NİGAR - CƏNNƏTƏ GEDƏN YOL

YAZARLAR 20:32 / 24.02.2026 Baxış sayı: 439

 

Yenə yuxu görürdü və bu yuxuda gördüyü heybətli alov, zülmət gecə kimi qara, qatı tüstü burumlarına qarışaraq göylərə yüksəlirdi. Səngimək bilməyən göy gurultusu tək şaqqıldayaraq atəş səsləri bu nəhəng alovun dəhşətini bir az da artırırdı. Bu qorxunc alovun dözülməz istisini üz-gözündə hiss edərək köksünü parçalayan bir ağrı içində, yuxuda olsa belə ağlından keçirdi ki, bu od-alovun içində, bu top-tüfəngin altında Gülgəz iki balasıyla birlikdə necə sağ-salamat qala bilərdi? Bu fikrin dəhşətindən elə hövlləndi ki, bağırmaq, haray salmaq istədi. Ancaq  səsi çıxmadı. Bu an gözü önündə böyüyən alovun içindən bir qadın sıyrılıb çıxdı. Və onun görünməsiylə bir ətrafa ürək parçalayan bir çığırtı yayıldı:

 – Murad hey! Fuad hey! Hardasız?

Mənim səsimi eşitmirsiz? Axı indi yanımda idiniz! Mənəm, ananızam! Qorxmayın, yanıma gəlin, körpə balalarım! Yalvarıram, yanıma gəlin!

Deyəsən, qadının taqəti kəsildi. Yanan adamın üz-gözü tək əzabdan tanınmaz hala düşmüş sifətində dəhşətlə baxan gözləri hərisliklə dörd bir yanı axtardı. Əlini yerə dirəyib yıxıldığı yerdən birtəhər qalxdı və ora-bura qaçmağa başladı. Bu dəfə də deyəsən qaçmağa gücü çatmadı və köksündən fəryad dolu çığırtı qopdu:

– İmran, ay İmran, hardasan? Niyə gəlib çıxmırsan? Axı, sən çörək dalınca, su dalınca getmişdin? Necə oldun bəs? Suda batdın, yoxsa bu odda yanıb külə döndün.

Çox danışmağa yenə gücü çatmadı, ancaq susa da bilmədi, dodaqlarından iniltiyə bənzər qırıq-qırıq səslər qopdu:

– Kaş elə suda bataydın, odda yanıb külə dönəydin, İmran! İndi yox, çoxdan, qeybə çəkilib həyatımdan çıxaydın! Sənə inanıb iki körpə balamın əlindən tutub bu qan ocağına öz ayağımla gəlməzdim. – Hansı bir qüvvəysə yenə onu yerindən qoparıb irəli atdı və dəlilərə  məxsus bir çılğınlıqla güldü:

– Ay kafir, sən cənnət istəyi ilə gəlmişdin axı! Hanı sənin cənnətin? Cavab ver alçaq, iki körpə balasını odun-alovun içinə atan bir kafirə cənnətdə yer varmı?

Qadın dizi üstə çöküb əllərini göyə açdı:

– Bağışla məni, Allahım, bağışla. Keç günahımdan. Mən dinsiz-imansız ərimə, bizi yoldan çıxaran Vahab adlı o şeytana qoşulub atamı-anamı, elimi-obamı atıb bu qan ocağına gəldim. Yox, keçmə günahımdan, al canımı, cəhənnəmə göndər! Amma günahsız körpələrimə rəhmin gəlsin! Biz onlara sahib çıxa bilmədik. Sən o günahsız körpələri qoru, onların yerinə mənim canımı al. Ancaq balalarımın yoluna bir rəhimli adam çıxar ki, qoy onlara sahib çıxsın. Məni də, onların atasını da göndər cəhənnəmə. Eşit məni, Allahım, eşit məni! Balalarımı qoru!

Bu elə bir fəryad idi ki, Güllünü yuxudan oyada bildi. Yatdığı otağın soyuq divarları Güllünün fəryadından titrədi:

– Ay Şahbaz, balamız yandı. Gülgəz yandı. Özü də qeybə çəkilmiş balalarını, ərini çağıra-çağıra yandı. Yandı, külə döndü, Gülgəzimiz!

Arvadının çığırtısına Şahbaz yuxudan oyanıb bir anlığa yerində donub qaldı. Güllünün fəryadları otağın qaranlığında vahiməylə səslənir, ayağa durmağa gücü çatmayan kişinin beynindən keçən sözlər onu ölümcül hala salırdı:

– Bu qədər dava-dərman bada getdi. Bir xeyri olmadı Güllüyə. Heç bir ay da keçmədi. Yenə tutması tutdu bədbəxtin. Mən başıdaşdı da neynəyim, Allah. Şahbaz, ay insafsız! Hardasan? Niyə səsini çıxarmırsan? Ürəyim partladı Allah, bağrım çatladı, Allah.

Şahbaz güc tapıb ayağa qalxdı. Otaq elə qaranlıq idi ki, gözləri heç nə görmədi. Əl havasına pəncərəyə yaxınlaşıb pərdələri yana çəkdi. Açılmaqda olan səhərin şəfəqləri otağı işıqlatdı. O arvadı yatan tərəfə baxdı. Güllü çarpayının böyrünə yıxılıb, başı təzəcə kəsilmiş toyuq kimi çabalayırdı. Kişi özünə gəlib ona tərəf qaçdı:

– Güllü, Güllü, qorxma, yenə yuxu görübsən.

Güllü elə bil onu eşitmədi. Çabalaya-çabalaya gecə köynəyinin yaxasını cırıb-tökür, təntimiş halda ağzını açıb yumur, sanki havasızlıqdan boğulurdu.

– Qorxma, Güllü, toxta Güllü. Bu dəqiqə su gətirirəm, iç, ürəyin toxtasın.

O, danışa-danışa mətbəxə qaçdı və əlində su geri qayıtdı. Dizi üstə çöküb suyu arvadına içirtmək istədi, ancaq nə qədər cəhd etsə də bacarmadı. Karıxmış halda yerində çabalayan arvadına nəzər saldı və sonra soyuq-soyuq onun üz-gözünə, boyun-boğazına, cırılmış köynəyin altından görünən sinəsinə çiləməyə başladı. Güllünün çabalaması qəfil kəsildi. Əlləri boşalıb böyrünə düşdü. Sonra gözlərini açıb ərinə elə bir baxışla baxdı ki, sanki onu tanımadı. Kişi qorxu içində susub qaldı. Ürəyindən keçən fikirlər onu bu yay səhərində elə üşütdü ki, çənəsi əsdi:

– Dedim də, əgər bu qədər dava-dərman ona kömək etməsə, bu bədbəxt ya havalanacaq, ya da ürəyi partlayacaq.

Üşənə-üşənə arvadının qolundan tutub silkələdi və yumşaq səslə dilləndi:

– Qorxma Güllü, yenə yuxu görürdün?

– Yox, bu yuxu  deyildi.

Güllü fəryada bənzəyən bir səslə ərinin sözünü kəsdi:

– Hər şeyi bax, bu kor olmuş gözlərimlə gördüm. Gördüm balam o odun-alovun içində yana-yana necə fəryad edir, balalarını haraylayır, Allaha yalvarır, hamısını gördüm.

Birdən elə bil Güllüyə güc gəldi. Dikəlib yerində oturdu, dəhşətdən böyümüş gözlərini ərinin gözünə dikərək çığırdı:

– O gün də deyirdim nəvələrimi bax, o televizorda gördüm, sən mənə inanmadın. Dedin başına hava gəlib, ağlını itiribsən. Saçımı yolub tökdüm, paltarımı cırıb əynimdən çıxartdım, özümü o qədər döydüm ki, ölü kimi düşüb qaldım, amma sən yenə mənə inanmadın. Bilmirəm, sən canını mənim əlimdən qurtarmaq istəyirsən. Deyirsən, qoy çığıra-çığıra ürəyi partlasın, ölsün.

– Niyə elə deyirsən, Güllü? Mən sənin düşməninəm? Mən də sənin kimi əzab çəkirəm.

– Yox, əzab çəkmirsən? O gün deyirəm ki, Muradla Fuadı gördüm televizorda. Sən başını yelləyə-yelləyə mənə baxıb güldün.

Qəhər Güllünü danışmağa qoymadı. Cırıq köynəyinin arasından görünən sinəsini, yumruqlayaraq yenə çığırdı:

– Mənimsə bax buramda ocaq yanır, ocaq. Sənsə gülürsən. Güllünün çığırtısı hönkürtüyə  çevriləndə kişi də kövrəldi və ağlamsına-ağlamsına dedi:

– Güllü, gündə Türkiyədən nə qədər didərgin düşmüş uşaqlar göstərirlər. O uşaqlar sahibsiz uşaqlardı. Valideynlərini itiriblər.

– Mənim nəvələrim də sahibsiz qalıblar küçələrdə. Gördüm ki, Gülgəz balalarını axtarır.

Güllü bu sözləri deyəndə yenə bədəni uçunub titrədi, qurumuş dodaqları bir xeyli söz tutmadı. Handan-hana özünə gəlib dizinə döydü:

– Allah bilir, başlarına nə oyun gəlibsə, uşaqları yoxa çıxıb. Balaları yanında olsa niyə onları haraylaya-haraylaya özünü odun içinə atırdı?

– Ay arvad, ay səfeh, sən burda, qızın Suriyada. Sən axı onu necə görə bilərsən? Od-alov deyirsən ha, gündə göstərirlər də bu televizorda. Gəlib yuxuna girib də.

– Yox ey, yox, belə yuxu olmaz. Hər şeyi bax kor olmuş gözlərimlə elə aydın gördüm ki. – Arvadın səsi içindəki qəhərə tab gətirməyib qırıldı. Yenə cırıq köynəyinin yaxasını dartışdırdı:

– Allahın işidi bu. Hər şeyi agah elədi mənə, Gülgəz yoxdu bu dünyada. Uşaqları küçələrdə sahibsiz qalıb götürüb aparıblar Türkiyəyə.

Kişi fağır-fağır gözlərini döyərək arvadına baxaraq sanki nə deyəcəyini bilmirdi.

– Başımıza belə daş düşdü, Şahbaz. Vallah, and olsun Allaha, yetim balalarımı gördüm televizorda. Böyüyü Murad əl açıb, yoldan ötənlərin qabağına qaçıb dilənirdi, balacası Fuadı deyirəm, bax, bu boyda, yekə bir daş parçasının üstünə  qoymuşdu  başını. Elə yatmışdı, elə yatmışdı…

Yandı ürəyim, Allah. Soyuq daşı yastıq bilən körpə Fuadım, hey! Bir loxma çörək üçün əl açıb dilənən Muradım hey!

Bayaqdan çarəsiz bir halda yerində quruyub qalmış kişi birdən dik atıldı. Evin içində o baş, bu başa yeriyərək başını tutdu.

– Mən başıma haranın daşını töküm, Allah! Bu bədbəxt məni də dəli eləyəcək. Sonra bunun halı necə olacaq?

Gözümüzü dikdiyimiz o tək balamız kimin umuduna qalacaq?

Kişinin qan çanağına dönmüş gözləri arvadının üzünə dikildi:

– Ay itin balası, o şalvarı gödək, saqqallı alçaqlara qoşulub gedən tək sənin balalarındı? Bəsdi də, sənin əlindən qonum-qonşunun içində biabır olmuşam. Gündə həkim, sestra dalınca qaça-qaça üzümün suyu tökülüb.

– Elə bilirsən balası xəbərsiz-ətərsiz yoxa çıxanlar sakitcə oturub evində? Camal müəllimin arvadı ağlını itirib düşüb çöllərə.

– Bilirəm, bilirəm, – deyə qəzəblə arvadının sözünü kəsdi:

– Odey əl-qolunu bağlayıb atıblar xəstəxanaya. Gündə yuxu iynəsindən vururlar, sutkalarla ölü kimi düşüb qalır. Bunu istəyirsən?

– Hə, istəyirəm. Bir gün ya elə Gözəl kimi havalanacam, ya da ürəyim partlayacaq. Sənin kimi daş ürəkli olmaqdansa ölüb getsəm yaxşıdı, sənin iki balan, iki nəvən güdaza gedib. Sən nə soraqlaşdın, nə axtardın, nə polisə, nə milisə xəbər vermədin.

