...
- Ata... İndi səni əslində tərk edirəm, amma ürəyimdə daşıyıram. Sənə rəhmət diləyirəm... Ruhun şad olsun. Mənim üçün etdiyin hər şeyi bağışla, mənim nöqsanlarımı, səhvlərimi bağışla...
Oğul məzar torpağını yavaşca öpdü, əllərini çarpazladı və göz yaşları axaraq sifətini islatdı.
- Rəhmət səninlə olsun, ata! Sənin xatirən, hikmətin mənimlə əbədidir. Səni unutmaram heç vaxt, heç vaxt.
Oğul başını qaldırıb yavaş-yavaş geri çəkildi. Səssizliyin içində torpağın üstündə yalnız ruzigarın səsi vardı. Amma o səs indi qoruyucu bir nəğmə kimi oğulun qəlbində çalırdı - atasının zəhməti və sevgisi ilə dolu...