Deyəsən Şahbazın ayağı üstə dayanmağa gücü çatmadı, stula çöküb:

– İndiyə qədər axtarıram, soraqlaşıram, – deyib çarəsiz-çarəsiz gözünü döydü.

– Hələ polisə də getmişəm.

– Bə, mənə niyə demirsən? Hə, niyə demirsən? – Güllü təntimiş səslə dilləndi. – Bə polis nə dedi sənə?

– Nə deyəcək? Dedi günah sənin balalarındadı. Ağlı başında olan kəs hər deyilən sözə inanıb anasın, atasın, elin-obasın tullayıb gedər? Ona görə də başqa yerdə günahkar axtarma. Mən də qızışıb özümdən çıxdım. Dedim sizin deməyinizdən belə çıxır ki, mənim balalarım onların badına getsin. Mən də səsimi çıxartmayım. Nə olmuşdusa hamısını danışdım. Dedi, qardaş, sənin danışdıqların quru sözdən başqa bir şey deyil. Sözə görə kimsə cinayət məsuliyyətinə alınsa yer üzündə adam qalmazdı ki. Sənin əlində bir sənədin, sübutun yoxdu, cəzadan, nə bilim, nədən danışırsan. Bir də ki, deyirsən qızım, o gecə uşaqların bizdə idi. Səhər durduq gördük yoxdu, çıxıb gediblər. Elə bir ay bundan əvvəl Camal müəllim də hay-küy salmışdı. Deyirdi, onun qızı da uşaqlarını da götürüb ərinə qoşularaq çıxıb gedib. Əşşi, sizin qızlarınız sizin yanınızda ola-ola çıxıb gedir, xəbəriniz olmur. Bəs mən necə xəbər tutum, hardan bilim ki, hara gediblər.

Şahbaz pərt halda gözlərini yerə dikib susdu, bu bir an çəkdi:

– Bu sözləri eşidəndən sonra xəcalətimdən ölüb yerə girmək istədim. Bax, sənin qızın məni belə biabır elədi. – Şahbaz bu sözləri deyib arvadını qanlı-qanlı süzdü:

– Sən də oturubsan evdə, dünyadan xəbərin yoxdu. Gündə bir oyun çıxarırsan.

– Oyun çıxarıram? Dədəm vay, mən dirigözlü ölürəm, bu da deyir oyun çıxarırsan, – qadın bu sözləri deyib dizlərini döyəclədi.

– Belə yerdə deyiblər e, qızını döyməyən, dizini döyər. Yadındadı Camal müəllimin qızı xəbərsiz-ətərsiz yoxa çıxanda sənə nə dedim? Dedim, Güllü qızını gətir, qoy bizdə qalsın. Kişi qızışıb özündən çıxdı: – Dedim ya demədim?

– Sən dedin, mən də uşaqları da, Gülgəzi də götürüb gətirdim öz evimizə.

Şahbaz qəzəblə onun sözünü kəsdi:

– Gətirdin e, amma gərək qızını böyründə yatırdaydın, gözdə-qulaqda olaydın. Yoxsa ki, odey, evin o başında bir otaq ayırdın. Dedin qoy uşaqlarınnan, yoldaşınnan bir yerdə olsunlar. Mən dedim belə eləmə. Qızının o beyinsiz, avara ərindən əvvəldən xoşum gəlmirdi.

Şahbaz da əlini dizinə çırpıb başını yellədi:

– Mən dedikcə sən də yalvarıb-yaxardın ki, iki körpə balası var, onları necə ayıraq? Bu da axırı. Demə, o xəlvət otaqda qızın beynini doldururmuş. Sənin qızın da elə ərinin tayı imiş. Gördün o kağızda nə yazmışdı: – Siz kafirsiniz, Allah gözünüzü bağlayıb, hamınız cəhənnəmə gedəcəksiniz.

Kişi susub yenə arvadını qanlı-qanlı süzdü:

– Sənin yadından çıxıb bəlkə? Amma, mənim yadımdan çıxmayıb. Tüstüm təpəmdən çıxır e, böyütdüyüm qıza bax, iki körpəsini qoltuğuna vurub, əriylə Suriyaya gedib çıxdı. İndi də mənə deyirsən get, axtar tap. Hardan tapım? O şeytan otağına kimi buraxırlar? Ora gedənlər kəfəni boynundan asıb gedir. o polis bilirsən nə dedi? Güllünün cavabını gözləmədən kişi yenə səsini qaldırdı. Dedi, ay qardaş, çox da səs-küy qaldırma. Sizin uşaqlar vətən xaini hesabındadır. Gördünüz Camal müəllimi işdən çıxardıb necə tulladılar çölə? Dedilər, sən heç öz uşaqlarına düzgün tərbiyə verə bilməyibsən, xalxın uşaqlarına nə öyrədəcəksən? Düz deyirlər də, bu cavanların beyni gör nə qədər pozulub ki, Suriyaya Allah yolunda cihada gedirlər. Əşşi, Allah yolunda cihada gedib cənnətə düşmək istəyirsənsə, get Qarabağ uğrunda vuruş, öl, cənnətə get də. Əşşi, yox e, cənnət söhbəti-zad havayı söhbətdi. Pulnan cavanları şirnikdirib salırlar tora. Hər ay onlara pul verirlər. Nələr vəd edirlər, hamısından xəbərimiz var. Bu uzun söhbətdi. Biz girən kol deyil. Gördüm polis bu sözləri deyəndə səsini qısdı. Dedi, söhbət burda qalsın, sizin üçün də yaxşı olmaz. Bütün dünyada bu cür dini təriqətlər var. Onların arxasında dayananlar çox güclü, varlı adamlardı.  Bax, ona görə də onların qabağını almaq olmur.

– Denən ta evimiz yıxılıb, çırağımız sönüb. İndi bizim türmədə çürüyən balamız necə olacaq? O türmədə qalıb çürüyəcək, biz də ağzımızı açıb bir söz deyə bilməyəcəyik? – Söhbətə qəhərlə başlayan Güllü danışdıqca qəzəbə dolurdu. – Yaxşı, sən bunları bilirdin, niyə oğlunu bu yoldan qaytarmadın? Niyə oğlunu o saqqallı kafirlərin əlindən ala bilmədin? Görürsən dinmirsən? Mənə deyirsən ki, qızına düzgün tərbiyə verməmisən? Nə bilim ondan göz-qulaq olsaydın, bu müsibət də başımıza gəlməzdi. Bəs sən niyə oğlundan göz-qulaq olmadın? Odey türmədə azara düşüb.

Güllü, getdikcə özündən çıxır, əl-qolunu ölçə-ölçə elə bir tərzdə danışırdı ki, elə bil ərini hədələyirdi. Kişi təəccüb içində arvadına baxır və içində səslənən səslərdən pərt olsa da bu səsləri susdura bilmirdi:

– Səni dağılasan belə dünya, gör məni nə günlərə qoydu. Dilsiz-ağızsız Güllüyə bax bir, gör mənlə nə tonda danışır.  Əməlli-başlı dil açıb bu, məni hədələməyinə bax. – Bir tərəfdən də anasının səsi gəldi qulağına:

– Ay bala, ay Şahbaz, bu Güllünün dili-ağzı yoxdu elə bil. Gör neçə ildi bu evə gəlin gəlib, hələ mən onun ucadan danışdığını eşitməmişəm. Anasının verdiyi süd halal olsun ona. Gündə yüz kərə Allaha şükür edirəm ki, mənim ürcahıma belə gəlin çıxıb. Bax, sən də ona yaxşı bax ha, Şahbaz, xətrinə dəymə.

Bu sözlərdən alınan Şahbazın halı dəyişdi. Qəzəbli-qəzəbli arvadını süzüb öz-özünə deyindi:

– Dünya sən gördüyün dünya deyil, ana. Dünya dəyişdi, Güllü də sən gördüyün Güllü deyil. O dilsiz-ağızsız Güllü bülbülə dönüb. Gör mənlə necə danışır. Yaxşı ki, sən bu günləri görmədin ana!

Yerində otura bilməyib ayağa qalxdı və gəlib pəncərənin önündə dayandı. Hava tamam açılmışdı. Həyət-baca, bağ-bağat yay günəşinin səpələdiyi bol-bol şəfəqlər içində aydınca görünürdü. Bəlkə də bu dam altında tək qapıdan gedəndən sonra ilk dəfəydi ki, pəncərənin önündə dayanıb ətrafa tamaşa edirdi. Baxırdı və görürdü ki, heç nə əvvəlki kimi deyil. Hər yay səhəri Güllü, ya da Gülgəz həyəti süpürüb, sulayardı ki, toz olmasın. Ətri səhər mehinə qarışan o gülləri, çiçəkləri Gülgəz sulayardı, özü də oxuya-oxuya, əzizləyə-əzizləyə. İndi o güllər soluxmuşdu. Sanki Gülgəzin yoxluğunu hiss edib bikef-bikef susurdular. Bir-birinə söykənərək göylərə doğru dikələn ağacların da qəddi əyilmişdi. Yox, daha heç nə, nə açılan bu səhərlər, nə göylərə doğru ucalan ağaclar, nə güllər, nə çiçəklər onun könlünü açmırdı. Bu bağ-bağatda, bu həyət-bacada, bu ev-eşikdə nə vardısa hamısı dəyişmişdi. Bu dünya kimi, insanlar kimi, onları bu dam altında tək qoyub gedən balaları kimi dəyişmişdi, yadlaşmışdı. Həyət-bacaya, ev-eşiyə çökmüş səssizlikdən, ürəyini yandırıb yaxan fikirlərdən elə qəhərləndi ki, gözləri yaşla doldu.

– Hanı mənim balalarım, nəvələrim? Necə oldular? Hara getdilər. Bu nə zülmdü, Allah?

– Bu nə zülümdü, Allah? Bu nə müsibətdi, Allah?

Şahbaz ürəyindən keçən sözləri arvadının dilindən eşidəndə vahimələndi.

– Bizim axırımız necə olacaq?  – Ağlından keçən bu fikirdən bu yay səhərində elə üşəndi ki, çənəsi əsdi. İstədi iniltili bir səslə şikayətlənən arvadına nəsə desin, dili söz tutmadı.

– Yox, daha dözə bilmirəm, bu dərdə tab gətirə bilmirəm. Baş götürüb gedəcəm bu ev-eşikdən, bu kənd-kəsəkdən, ilim-ilim itəcəm. Qoy elə ölüm çöllərdə qalım, qoy meyidimi qurd-quş yesin. Bəlkə elə mənim balalarımın da meyidi düzdərdə qalıb.

– Bəsdi Güllü, bəsdi daha. Kişinin ağzından çıxan qəzəbli çığırtı Güllünü diksindirdi:  – Bəsdü uladın, Güllü, bəsdi inildədin. Uluya-uluya o iki uşağın da başını yeyəcəksən.

Güllü yerindən qopub cırıq köynəyinin yaxasını dartışdıra-dartışdıra dəli kimi evin ortasında vurnuxdu:

– Gör mənə nə deyir, Allah! Yox, daha dözə bilmirəm, tab gətirə bilmirəm. Öldürəcəm özümü, öldürəcəm.

Kişinin də elə bil ağlı başından çıxmışdı. Ona tərəf yeriyərək qışqırdı:

– Öldür özünü, öldür. Qoy mənim də canım qurtarsın bu işgəncədən. Bax, görürsən o neft dolu butulkanı, götür tök üstünə. Yandır özünü, nə durmusan. Yandır!

Donub qalmış Güllünü hansı bir qüvvəysə yerindən qoparıb üstünü toz basmış dəmir sobaya doğru atdı. Sobanın böyründəki butulkanı götürüb ağzını aça-aça çığırdı:

– Elə bilirsən yandırmaram özümü. Mən yandırım, sən də bax. Çəkdiyim bu zülmün yanında yanmaq nədi ki?

Güllünün əlləri elə titrəyirdi ki, butulkanın qapağını aça bilmirdi. Əlləri ilə birlikdə arıqlayıb, zəifləmiş bədəni də titrəyirdi. Bulud kimi qaralmış üzündə dəhşətlə baxan gözləri az qalırdı hədəqəsindən çıxsın.

– Deyəsən mənim də ağlım yavaş-yavaş çaşır. Dəlinin yadına daş saldım. Güllü özünü də yandırar, bu ev-eşiyi də.

İçində səslənən sözlərdən özünə gəlib cəld arvadına yaxınlaşdı və butulkanı onun əlindən aldı.

– Bircə bu qalmışdı, elə, deyib əlindəki butulkanı hirsli-hirsli çölə tulladı. Taqətdən düşmüş Güllü səndələyə-səndələyə çarpayıya doğru getdi, bir xeyli yatağının üstündə oturub tərpənmədi: Ərinə tərəf  baxmadan:

– Gec-tez bu olacaq, dedi. Bütün günü böyrümü kəsdirib oturmayacaqsan ki. Bir gün gəlib görəcəksən ki, Güllü yoxdu. Onsuz da başqa yolu yoxdu Güllünün. Balalarım getdi, nooldu ki? Mən gedəndə nolacax?

Güllü bu sözləri elə bir inamla və rahat bir tərzdə dedi ki, elə bil bu müsibətdən qurtarmağın yolunu tapmışdı. Şahbaz ağlına gələn bu fikirdən üşəndi, dizləri titrədi. O da gedib bir tərəfdə oturdu. Arvadı çarpayının başından asdığı paltarını götürüb əyninə geydi. Pırtlaşıq, dağınıq saçını bir yerə yığıb, yaylığını başına bağladı və sakitcə otaqdan çıxıb getmək istəyəndə:

– Hara gedirsən, Güllü? – deyərək yerindən qalxıb ona yaxınlaşdı. – Gəl otur, sənə sözüm var, – deyib qolundan tutmaq istədi.

Arvadı onun əlini itələyib:

– Sən sözünü dedin, – dedi, – daha nə deyəcəksən? Doğru olanı budu.

– Yox, belə deyil, Güllü. – Deyəsən kişinin yumşaq səsi Güllünü də yumşaltdı.

Bu dəfə qolundan yapışan əli itələmədi. Şahbaz arvadını çarpayıya sarı çəkərək:

– Otur Güllü, otur, – dedi. Eşit gör nə deyirəm. Bizim ikimizin də ağlımız çaşıb. Yadımızdan çıxartmışıq ki, axı bizim iki oğlumuz da var. Allaha şükür, İlkin Rusiyada ailəsi ilə bir yerdə şad-şanayla yaşayır. Üç balası yanında, əlində işi-gücü, yaxşı qazancı.

Güllü ərinin üzünə elə bir baxışla baxırdı ki, elə bil söhbətin kimdən getdiyini ayırd eləyə bilmirdi. Arvadının baxışları kişini karıxdırsa da o, özünü ələ alıb sakit-sakit davam etdi:

– Niyə elə baxırsan, Güllü? İlkindən danışıram, elə bil oğlunu yadından çıxarıbsan.

– Yox, yadımdan çıxarmamışam. İlkin bizi yadından çıxarıb. On ildi Rusiyaya gedib. Bu on ildə on dəfə zəng eləməyib heç. Bircə dəfə gəlib. Onda da qayınatasının yasına gəlmişdi. Qayınatasının evinə gəldi, elə ordan da qayıdıb getdi. Nəvələrimizin üzünü də görmədik heç. Bəs Güllü yazıq necə yaşasın?

– Eybi yox, Güllü, təki canları sağ olsun. Həlbət bir gün gəlib çıxarlar.

– Nə vaxt gələcəklər, Şahbaz? Bizim bundan da ağır günümüz olacaq?

– Nə deyim Güllü, düz deyirsən. Kişi elə bil arvadının halının dəyişəcəyindən qorxub səsini lap yumşaldırdı:

– Axı, bizim Kamran balamız da var.

– Bəs onu niyə şəhərə göndərdin? Niyə qoymadın yanımda qalsın? Dedin qoy Güllü tək qalıb havalansın?

– Bax, Güllü, biz hər gün bir-birimizə qoşulub ağlayırıq, sısqıyırıq, çığırırıq, bağırırıq. Baxdım gördüm uşaq yazıq bizə baxıb havalanır.  Boğazından çörək keçmir, su keçmir. Dedim, qoy getsin şəhərə. Bibisinin, əmisinin yanında qalsın. Bax, görürsən, əmisi onu işə də düzəltdi, hələ üstəlik texnikuma da. İndi uşaq əməlli-başdı işə də gedir, texnikuma da. Yoxsa ki, bizim yanımızda qalıb azara düşərdi.

Kamran o qeyrətsiz qardaşlarına oxşamayıb. Görürsən gündə neçə dəfə zəng eləyib hamımızı soruşur.

– Nə deyirəm e, ay Şahbaz. Biz heç, Allah o iki balamızı xatadan-baladan qorusun.

Kişi hövsələsiz halda arvadının sözünü kəsdi:

– Biz heç nədi, Güllü. Kamran bizim balamızdı, axıra kimi biz onun qayğısını çəkməliyik. Həmişə əmi, bibi yanında qalmayacaq ki.

– Şahbaz, vallah, o itkin balalarımızın canına and içirəm ki, mən Gülgəzin, Sərxanın, o iki körpənin dərdinə dözə bilmirəm. Sən türmədə çürüyən Sərxanın, qan ocağı dediyin o xarabada dərbədər düşmüş, öldüsü, qaldısı məlum olmayan Gülgəzin, onun iki körpəsinin,bacısız, qardaşsız qalmış Kamranın xətrinə özündə güc tap ki, ayaq üstə dayana biləsən. Mən heç. Mən heç. Güllü elə qəhərlə danışırdı ki, nəfəsi təngidi, göz yaşları əzabdan-iztirabdan əyilmiş üzünü islatdı, əlini ürəyinin üstünə qoyub:

– Mənim gecə-gündüz ocaq kimi alışıb-yanan bu ürəyimə etibarım yoxdu, – dedi.

– Vallah, zülüm çəkməyə də tabım yoxdu. Ən doğru yol sən dediyindi. Mən heç, səni də boğaza yığmışam.

– Güllü, hirsdi başda ağıl olmaz. Mən o sözü hirsdəndim dedim. Özünü yandırmaq nədi, zad nədi? Bayaqdan sənə bir Quranlıq söz demişəm. Sən başa düşmürsən ki, sənə bir şey olsa Kamranın ürəyi partlar.

– Partdamaz. Cavan uşaqdı.

Kişi ayağa qalxdı:

– Sən bu sözü elə sakit-sakit deyirsən ki, tüstüm təpəmdən çıxır. Şahbaz qəzəblə deyinərək evin o başına getdi. Mənə bax, eşit gör nə deyirəm.

Güllünün çaşqın baxışları birdən-birə qəzəbə dolmuş ərinə dikildi. Şahbaz şəhadət barmağıyla arvadını hədələyərək səsini qaldırdı:

– Mənə bax, gör sənə nə deyirəm. Birdən özünə nəsə eləmək fikrinə düşərsən ha. Kişi şəhadət barmağını havada silkələyə-silkələyə arvadına yaxınlaşır, əsəbdən üzünün bütün əzələləri titrəyir, az qalırdı gözləri hədəqədən çıxsın. Güllü mat-mat ərinə baxır və qorxu içində pıçıldayırdı:

– Evin yıxılsın, fələk, deyəsən, kişinin ağlı başından çıxıb. Birdən-birə buna noldu, belə?

Şahbaz yenə barmağını silkələyir, addım-addım arvadına yaxınlaşaraq səsini qaldırdı:

– Bax, sənə deyirəm ha. Ağlını başına yığ, sənə görə Kamrana bir şey olsa, od vurub bu evi yandırram, özüm də içində yanaram.

Kişi sözlərinin arvadına necə təsir etdiyini yoxlayırmış kimi səsini kəsib diqqətlə ona baxdı və yenə qəzəbli səsi bomboş otaqlarda əks-səda verdi:

– Sən bilirsən, Kamran mənim ulu babamın adıdı. Onu da bilirsən ki, babam bəy olub. Həm bəy olub, həm də əsil kişi.

Sovet hökuməti qurulanda bütün bəylər qaçıb getdi, amma babam heç yerə getmədi. Dedi, ölsəm də öz vətənimdə kişi kimi ölərəm. Var-dövlətinin də hamısını verdi Sovet hökumətinə. Bax, Kamran belə qeyrətdi kişinin adını daşıyır. Kamran o qeyrətsiz qardaşlarına bənzəmir. O, heç vaxt kiminsə sözünə uyub elini-obasını atıb getməz. Bax, bunları yadında saxla ha.

Kişi odlu-odlu danışır, arvadıysa ilk dəfə görürmüş kimi onu diqqətlə süzür və öz-özünə deyirdi: – Şahbaz nə vaxt belə qocaldı. Başında bir qara tük qalmayıb Allah, heç yarı canı da qalmayıb. Nətəər olub mən bunu hiss eləməmişəm heç. Şahbaza bir şey olsa.

Qəhərdən boğazı alışıb yandı və bu yanğı sinəsinə də keçdi. Sinəsini ovuşdura-ovuşdura yaşlı gözləriylə ərini süzür və bu adamın ona nə qədər əziz, doğma olduğunu təzədən hiss etməyə başlayırdı. Dözə bilməyib ayağa durdu, əri hələ də nəsə deyirdi, səsini gah qaldırır, gah da endirirdi. Ancaq o nə ərinin dediklərini eşidirdi, nə də ki, hələ də onu hədələyən şəhadət barmağını görürdü:

– Şahbaz qocalıb, Şahbazın yarı canı da qalmayıb. Heç elə bil çinar boylu Şahbaz deyil bu. Bu hiss çox acı idi, amma hiss olunmadan qocalan, düşkünləşən bu kişi ona o qədər doğma, o qədər əziz idi ki, irəli yeriyib onu qucaqladı. Başını onun sinəsinə söykəyib acı-acı ağladı, ağlaya-ağlaya pıçıldadı:

– Şahbaz, sənə qurban olum, Şahbaz. Toxta bir az. Nəfəsini dər, yoxsa vallah, bağrın çatlayacaq.

Kişi təəccüb içində donub qaldı, nə yerindən tərpənə bilirdi, nə də ki, bir söz deyirdi. Onu qucaqlayıb acı-acı ağlayan bu qadının Güllü olduğuna inana bilmirdi. Bir az əvvəl eşitdiyi o nəvaziş dolu sözlərin də Güllünün dilindən qopduğuna inanmırdı. O, mehriban baxışlı, al yanaqlı, yumru üzü daima gülümsər, qəşəng Güllü illərin, ayların o tayında qalmışdı. Başını aşağı salıb, bütün günü deyinmədən, şikayətlənmədən işini-gücünü görən Güllünün xətrinə dəyib incitdiyi günlər də olmuşdu. Güllü heç vaxt onun üzünə qayıtmazdı. Ancaq o bilərdi ki, Güllü ondan inciyib. Çünki Güllünün mehriban, mülayim baxışlı gözləri kədərdən qaralardı, al yanaqlı yumru üzü yağış qabağı göy üzü kimi tutulardı. Peşman-peşman qapı-bacada dolaşaraq Güllünün könlünü almaq üçün elə Güllünün özü kimi qəşəng-qəşəng sözlər tapıb demək istəyəndə elə bil Güllü onun ürəyindən keçənləri hiss eləyirdi. Xəlvət bir yerdə qəfildən onu qucaqlayır, başını sinəsinə söykəyib həyəcanlı-həyəcanlı pıçıldayırdı:

– Ürəyinə salma heç nəyi, hər evdə söz-söhbət olur. Sən mənim başımın tacısan. Sonra da tez süfrə açardı. Yer-yeməli şeyləri süfrəyə düzə-düzə deyərdi:

– İşdən gəlibsən, əl-üzünü yu, gəl yeməyini ye.

Əlində hələ də buğlanmaqda olan nimçə içəri girəndə başını yelləyib gülə-gülə:

– Bax, Şahbaz, sən xoşladığın xörəyi bişirmişəm e, – deyib nimçəni onun qabağına qoyardı: – Bir dadına bax, gör necə bişirmişəm. O da buğlanan xörəyin otağa yayılan dadlı ətrini sinəsinə çəkib başını yelləyərdi:

– Bəh, bəh, bəh. Güllü bunu necə bişirmisən? Lap anamın bişirdiyi xörəyin iyi gəlir e, bundan.

– Mən də rəhmətlik anandan öyrənmişəm də. Rəhmətlik xörək hazırlayanda kəsdirərdim böyrünü. Diqqətlə baxardım ki, görüm necə eləyir ki, onun bişirdiyi xörəklər belə dadlı olur. O da xörəkdən dada-dada deyəndə ki, ay Güllü heç fərqi yoxdu, elə bil anam bişirib. Uşaq kimi sevinirdi. Bax, Güllü belə Güllüydü. Uşaqla uşaq, böyüklə böyük. İstəməzdi kiminsə qəlbinə toxunsun. Sevdiklərindən ötrü canını qurban verməyə hazır idi. Bəs tale Güllünü niyə belə incitdi? Niyə onu balalarıyla ağır bir sınağa çəkdi? Şahbaz bu suallardan sarsıla-sarsıla arvadının başını sığallayırdı. Hiss edirdi ki, Güllüyə deməyə sözü çoxdu. Ürəyini titrədən o günlərdən necə danışmaq istəyirdi. Amma danışmağa qorxurdu. Daha Güllü o Güllü deyildi. Heç dünya da o dünya deyildi. Bir-birilərinə sığınıb bir xeyli səssiz-səmirsiz qaldılar. Sonra Şahbaz pəncərədən çölə baxdı və danışmağa söz tapıbmış kimi tez-tələsik dilləndi:

– Gör, gün hara qalxıb e. Toyuq-cücənin, qoyun-quzunun qapısı hələ də bağlıdı. Heyvanlar yazıqdı, gedim onları çölə buraxım.

Güllü tez ondan aralandı:

– Hə, hə, get. Yazıq heyvanların qapısı bağlı qalıb.

Şahbaz qapıya tərəf tələsdi, nə düşündüsə geri döndü.

– Sən də uzan dincəl.

Bu sözləri deyəndə səhər-səhər çarpayının böyrünə yıxılaraq başı təzəcə kəsilmiş toyuq kimi çabalayan Güllü gözü önündə dayandı. Arvadına elə yazığı gəldi ki, yumşaq-yumşaq dedi:

– Uzan dincəl, Güllü, uzan. Hələ başqa sözlər də demək istədi, ancaq deyə bilmədi. Qorxdu ki, arvadının halı yenə pisləşər. Odur ki, tez-tələsik özünü çölə saldı. Əvvəlcə toyuq-cücənin qapısını açıb onlara dən, su verdi. Sonra qoyun-quzunu dörd bir tərəfinə dəmir tor çəkilmiş yerə salıb qabaqlarına yem tökdü. Sanki nə edəcəyini bilməyib həyət-bacaya göz gəzdirdi. Əvvəlki səliqə-sahmandan, təmizlikdən əsər-əlamət qalmamışdı. Gör nə vaxtdı Güllü əlini heç nəyə vurmur. Güllünün ağlı başında deyil. Yoxsa Güllü ola həyət-baca bu kökdə olar? Hə, bir vaxtlar Güllüyə tez-tez irad tutardılar:

– Güllü, az qaç, Güllü gəl otur, dincəl bir az. Özünü öldürmə, Güllü. Onsuz da iş qurtaran deyil. Həə, demə, həyatın çox amansız, acı üzü varmış, özü də lap yaxındaymış, yaxında.

– Şahbaz, ay Şahbaz, bir qab var idi e. Güllərə-çiçəklərə su çiləyirdim. O qab hardadı? Tapa bilmirəm.

Şahbaz çaşqın halda o tərəf-bu tərəfə boylandı:

– Odey, ordadı, – deyə qoca göyrüş ağacının dibində böyrü üstə düşüb qalmış qabı göstərdi.  Kişi də onunla bir yerdə həmin tərəfə yeridi. Güllü suçiləyəni götürdü, Şahbaz da süpürgəni. Güllü  təəccüb içində soruşdu:

– Süpürgəni neynirsən a kişi?

– Həyət-bacanı süpürəcəm. Görmürsən, hər tərəf zir-zibil içindədi.

Güllü hər tərəfə göz gəzdirib: Hə, həyət-baca yaman gündədi, – dedi və süpürgəni ərinin əlindən aldı: – Ver bəri, özüm süpürəcəm.

Süpürgəni yerə atıb daşdan hörülmüş əlüz yuyana yaxınlaşdı. Üstünü toz basmış suçiləyəni tər-təmiz yuyub suyla doldurdu. Və evin arxa tərəfinə gedəndə əri qəsdən soruşdu:

  • Hara gedirsən?

– Gülgəzin gülünə su tökəcəm.

Güllü, bu sözləri deyib evin arxa tərəfində görünməz olanda Şahbaz içində xoş bir çırpıntı hiss elədi:

– Allahın bizə yazığı gəldi. Deyəsən Güllü yavaş-yavaş özünə gəlir. Bəlkə mən də gedim çay qoyum. Yox, lazım deyil. Əgər ağlı özünə gəlirsə, çayın da, xörəyin də özü hazırlayar. Bəlkə onun böyrünü kəsdirib oturmuşam, o da bekarçılıqdan hövüllənir? Bu gün də gözləyim, sabah çıxıb işə gedərəm. Gör nə vaxtdı işə getmirəm. Yoxsa məni götürüb tullayarlar çölə, qalaram belə. Olan-qalan nə vardısa, hamısını Güllünün dava-dərmanına verdim. Heç olmasa Güllü yaxşı olsun.

Bu gün çox qarmaqarışıq bir gündü. O, səhərin araqaranlığı içində arvadının yerə yıxılıb çabaladığını görəndə dərin bir ümidsizlik içində fikirləşmişdi: “Güllününkü bu qədər imiş. Hər şey bitdi. Bu qədər dava-dərman Güllüyə kömək etmədisə, başqa şeyin xeyri olmayacaq. Kişi mat qalmışdı. Birdən-birə Güllü niyə belə dəyişdi. Onu mehriban-mehriban dindirib-danışdırdı, başını sinəsinə qoyub ağladı, süpürgəni əlindən alıb bir tərəfə tulladı. Su çiləyəni axtarıb tapdı ki, Gülgəzin gülünə su töksün. Bu dava-dərmanın təsiridi? Yoxsa Allahın bizə yazığı gəldi?”

O gündən Güllü tamam dəyişdi. Səhərlər gün qalxmamış yerindən qalxır, toyuq-cücələrin qapısını açıb dən, su verir. Düzdü, əvvəlki kimi səliqə-səhman yarada bilməsə də, çalışır ki, ev-eşik, qapı-baca təmiz olsun. Şahbaz işdən gələnə qədər onun qabağına qoymağa xörəyi olsun. Güllünün birdən-birə belə dəyişməsi Şahbazın əhvalını yaxşılaşdırırdı, itmiş ümidini özünə qaytarırdı. Bir tərəfdən isə onu çox qorxudurdu. Çünki Güllü yenə dilsiz-ağızsız, mərhəmətli bir Allah bəndəsinə çevrilmişdi. Heç dinib danışmırdı, yenə cavanlığında olduğu kimi başını aşağı salıb işi-gücüylə məşğul olurdu, eyni açılmırdı. Öləzimiş gözlərində, avazımış üzündə elə bir nisgil, elə bir qubar vardı ki, arvadına baxanda Şahbazın ürəyi soğan kimi soyulurdu.

– Yazıq Güllü, deyəsən taleyi ilə barışıb daha. Qışqırıb, ağlasa bundan yaxşıydı. Ürəyinə salıb için-için əriyəcək, bu dərd onu öldürəcək.

Dözməyib bir gün soruşdu:

– Niyə dinib-danışmırsan, Güllü?

O, ərinə baxmadan üzündəki kədər kimi qəmgin və sakitcə cavab verdi:

– Nə danışım, Şahbaz. Deməyə sözüm yoxdu daha.

– Belə eləmə. Din-danış, ağla, ürəyini boşalt.

– Çox danışdım, çox çığırdım. Nə dəyişdi, Şahbaz? Elə bil dərin, qorxulu bir yuxudaydım. Ayılıb gördüm ki, belə getsə, sən də yıxılacaqsan. Güllünün gözlərindən yaş sıçradı. Səsini çıxarmadan ağladı. Elə ağladı ki, elə bil onu yanar alovun içinə atmışdılar. Yansa da çığırmadı, əvvəlki tək baş-gözünə döymədi. Yenə özündə güc tapıb sakitcə davam etdi:

– Sən yıxılsan, dünyamız başımıza uçub tökülərdi, çırağımız tamam sönərdi. Türmədə sənin yolunu gözləyən balan var.

Kişini də yaş boğdu, amma indi Güllünün qabağında ağlaya bilməzdi. O da dinib-danışmadan evdən çıxdı. Xəlvət bir yer tapıb oturdu. Bundan sonra hər ikisi bu dərdi təkbaşına çəkəcəkdi. Bu nə taledi, Allah! Mən heç, axı Güllü heç kəsin könlünə toxunmamışdı, heç kəsi incitməmişdi. Balalarından ötrü özünü oda atardı, canını da qurban verərdi. Bəs balaları niyə onu atıb getdilər? Ananı-atanı hansı dərədənsə sülənə-sülənə gəlib bu kəndə də çıxmış saqqallı dinsiz-imansızların sözünə uyub atmaq olardımı? Bu necə oldu, nətəhər oldu? İndiyə qədər baş aça bilmirəm. Bu müsibətin günahkarı kimdi, səbəbi nədi?

Mən özüm də bəlkə günahkaram? Harda səhv etdim mən? Harada günah işlətdim? İçində səslənən bu suallarla bir məktəbin ən yaşlı müəllimi Ziya müəllimin səsi gəldi qulağıma:

– Kim nə deyir desin. Günahkarı harda axtarır axtarsın. Amma mən bir müəllim kimi, ömrümü kitabların içində keçirmiş, bir insan kimi deyirəm:

– Bu faciələrin arxasında savadsızlıq, cahillik dayanır. Tək bu gözdən uzaq, könüldən iraq kənddə yox e, bu dünyada belədi. Kifayət qədər savadı olan, dünyada gedən proseslərdən xəbərdar olan ağıllı adam hansı dini təriqətin təbliğatçısı yox e, kim olursa-olsun, onun sözünə uyub bu addımı atmaz. Qətiyyən atmaz. Bu hadisələrin bir tərəfi də sosial məsələlərlə bağlıdı. İşsizlik, dolanışıq dərdi. Bu problemlər doğuluşdan, məzar evinə kimi insanı izləyir, qorxu içində saxlayır. Bəlkə də bunlar insanın ən zəif cəhətləridir. Emissarlar da çox məharətlə bundan istifadə edir. İşsiz cavanlara pulla, şirnikdirici vədlərlə öz tərəflərinə çəkirlər. Bu addımı atanlar isə mənim nəzərimdə ən cahil və savadsız insanlardır. Bütün dünyada belədi. Cahillik olan yerdə öyrədilmiş azğın, dinsiz-amansız adamlar nələr etmirlər? Bir-birinin ardınca baş verən terrorlar, axıdılan qanlar, günahsız qurbanlar. Bütün bunlar bu cür zərərli dini təşkilatların əməlləridir. Bizim cavanlar isə bunu başa düşmürlər. Ona görə ki, mütaliə etmirlər, kitaba lazımsız bir şey kimi baxırlar. Amma kitabın insana verdiyini heç nə verə bilməz. Ziya müəllimin səsi kəsilən kimi atasının səsiylə təkbətək qaldı:

– Şahbaz, bala, niyə oxumursan? Niyə kitablardan qaçırsan? Mən hər gün yaxşı-yaxşı kitablar gətirirəm, tökürəm qabağına, deyirəm oxu, bala. Savadını artır, gör bir dünyada nə var, nə yox? Başını işlət, adam ol. Hər gün sənə bir saatlıq mühazirə oxuyuram. Bəs sən neynirsən? Bu qulağından alıb, o birinnən ötürürsən.

Atası elə ağrıyla danışırdı ki, sinəsindən qeyri-ixtiyari iniltiyə bənzər səslər qopurdu:

– Ə, mən sənnən hansı dildə danışım, a bala. Mən neyləyim ki, sən başa düşəsən? Mən işə gedən kimi o stansiyaya niyə qaçırsan? Nə var orda? Ə, kişi, ora yığışan uşaqlar, başıpozuq avara uşaqlardı e. Hərəsinin damağında siqaret, nə müəllimi saya sayırlar, nə böyük-kiçik tanıyırlar, ağızlarına gələni danışıb hırıldaşırlar.  Sənin xoşuna gələn nə var o stansiyada? De görüm də, de. Bəlkə nəsə yaxşı bir şey var orda, mən bilmirəm. Ə, niyə dinmirsən? Niyə cavab vermirsən?

Atası danışa-danışa elə hala düşürdü ki, nənəsi dözə bilməyib onlara yaxınlaşırdı:

– Sərdar, bir toxta, Sərdar. Evin yıxılsın, Allah, bu gədə bir gün bu kişini öldürəcək. İraq olsun, Allah, iraq olsun. Nənəm əlini göyə qaldırıb Allahdan kömək istəyəndən sonra üzünü ona tuturdu:

– Şahbaz, bala, dədənə yazığın gəlmir? Niyə oxumursan, bala? Sənin dərdin-azarın nədi? Ə, bala, Sovet hökuməti dədənin atasını, əmisini tutub gedər-gəlməzə yollayanda dədən əl boyda bir uşaqdı. Məktəbə gedirdi, qayıdıb gələndən sonra qoyun-quzunu, inəyi qabağına qatıb otarmağa aparırdı. Ə, yeməyə çörək də yoxuydu e. Sovet hökuməti nəyimiz vardısa əlimizdən almışdı, qalmışdıq quru yerdə. Bax bu fağır dədənnən qalmışdıq damın altında. Dədən çəlimsiz, balaca bir uşaqdı, heyvana da baxırdı, bostana da, bağ-bağata da. Kolxoz taxılı biçirdi, dədən gedib yerdə qalan nə vardısa, dənliyib gətirirdi. Heyvanları otarırdı, gələndə görürdün ki, özündən yekə bir ot şələsini də dalına şəlləyib gətirir. Ə, bə sənin işinin-gücünün adı nədi, bala? Allaha şükür, boyun qalxıb çinar boyda olub. Anan bütün günü əzgili-güzgülü bişirib düzür qabağa. Dədən gecə yatmayıb, gündüz dincəlməyib sizə o boyda ev tikdirib, bala. Bəs sən niyə bu kişini dəli eləyirsən? Niyə oxumursan, bala. Başına dönüm, bala, düz deyir də dədən, rənd içində veyillənməkdənsə, o kitabı qoy qabağına oxu də. Səndən at istəmirlər, dəvə istəmirlər.

– Oxuyuram də, nənə, vallah, oxuyuram. O gün gördün də, oxumaqdan gözüm qıpqırmızı qızarmışdı.

– Kəs səsini, küçük. Ə, bu nə zay uşaq oldu, ə. Mən də deyirəm evimdə kişi böyüyür. Bunun səfeh-səfeh danışmağına bax, bir. Ə, oxumaqla göz qızarıb şişər? Onda gərək bu alimlərin, yazıçıların, şairlərin, elm adamlarının hamısının gözü kor olaydı. Mən bilirəm e, hamısını bilirəm. Stansiyada veyillənirsən, sonra da qaçırsan futbol dalınca. Ə, sənin gözünə top dəymişdi e, top. Utanmır hələ bir yalan da danışır.

– Sərdar, az qışqır, az hirsdən. Qan başına vurub eyləyər, evim yıxılar. O gün öz gözlərimlə gördüm. Bax, o evin kəlləsindəki, Şahbaza ayırdığım otaqda oturub oxuyurdu.

– Ə, bəsdi, sən Allah, ona dil vermə. Sənlə o anası qudurdub e, bunu. Malı bordağa bağlayan kimi siz də bunu bəsləyirsiz. Mən də elə səfehəm e. Hələ buna otaq da ayırmışam, mebelnən doldurmuşam. Rahat kravat almışam. Kitab  şkafların yan-yana düzüb, için kitabla doldurmuşam. Divardan elm adamlarının şəkillərini asmışam ki, bu qeyrətsiz qeyrətə gəlib oxuyacaq. Cərə oxu, cəhənnəmə oxu.

– Dədəm, evin yıxılsın, mən neyləyim? Sərdar özünü azara salacaqsan, Sərdar. Arvad sonra çarəsiz halda nəvəsinə yalvarırdı:

– Başına dönüm, Şahbaz, dədəni az hirsləndir. O əziyyətlə, əzabla özünə gün ağlayıb. – Yaylığının ucunu qızarıb-sulanmış gözünə sıxıb ağlamsına-ağlamsına nəvəsini başa salmağa çalışırdı:

– Onun arxasında dayanan dədəsi yoxdu, əmisi yoxdu. Mən də qalmışdım beş yetimin əlində. Kolxoz işinə qaçırdım, sonra gəlib bağ-bağatla, bor-bostanla əlləşirdim. Toyuq-cücə, beş on qoyun saxlayırdım. Bir qarın çörəyi güclə tapırdıq, balam.  Çətin zamandı. Onnan belə kitab əlindən düşmürdü. Deyirdi, nətəhər olsa da oxuyacam. Qaçıb getdi şəhərə, bir qarnı ac, bir qarnı tox oxudu. Qayıdıb gələndən sonra, o boyda idarədə özünə qulluq tapdı, xətir-hörmət qazandı, get-gedə qulluğu da böyüdü. Bax, bir bölük uşaqsız, qoymuyub ki, nədənsə bir korluq çəkəsiz, sizi yağ içində böyrək kimi saxlayıb. Bəs adam belə atanın sözünə baxmaz? Onu belə incidər?

– Ay nənə, oxuyuram də.

– Ə, küçük, nətəhər oxuyursan ki, söz soruşanda mal kimi gözlərini döyürsən? Bəhanə  tapıb, oxuyuram yadımda qalmır. Ə, oxumaq başqa şeydi. Kitabı qoyursan qabağına, ancaq, səhifəni çevirirsən. Fikrin stansiyada futbolda. Buna oxumaq deməzlər e. Ə, gündüz vaxtım olmayanda gecə səhərə qədər oxuyurdum. Bir də görürdüm, elə kitab əlimdə məni yuxu aparıb. Görəndə ki, hava işıqlanıb, dik atılırdım. Elə ac-susuz qaçırdım məktəbə.

– Sərdar, başına dönüm, bala, o günləri yada salıb ürəyini sıxma.

– Belə yana-yana danışıram ki, buna dərs olsun, bir başını işlətsin. Bu uşaqların böyüyüdü, bu oxusa, o biriləri də buna baxıb oxuyacaq. Bu bədbəxt yuxudadı e.  Elə bil həmişə belə olacaq. Sərdar qazanıb başlarından tökəcək, anası bişirib düşürəcək. Havayı yeməyə nə var? Əşşi, nə qədər demək olar?

Atası əliylə dizini şappıldadıb yanıb-tökülürdü:

– A kişi, mənim dediklərimdən bir şey götür, nəticə çıxart. Hələ mən bu günə qədər sakitləşə bilmirəm e. Mən də insanam e. Yanıb-tökülürəm ki, bu Sovet hökuməti mənim babamı, atamı, əmimi hara apardı, harda güllələdi? Onların qəbri hardadı? Sovet İttifaqının hər ölkəsinə müraciət elədim, nə qədər ərizə yazdım, soraqladım, axtardım. Bir xəbər tuta bilmədim. Elə bil heç bu adamlar bu dünyada olmayıb, yaşamayıb. – Atası danışa-danışa elə kövrəlirdi ki, iri ala gözləri yaşla dolurdu. O isə atasına təəccüblə baxıb fikirləşərdi. Hamı deyir ki, bu Sərdar çox möhkəm adamdı, necə deyərlər, qılınc kimi adamdı. Atası isə elə bil onun ürəyindən keçənləri hiss edib üzünü başqa səmtə döndərib xəlvətcə gözünün yaşını silərdi. Ancaq nənəsi bütün bunları görüb hiss edirdi və səsi titrəyə-titrəyə göz yaşları tökülə-tökülə deyirdi:

– Başına dönüm, Sərdar, bala, demədim o günləri yadından çıxart. Getsin o günlər gəlməsin. Allah Şura hökumətinin tifağını dağıtsın. Necə ki, tifağımızı dağıtdı. Nər kimi adamları götürüb apardılar. Heç bilmədik başlarına nə oyun açdılar. Barı qəbirləri olsaydı. Qəhər nənəsini axıradək  danışmağa qoymadı. Nənəsi ağlayanda atası yenə üzünü ona tutdu:

 – Mənim də ağladığım günlər çox olub. Amma  özümə təskinlik verib demişəm ki, həyatda hər şey olar. Atam, babam getdi, yerində-yurdunda mən varam. Sən dünyaya gələndə şükür etdim ki, bir gün mən də bu dünyadan köç edəcəm. Yerimdə, yurdumda sən qalacaqsan. Amma hərdən sənə baxanda ürəyimə qorxu dolur. Yox, mən bu sözləri sənə demirəm. Mənim gözümdə hələ sən uşaqsan. Sənin ömrün qabaqdadı. Kim bilir, bəlkə sən məndən də yaxşı oğul olacaqsan. Ancaq bu atalar sözünü yadından çıxartma. Korocaq naxələf oğuldansa, kor qız ondan yaxşıdı.

Düzdü, ata, mən naxələf, korocaq oğul oldum. Belə olmasaydı, dörd övladdan biri yanımda olardı. Sən deyirdin, həmişə  deyirdin, nə qədər ki, mən sağam, arxanda dayanmışam, oxu, savadını artır, özünə bir gün ağla. Gec-tez sən də evlənəcəksən, uşaqların olacaq, ağır bir yükün altına girəcəksən. Onda çaşıb qalmamaq üçün indidən yolunu müəyyən elə. Yaxşı təhsil, savad özü elə böyük bir sərvətdi. Savadlı adamın yolunu kəsmək olmaz, nətəhər olsa da, nə qədər çətinliklər olsa da, öz yerini tutacaq. Mən sənin əziyyətini yerə çırpdım, ata. Nə özümə bir gün ağlaya bildim, nə də uşaqlarıma. Sən tikdirdiyin evdə qalırıq, sən saldığın bağ-bağatın bəhrəsini yeyirik. Uşaqlarımı da oxuda bilmədim. Ancaq böyük nəvən İlkini zor gücünə oxutdum. O da əlinə diplom alan kimi çıxıb getdi Moskvaya. Getdiyi on ildi. Bircə dəfə üzünü görmüşük. Balaca nəvən Kamran şəhərdə, əmisinin yanındadı. Əmisi onu texnikuma düzəldib. Sərxana, Gülgəzə baxanda İlkinə də, Kamrana da şükür eləyirəm. Sərxanla Gülgəz məni gözü kölgəli, başıaşağı elədi. Ata, bu kənd, rəhmətlik nənəmin, sənin qoyub getdiyin sakit kənd deyil. Kənd bir çaxnaşma, vahimə, qorxu içindədi. Bu qorxunu, vahiməni yaradan dini təriqətlərin təbliğatçıları dinsiz-imansızlardı. Sənin iki balan da, Sərxan da, Gülgəz də, iki körpə balasıyla  onların güdazına getdilər. İndi yəqin bilirəm ki, Sərxanın da, Gülgəzin də savadı, təhsili olsaydı, bu kənddə qəfil peyda olan yersiz-yurdsuz vahabilərin sözünə uyub bizi atıb getməzdilər. Elə Ziya müəllim də belə deyir. Deyir ki, ancaq savadsız, cahil cavanlar belə səhv bir addımı ata bilərlər. Məni odsuz-ocaqsız yandıran Gülgəzdi. Onun dərdindən anası xəstəlik tapıb. Mənim də günahım böyükdü, ana. Gülgəz oxuyan uşaqdı, kitab əlindən düşmürdü. Deyirdi, həkim olacam. Dedim bu qarışıq zamanda onu şəhərə necə göndərim? Həm də kasıbçılıqdı, onu oxutmağa əlimdə heç nəyim yoxdu. Bir tərəfdən alçaq ermənilər başımıza olmazın müsibətləri gətirdilər. Bir tərəfdən də o boyda sovet hökuməti dağıldı. Bütün bunların ağrı-acısını, bəlalarını bu yazıq camaat çəkdi, elə indi də çəkir. Yadıma gör nə düşdü, ata. Yadımdadı, ata, o ağır günlərdə sən işdən evə çox qanıqara, qaşqabaqlı qayıdardın. Bizə  heç nə deməzdin. Ancaq bir gün sənin anamla etdiyin söhbəti eşitdim. – Atası odlu-odlu danışırdı.

– Adam gözlərinə inana bilmir. Fikirləşirsən ki, bu boyda hökumət necə dağıla bilər. Amma dağılır, özü də gözümüzün qabağında dağılır. Dağılır, cəhənnəmə-gora dağılır. Gəlişiylə nə qədər qanlar töküldü, evlər dağıldı, uşaqlar atasız qaldı. Onların biri də mən idim. Gedişiylə də nə qədər dərd-bəla, zülüm qoyub gedir.

Taleyə bax bir. Gəldi cavan atamı, babamı əmimi apardı. Məni yetim qoydu. Özümə bir gün ağlayana kimi nə zülümlər çəkdim, nələrə dözdüm. İndi də gedir bax, budu, yarı yolda qaldım. Mənim nə vaxtımdı ki, işsiz-gücsüz qalım, bekar qalım. Bu nə taledi, bu nə bəxtdi. Anam dözməyib onun sözünü kəsdi.

– Ay Sərdar, sən nə danışırsan e. Baş aça bilmirəm. Hökumət dağılır cəhənnəmə-gora dağılsın. Sən niyə işsiz-gücsüz, bekar qalırsan. Maşallah əlində o boyda vəzifən, işin-gücün.

– Sehri, sən axı orta məktəbi qurtarıbsan. Bə niyə bu qədər avamsan. Yəni doğrudan heç nə anlamırsan? Ay zalımın qızı, o boyda hökumət dağılır, onunla bərabər hər şey dağılır, alt-üst olur.  Bax, odey, bizim idarə də bağlandı. Bir yığın insan qaldı ortalıqda işsiz-gücsüz. Mən də onlardan biri.

– Ə, kişi, nə danışırsan. Ə, kişi, zarafat eləyirsən?

– Nəhlət sənə kor şeytan. Ondan sonra da deyir ki, Sərdar hirslənəndə üzünü görmə. Adamı belə təbdən çıxardırsan də sən. İndi zarafatın yeridi, ay qanmaz?

– Əşşi, nə bilim e. Demək qara günlərimiz qabaqdaymış ki. Rəhmətlik anam Şura hökumətindən danışa-danışa gözü yaşlı getdi. İndi də dağılıb gedir, deyəsən qara günlərimiz təzədən başlayır.

– Başlayır Sehri, yaman başlayır. Mən bekarçılığa dözən adam deyiləm e. Ağlım kəsəndən bu günə kimi qaçıram, əlləşirəm, vuruşuram. Fikirləşəndə ki, səhər durub işə getmiyəcəm, az qalır ağlım başımdan çıxsın. Yaxşı, mən neyniyəcəm, nə işlə məşğul olacam.

Ölkənin dağıldığı bu vaxtda hardan iş tapasan? Hələ Şahbazı demirəm, qızım Arzunun əri Zeynalı demirəm. Onlara zavodda iş düzəltmişdim. İşləyib bir parça çörək pulu qazanırdılar. Bəs indi neyləyəcəklər, hardan iş tapacaqlar?

Anamın kövrək səsi eşidildi:

– Sərdar, sən Allah özünə bir az toxtaqlıq ver. Allah kərimdi, millət necə, biz də elə. Deyir, elnən gələn dərd toy-bayramdı.

– Mən öz xasiyyətimi bilirəm. Mənim üçün işsiz-gücsüz, bekar oturmaq ölümə bərabər bir şeydir. Bir də ki, hələ mənim ürəyimdə çox istəklərim, arzularım vardı. Deyirdim, qoymayacam balalarım çətinlik çəksin. Onların hamısını yerbəyer eləyəcəm. Onlara yaxşı gün-güzəran düzəldəcəm. Bu istəklə də bir az pul yığıb banka qoymuşdum. O pul da batdı. Hansını deyim. Şahbaza dedim oxu, yaxşı bir təhsil al. Arzumu ürəyimdə qoydu. O yaxşı oxusaydı, ondan sonrakı uşaqlar da onun arxasınca gedərdilər.

Bu dəfə anamın səsi qəhərdən titrədi:

– Ay Sərdar, bəxtin, taleyin olsaydı, əl boyda vaxtından yetim qalmazdın ki. İndi neyləyək, yazan belə yazıb. Yenə şükür, balalarımız sağ-salamat gözümüzün qabağındadı. Evimiz-eşiyimiz, bağımız-bağçamız, toyuq-cücəmiz, beş-on qoyun-quzumuz var. Bəs o qırılmış ermənilərin əlindən baş götürüb qaçan camaat neynəsin? Qırılan qırıldı, qalanları da düzdərdə qalıb. Budey, top-tüfəng qulağımızın dibində atılır e.

 – Sehri, mən uşaq-zadam mənə təskinlik verirsən, ürək-dirək verirsən. Yoxsa elə bilirsən Sərdar heç nə anlamır, ya ürəyi daşa dönüb.

Atam qəfil susdu, bir xeyli səs eşidilmədi. Bu dəfə onun səsindəki qəzəbi qəhər əvəz elədi:

– O top-tüfəngin səsini mən də eşidirəm. Ürəyimdən qara qanlar axır. Fikirləşirəm ki, yenə hansısa kəndi, el-obanı viran qoydular. Günahsız insanlar güdaza getdilər. Görəsən kişiləri qolu bağlı, əli bağlı xəlvətcə tutub girov apardılar. Bunları düşünəndə anamın səsi gəlir qulağıma:

– Gecənin bir aləmində qapı zərblə açıldı. İki nəfər bazburtlu adam girdi içəri. Atan işdən yorğun-arğın gəlmişdi. Evin küncünə döşəkcə atmışdım ki, uzanıb dincəlsin. Qəfil içəri girən cavan adamları görüb dikəlib oturdu. Rəngi ağarıb ağappaq olmuşdu. Geyimlərindən bilinirdi ki, onlar hökumət adamlarıdı. Yekəpər, nər kimi oğlan üzünü anana tutdu:

– Ayağa qalx, bizimlə getməlisən.

Elə bil atanın ayağa durmağa taqəti yoxdu. Elə oturduğu yerdən tərpənmədən soruşdu:

– Hara getməliyəm, niyə getməliyəm?

– Çünki sənin üstündə bəy oğlu, qolçomaq oğlu kimi bir damğa var.

– Mənim atam gecə-gündüz işləyib özünə gün-güzəran düzəltmişdi. On-on beş qoyunu, dəvəsi, atı, mal-qarası vardı. Nəyi vardısa verdi hökumətə. Özü də mərdi-mərdanə dedi ki, məni tutun aparın. Amma balalarıma dəyməyin. Mən də dəmiryolda fəhləlik edirəm. Görürsən, bir bölük balam var. Onlara bir parça çörək pulu qazanıram.

Bu dəfə o biri oğlan atanın sözünü kəsdi:

– Burda bizə nağıl danışmayın, lazım olan yerdə danışarsız. Bizə belə əmr olunub, biz də öz işimizi yerinə yetiririk.

İrəli yeriyib atanın qolundan tutmaq istəyəndə anan onun əlini geri itələyib dedi:

– Özüm duraram.

Qapıya sarı yeriyəndə hamınız atanızın ayaqlarına sarmaşıb ağlaşdınız. Atan üzünü mənə tutdu, nə hiss etdisə dedi:

– Ağlama, Əbilin qızı, möhkəm ol. Uşaqları kənara çək. Onda sənin ağlın heç nə kəsmirdi Sərdar. Amma elə ağlayırdın, ürəyim soğan kimi soyulurdu. Hökumət adamları onun qolundan dartıb evdən çıxartmaq istəyəndə atan yenə dilləndi:

– Bunlar hamısı qırmızıgöz Feyzinin əməlləridi. O çox uşaqları atasız qoydu. Evləri dağıtdı.

Mənə baxıb son sözünü dedi:

– Qorxma, möhkəm ol. Səni Allaha, balalarımı da sənə tapşırıram. Gec-tez haqq yerini tutacaq və mən qayıdıb gələcəm. Amma atam heç vaxt qayıtmadı. Sən də bunu bilirsən, Sehri. O top-tüfəngin səsini eşidəndə televizorda, girov götürülmüş adamları göstərəndə elə bilirəm yenə qəfil qapımız zərblə açılır. Nər kimi, canlı-cəsəddi hökumət adamları üzünü, gözünü yadıma sala bilmədiyim atamı tutub harasa aparırlar.

Anam özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Bütün bunlar bir anın içində Şahbazın gözü önündə canlananda o da bu xəlvət yerdə başını əlləri arasına alıb hönkürdü. Şahbaz ağlaya-ağlaya düşünürdü ki, dünya həmin dünyadı. Ancaq yeni satqınlar, dünyanı qan ocağına çevirən şeytanlar meydana çıxıb. Qırmızıgöz Feyzi kimi satqınların saqqalı ermənilər, onlara bənzəyən xaricdən gəlmiş dini təriqət dəllalları və nə qədər qorxunc bəlalar və bu bəlaların səbəbkarları çıxıb meydana. Danışmaq isə elə ondakı kimi qorxulu idi və bu kəndin insanları da susurdular. Bütün dünyada olduğu kimi.

İndi Şahbaz da Güllü də bu çəkilməz dərdi təkbaşına çəkirdilər. Göz-gözə, üz-üzə gəlməyə qorxurdular. Çünki daha danışmağa söz tapmırdılar. Söz də balaları kimi, onların səsi, nəfəsi, gülüşləri, ayaq tappıltıları kimi qəfil yoxa çıxmışdı.

Güllü də Şahbaz təki ürəyini boşaltmaq üçün xəlvət yer tapmışdı. Bu xəlvət yer evin arxa tərəfində, gündöyəndə əkilmiş gül ağacının yanı idi. Bu gül ağacını Gülgəzin nənəsi nəvəsi üçün əkmişdi. Adını da belə qoymuşdu: – Gülgəzin gülü. Demişdi ki, qohumda görmüşəm bu gül ağacını. Ağac nədi e, tamaşadı, tamaşa. Al qırmızı gülləri adamın üzünə gülür. Gör qurban olduğum Allah öz bəndələrini nə qədər istəyib ki, belə gözəlliyi yaradır. Bax, mən də bu tingi Gülgəzin adını tutub əkirəm. Deyirəm, Gülgəz balamın da bəxti, taleyi bu gül kimi gözəl, göyçək olsun. Evin gündöyənində əkilmiş balaca ting böyüyüb ağac oldu, al-qırmızı gülləriylə baxanların üzünə güldü, könlünü oxşadı. Amma Gülgəzin bəxti-taleyi bu gül kimi olmadı. Güllü solub-saralmış üzündə nisgillə baxan gözləriylə gül ağacını oxşaya-oxşaya pıçıldadı:

– Ay xala, sən dünyadan köç edib getdin. Yaxşı ki, bu günləri görmədin. İndi Gülgəzin gülü kimsəsiz qalıb, yetim qalıb. Bir vaxtlar nəvən də sənin kimi bu gülün nazını çəkərdi, pərvanə kimi başına dolanardı, qoymazdı ki, yarpağına toz qonsun. Dörd-bir yanını süpürərdi, sulayardı. Və həmişə də bu mahnını oxuyardı.

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Elə gəlsin, elə getsin

Aramızda söz olmasın.

 

Bu mahnıya bəndmiş kimi Gülgəzli günlər gəlib gözü önündə dayandı:

– Ay Gülgəz, elə oxuyursan ki, adamın ürəyi titrəyir.

– Düz deyirsən, Pərişan?

– Əlbəttə, düz deyirəm. Görmürsən hər dəfə səsini eşidən təki qaçıb gəlirəm. Pərişan bir əlində uzun saplaqlı süpürgə, bir əlində suçiləyən qab həyətin ortasında dayanmış Gülgəzə baxaraq qəhqəhə çəkdi. Qəfil güldüyü kimi, qəfil də susdu. Onu ilk dəfə görürmüş kimi başdan-ayağa süzüb dedi:

– Allah sənə hər şey verib. Gözəllik, qəşəng səs, sinifdə də ən yaxşı oxuyan qız idin. Xətrinə dəyməsin e. Nə vaxt səni görürəm, Güllü xala kimi bir əlində süpürgə, bir əlində suçiləyən qab. Heyif, gərək şəhərə gedib təhsilini davam etdirəydin.

Gülgəz əlindəkiləri pərt halda bir tərəfə tullayıb:

– Elə danışırsan ki, Pərişan, elə bil heç nə bilmirsən, – deyib incik-incik qonşu qızı süzdü:

– Məni qoydular ki, oxuyum?

Dedilər qarışıq zamandı, dolanışıq çətindi, kasıbçılıqdı, nə bilim nə.

– Yaxşı kasıbçılıq idi, dolanışıq çətindi, buna sözüm yoxdu. Bəs niyə Kamranı göndərdilər, səni yox?

– Bəs bilmirsən, mən qız uşağıyam. Kamransa oğuldur, oğul. Mən oxumasam da olar. Qızınkı odur ki, ərə getsin, dünyaya övlad gətirsin və evdə oturub uşaqlarına baxsın. Pərişan, inan, mən heç təsəvvürümə belə gətirməzdim ki, dünyanın bu vaxtında valideynlərimin dilindən belə sözlər eşidəcəm. Elə  bilirdim ki, belə sözləri ancaq kitablarda oxumaq olar.

– Sən üzü yolasan e Gülgəz. Mən olsaydım, dünyanı dağıdardım. Sən istəsən sözünün üstündə durardın. Deyəsən, daha kitab-zad oxumursan? Həvəsdən düşmüsən?

– Hə, elədi… Görünür ötəri həvəsmiş. Yoxsa sən demişkən, sözümün üstündə durub geri çəkilməsəydim, gec-tez bəlkə də razılıq verərdilər.

Birdən Gülgəzin halı dəyişdi, gözlərində yaş gilələndi. O, səssiz-səmirsiz ağlamağa başlayanda Pərişan yaxına gəlib rəfiqəsinin boynunu qucaqladı:

– Ağlama, Gülgəz, xahiş edirəm, ağlama. Eybi yoxdur, bu il olmasın, gələn il gedib oxuyarsan.

Gülgəz ağlar səslə etiraz etdi:

– Yox, Pərişan, bu heç vaxt olmayacaq. Atam da, anam da mənim qəlbimi qırdılar. İndi yox e, onlar mənim ürəyimi çoxdan qırıblar.

Belə danışma, Gülgəz. İndi hirslisən, ona görə belə deyirsən. Atadan-anadan başqa heç kəs sənin halına yanıb, qayğını çəkə bilməz.

– Elə bilirsən mən onları çox istəmirəm? Gülgəz hələ də yaş süzülən gözlərini Pərişana dikib başını yırğaladı:

 – Mən atamdan, anamdan ötrü canımı da qurban verərəm. Onlar məni ac qoymayıblar, susuz qoymayıblar. Bir az qızdırmam qalxanda anam gecə səhərə qədər başımın üstündə oturub. Hələ atam? Nə istəmişəm alıb gətirib, bir sözümü iki eləməyib.

Ancaq hər şey bununla bitmir axı? Qoy, sənə bir şey danışım. Onda başa düşəcəksən ki, mən nə demək istəyirəm. Bir dəfə beş dərsin hamısından beş almışdım. Dərsdən çıxıb birnəfəsə evə qaçdım. Elə istəyirdim ki, anam da, atam da yan-yana düzülmüş bu beşləri görsünlər. Mən sevindiyim kimi onlar da sevinsinlər. Həyətimizə girəndə qaça-qaça gəldiyim üçün nəfəsim təngiyirdi. Gördüm ki, anam yekə bir hinduşkanın dalınca düşüb qaçır. Ancaq nə qədər istəsə də hinduşkanı  tuta bilmirdi. Mən əlimdəki gündəliyimi yuxarı qaldırıb anama tərəf qaça-qaça qışqırdım:

 – Ana, ana, mən dərslərimin hamısından beş almışam. Elə qışqırdım ki, deyəsən anam qorxub ayaq saxladı və mənə tərəf yeriyə-yeriyə karıxmış halda soruşdu:

– Noolub, Gülgəz? Niyə qışqırırsan?

– Ana, bax, beşlərə bax, – deyərək gündəliyin açılmış səhifəsini onun gözləri önündə saxladım. Anam gözlərini döyərək fağır-fağır baxır, deyəsən mənim sevincimin səbəbini anlaya bilmirdi:

– Ana, sırayla düzülmüş beşləri görmürsən? Hamısını bu gün almışam e.

Anam heç sevinmədi, başını yelləyib:

– Hə, gördüm, gördüm, – dedi. Qardaşların yaxşı oxumadı. Barı sən oxu.

– Ana, gündəliyimə bax. Hər gün beş alıram e, gör nə qədər beşlərim var. Al, bax da gündəliyimə.

– Yaxşı, Gülgəz, sonra baxaram, indi əlimdə işim var. Deyəsən, hinduşkalara xəstəlik yoluxub. Ona bax, o yekə hinduşkanı görürsən, Gör pipikləri necə bozarıb. Səhər heç dən də yemədi. Özü də erkək hinduşkadı e, mən onu damazdıq saxlamışam.

Anam hirslənə-hirslənə yenə hinduşkaya sarı qaçaraq dedi:

– Gərək ona tez dərman verim. Yoxsa, zəhmətim hədər gedəcək, hinduşkaların hamısı qırılacaq. Allah göstərməsin, Allah göstərməsin. Mən onda balacaydım. Özü də anamı o qədər istəyirdim ki, onu incitməkdən çox qorxurdum. Anam hinduşkanın dalınca, mən isə əlimdə gündəlik onun böyrünə, qaça-qaça deyirdim:

– Ana, sən onu tuta bilməyəcəksən. Qoy atam gəlsin, Sərxan gəlsin, tutarlar.

– Atan da, qardaşların da gecə yarısı gələcəklər. Onda hinduşkalar, toyuq-cücələr hinə doluşub yatışacaqlar. Özüm tutacam.

Anam bu sözü deyib hasarın dibinə qısılmış hinduşkanı tutmaq istəyəndə mən sevincdən qışqırdım. Mənim qışqırtım anamı karıxdırdı. Hinduşka onun əlindən çıxıb qaçdı. Anam dizinə vurub mənə sarı çevrildi. Həmişə mehriban-mehriban baxan gözləriylə məni acıqlı-acıqlı süzüb başını yellədi:

– Görürsən, az qala tutmuşdum. Niyə aman vermirsən işimi görüm? Niyə böyrümə düşüb qaçırsan? Eyin yıxılsın fələk, indiki uşaqlarla bacarmaq olmur e.

Deyinə-deyinə yenə hinduşkaya sarı tələsdim. İlk dəfə ürəyimdə anama qarşı xoşagəlməz bir hiss duydum. O qədər incimişdim ki, qəhərdən boğulurdum. Evə qaçıb hönkür-hönkür ağladım. Elə bilirdim ki, anam ağladığımı hiss edib dalımca gələcək, amma gəlmədi. O işini qurtarıb evə gələndə hava qaralmışdı. İçəri girçək işığı yandırıb:

– Qaranlıqda niyə oturmusan? – dedi. Sonra soruşdu ki, yemək yeyibsən? Mənsə anamdan başqa şey gözləyirdim. Gündəliyi sinəmə sıxıb dinməzcə oturmuşdum. Gözləyirdim ki, bu dəqiqə mənə yaxınlaşıb böyrümdə oturacaq, üzümdən öpə-öpə deyəcək:

– Hə, indi gəl bir yerdə gündəliyimə baxaq. Görək bu vaxta qədər nə qədər beş almısan. Anamsa mətbəxə sarı yeriyərək:

– Gecə düşüb, – dedi. İndi atan da, qardaşların da gələcək, məndən yemək istəyəcəklər. Gedim, yeməyi, çayı qızdırım.

O, mətbəxə girdi, mən isə acı bir qəhərdən boğulurdum. Az sonra mətbəxdən qab-qaşıq cingiltisi eşidildi, xörəyin dadlı iyi otağı bürüdü. Göz yaşları içində otağıma qaçıb pal-paltarlı yatağıma sərildim. Gündəliyi üzümə sıxıb yenə hönkürdüm.

Son kəlmələr Güllünün içində elə bir acıyla-ağrıyla səsləndi ki, Gülgəz iki əliylə başına bir qapaz vurub inildədi:

– Elə onda gərək Allah mənim canımı alaydı, mənim bu işıqlı dünyada gəzməyə haqqım yoxdu. Sən düz deyirdin, Gülgəz. Deyirdin sən necə valideynsən, sən necə anasan ki, bircə dəfə mənimlə diz-dizə, göz-gözə oturub söhbət eləmədin. Nə vaxt səninlə ürəyimin sözünü bölüşmək istədim, eşitdiyim bu sözlər oldu:

– Sonra, Gülgəz, sonra danışarıq. İndi əlimdə işim var. Mən təklikdən boğulurdum. Məni oxutmadınız, elə günə saldınız ki, kitab da gözümdən düşdü. Bir vaxt ayılıb gördüm ki, əlimdə kitab əvəzinə süpürgə var, su çiləyən qab var, xəkəndaz var. Məni də özünə oxşatdın, ana. Fərq ondaydı ki, sən gördüyün işi ürəklə görürdün, sevə-sevə görürdün. Mənimsə ürəyim qan ağlayırdı. Səhər yerimdən qalxıb həyətə qaçırdım. Evin gündöyən yerində nənəmin əkdiyi gülü də, hasar boyu əkdiyim gülləri də sulayanda da heç eynim açılmırdı. Uzun saplaqlı süpürgəni götürüb həyəti süpürüb sulayanda da gözlərim yaşla dolub boşalırdı. Nə yaxşı ki, bu mahnı vardı və mənə həmsöhbət, ürək dostu olan bu mahnıyla birgə içimdəki qəhər də dağılıb gedir və beləcə ürəyim boşalırdı:

– Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Qəfil içindən  püskürən hönkürtü ayların, günlərin o tayında qalmış mahnını susdurdu. Ürəyi elə sızladı ki, gözlərindən yaş sıçradı. İçindəki sızıltı səsinə də keçdi.

– Başına dönüm, qadasın alım, Gülgəz, bala, mən sənə analıq edə bilmədim. Sən mənim qanmazlığımın güdazına getdin. Mən də günahkarı başqa yerdə axtarıram. Güllünün yaşlı gözləri ətrafı dolaşdı. Çoxdan bəri dərin və qəmli bir sükut içində uyuyan bu ev-eşik də, həyət-bacada hər şey yerində idi. Ora-bura qaçışıb yem axtaran toyuq-cücələr, bağ-bağatın qurtaracağındakı otlaqda otlayan qoyun-quzular, göylərə dikələn ağaclar, Gülgəzin hasar boyu əkdiyi gül-çiçəklər, günü-gündən qollaşıb-qanadlanan al rəngli gülləriylə baxanların ürəyini oxşayan Gülgəzin gülü də yerindəydi. Bircə Gülgəz yox idi. Sən bu gülləri, çiçəkləri, ağacları, bu kəndin hər şeyini çox istəyirdin, Gülgəz.

Şəhərə – bibingilə gedəndə  üç-dörd gün keçməmiş geri dönərdin, Gülgəz. Bağ-bağçanı dolaşardın, gül-çiçəkləri qoxlayardın, əzizləyərdin. Səhərin təmiz havasından sinədolusu nəfəs alıb deyərdin:

– Yox e, o dörd divarın arasında oturmaq mənlik deyil. Kəndimin  daş-kəsəyinə də qurban olum. Noldu, bala? Noldu, Gülgəz. Kim səni yolundan azdırdı? Kim sənin ağlını oğurladı? İmranmı, səni yoldan çıxartdı. Onun səni sevdiyi günə daş düşəydi, bala. Omu səni bu kənd-kəsəkdən, el-obadan ayırıb apardı? Niyə onun sözünə baxdın, Gülgəz. İki körpəsiylə, uzaq, yad diyarda yesir olan balam, vay. – Güllü nəfəsini dərib islaq üzünü yaylığıyla quruladı:

– Bax, görürsən, ananın gününü? Dilsiz-ağızsız bu gülün umuduna qalmışam Gülgəz. İndi çəkirəm cəzamı. Necə qanmaz oldum, necə kor oldum Gülgəz. Səninlə danışmağa vaxt tapmadım. İndi səhərimi sənin gülünün dibində axşam eləyirəm. Nə qədər danışıram, sözüm qurtarmır, Gülgəz. – O qədər çarəsiz, o qədər ümidsiz qalırdı ki, üzünü göylərə tutub Allahdan imdad diləyirdi:

– Ey gözəgörünməz Allah, ey bizi yaradan Allah, yaratdığın bəndələrə rəhmin gəlsin. Qaytar mənim Gülgəzimi, qaytar mənə o iki körpə nəvəmi. Onları bu yola vadar edənin cəzasını ver, Allahım. İlahi, axı o dinsiz-imansızlar hardan gəlib çıxdılar bu kənd-kəsəyə?

Bu an oğlu Sərxanın səsi gəldi qulağına:

– Siz bu vahabilərə haramzada, dinsiz-imansız deyirsiz. Ay bədbaxtlar, əməli-saleh adamlardı.

– Kəs səsini, qeyrətsiz, beyinsiz, axmaq. Gör, olmayan beynini necə doldurub e.

Şahbaz qəzəbdən kallaşmış səsiylə oğlunun sözünü kəsdi:

– Sən o şalvarı gödəklərə əməli-saleh adam deyirsən? Ə, a qeyrətsiz, onlar sizin təki səfehlərin beynini necə doldurub ki, doğma ata-ananızı unudub onların sözüylə oturub durursuz. Bunun saqqalına bax, dizdən yuxarı şalvarına bax. Ə, belə şey harda görünüb? Ə, utanmırsan bu görkəmdə camaatın içinə çıxırsan? A qeyrətsiz, heç bilirsən bu yolda səni nə gözləyir?

Oğlu Sərxan heç halını pozmadan sakitcə dedi: – Bilirəm, bu yolda məni nə gözləyir? Bu yol məni hara aparır.

– Nə gözləyir, ay axmaq! Hara aparır bu yol səni?

– Bu yol məni cənnətə aparır. Bu dünya fanidir, beş günlükdür. Əbədi dünya ordadı:

– Ə, sənin nə vaxtındı ki, indidən o dünyanı düşünürsən? Sən hansı işləri görürsən, kimə xeyrin dəyib, hansı yıxılanın qolundan tutub qaldırıbsan ki, cənnət eşqinə düşübsən, ay axmaq, ay beyinsiz.

– Əsas bilirsən nədi? Əsas odu ki, gərək doğru-düzgün ibadət edəsən. Qurban olduğum Allahın qullarıyıq biz. Allah deyir ki, siz bəndələri yaratmışam ki, mənə ibadət edəsiniz. Mən də Allahın dediklərini yerinə yetirirəm. Gündə beş dəfə namaz qılıram, dua edirəm.

Burda deyəsən Şahbazın sözü tükəndi. Heç ayaq üstə dayanmağa da gücü çatmadı. Taqətsiz halda stulda oturdu və indi danışanda səsində qəzəb deyil, yumşaqlıq vardı:

– Hə, namaz qılmaq da, dua etmək də çox gözəl şeylərdi. Yaxşı, bəs Camal müəllimin o boyda, nər kimi oğlu birdən-birə hara qeyb oldu? Yoxa çıxdı. Axı, hamınız bir yerə yığışıb söhbətləşirdiniz. Bəs uşaqdan xəbəriniz yoxdu? Atası, anası başını döyə-döyə qalıb axı. Düzlərdə əsir-yesir qalıblar axı. Heç on-on beş gün deyil vahabilərin bu kənddə peyda olduqları. Budu, bax, bir cavan xəbərsiz-ətərsiz yoxa çıxdı. Valideynləri bilmirlər ki, oğullarını harda axtarsınlar, kimdən soruşsunlar. Bir şey bilirsənsə, get o atanı, ananı sakitləşdir də. Axı, sən də o saqqallılarla oturub durursan. Əməli-saleh adamlar, əsil mömin adamlar övladı ata-anasından ayırıb gözü yaşlı qoyar?

Deyəsən, Sərxan atasının yumşaq-yumşaq danışmasından xoşlanıb dilləndi:

– Bunun başqa tərəfi də var axı. Bu gün göz yaşı tökən valideynlər bilməlidirlər ki, onların balaları Allah yolunda cihada gedirlərsə, bu yol onları cənnətə aparır. Əbədi dünyada onların yolunu cənnət gözləyir. Şahbaz qəzəbini boğub yenə sakit səslə soruşdu:

– Belə çıxır ki, sən Camal müəllimin oğlunun hara getdiyini bilirsən.

– Dəqiq deyə bilmərəm. Məncə Suriyaya gedib.

 Niyə gedib, bala, nə üçün gedib?

– Allah yolunda cihada – vuruşub ölməyə gedib.

Şahbaz dözə bilməyib yerindən qalxdı:

– Ə, o Suriya bu dəqiqə şeytan yuvasına dönüb e. Bilinmir kim-kimə qarşı vuruşur. Haqlı kimdi, haqsız kimdi? Arada günahsız uşaqların, anaların, qocaların qanı tökülür. Meyidlər qalıb küçələrdə. Top-tüfəngin altında qalan sahibsiz uşaqların qorxudan bağrı çatlayır. Sən onları televizorda görmürsən? Nə qədər dilsiz-imansız olasan ki, belə yerdə Allah yolunda ölümə getməkdən danışasan. Ay qeyrətsizlər, Allahın yolunda  cihada getmək istəyirsinizsə, gedin Qarabağda vuruşun, ölün, cənnətə gedin.

Bu söhbət çox uzandı. Acığından rəngi qap-qara buluda dönmüş Şahbaz kallaşmış səslə oğlunu hədələdi:

– Bax, mən sənə çox dedim, dilə tutdum. Dedim Sərxan, bala, bu yoldan qayıt. Saqqalını qırxdır, əməlli-başlı paltar gey əyninə, məni camaatın içində hörmətdən salma. Sən məni eşitmədin. İndi bax, axırıncı dəfə deyirəm. Ya bu yoldan qayıt, ya da bu evin yolunu unut.

Şahbazın rəngi danışdıqca lap qaralırdı, elə təngiyirdi ki, az qalırdı nəfəsi kəsilsin, gözləri qan çanağına dönmüşdü. Ancaq oğlu elə bil bütün bunları görüb hiss eləmirdi. Sakitcə, halını pozmadan qapıya sarı yeriyib:

– Yaxşı, mən gedirəm, – dedi. Bu yoldan dönən deyiləm. Amma siz hamınız cəhənnəmə gedəcəksiniz. Çünki dünya malı, nəfs sizin gözünüzü tutub.

Oğlunun sözlərindən az qala ağlı başından çıxan Şahbaz qapıya sarı yeriyib oğlunun yaxasından tutdu:

– Sən hansı dünya malından, nəfsdən danışırsan, ay qeyrətsiz. Çıxart o pulları cibindən, tez ol çıxart.

Karıxıb qalmış oğlunun tərpənmədiyini görən ata onun ciblərindən çıxartdığı pulları yerə tulladı:

– Ə, cənnətdən, namazdan danışıb kimin gözünə kül üfürmək istəyirsiniz. Sizi şirnikləndirib yolundan azdıran bu pullardı. Bu dünyada rahat, gözəl həyat o dünyada cənnət vəd edib sizin kimi qeyrətsizləri bax, belə güdaza verirlər.

Bu söhbətdən üç-dörd gün sonra işdən tez gələn Şahbaz arvadını səslədi:

– Güllü, hardasan, ay Güllü?

Güllü qorxu içində ona tərəf qaçıb:

– Noolub, ay Şahbaz. Uşaqlara nəsə olub? – dedi:

– Yox, hələ ki, bir şey olmayıb. Amma belə getsə nəsə olacaq. Güllü nəsə demək istədi, kişi onu danışmağa qoymadı:

– Eşit gör nə deyirəm. Gedirsən İmrangilə, uşaqları da, Gülgəzi də götürüb gətirirsən bura.

– Niyə ay Şahbaz, nolub axı?

Şahbazın qəzəbli səsi yenə Güllünün sözünü kəsdi:

– Heç nə soruşma, get uşaqları da, qızı da gətir.

Ərinin çox acıqlı olduğunu hiss edən Güllü  qorxa-qorxa dilləndi:

– Elə indi gedim? Bir azdan qaranlıq düşəcək, ay Şahbaz. Bu gecə gözü…

– Yaxşı, yaxşı, onda sabah gedərsən. Özü də səhər-səhər gedərsən. Oturub günortanı gözləmə.

Güllü təəccüb və qorxu içində çaşıb qalmışdı. Ərindən nəsə soruşmağa da ehtiyat edirdi. Qorxurdu ki, bu dəfə nəsə soruşsa Şahbaz ona ağır söz deyib sözünü yenə kəsəcək. Şahbaz yenə danışmağa başlayanda Güllü özündə bir yüngüllük hiss elədi.

– Mən dedim də o tülkü bu qıza layiq adam deyil. Kişinin ağzından çıxan bu acıqlı kəlmələr Güllünü yenə qorxuya saldı:

– Təkcə qıza yox e, bizim nəslimizə, kökümüzə bab adam deyildi, nə o gədə, nə də onun anası, atası. Bilmirəm, hardan azıb-təzib gəliblər bu kəndə? Qaraçıya oxşayırlar. Sənin o kürəkənin də çiyninə bir fotoaparat keçirib toyxanaların qabağında sülənirdi. Ortalığa çıxdımı, bir adama imkan vermirdi, toy qurtarana kimi atılıb-düşürdü. Bir-iki şəkil çəkməklə ailə saxlamaq olar?

Arvadını qanlı-qanlı süzüb başını yırğaladı:

– İndi də toyxanada toy eləyən yoxdu. Hamı restoranda edir toyunu. Restoranın da öz şəkil çəkəni,  video mühəndisi var. Qaldı ortalıqda, getdi qoşuldu vahabilərə. Nə var, nə var ayda beş-on manat pul verirlər. Belə qeyrətsizdilər e, mənim oğlum da elə onun kimi. Sonra da əstəğfürullah, Allahdan, namazdan, cənnətdən  danışırlar.

Kişi qəzəblə yerə tüpürüb dizini şappıldatdı:

– Belə dərd olar, belə zülüm olar?

– Noolub e, ay Şahbaz, noolub?

Kişi başını yırğalayıb yenə arvadını qanlı-qanlı süzdü:

– Az, sən fil qulağında yatıbsan? Bəlkə başın xarabdı? Heç nə anlamırsan? Səhərdən bir quranlıq söz danışmışam. Deyir, noolub? Oğullarımız o şeytanlara uyub yolunu azır, qeybə çəkilir. İndi də qızlarımız başlayıb.

– Ay Şahbaz, qurbanın olum, açıq danış, mən də başa düşüm. Hansı qızdan danışırsan? Gözəlin qızından danışırsan?

– Yox, kəndin o başında yaşayan Rəşidin qızından danışıram. O da getdi. Özü də yaxşı bir adamdı e. Qızı yanında bir uşağı, özü də hamiləymiş, qoşulub ərinə gedib. Əri də qoşulubmuş vahabilərin dəstəsinə.

– Vay dədəm, vay. Bu kəndə hardan gəlib çıxdı bu qırılmışlar. Ermənilər bu millətə az zülüm eləmişdi? Bu qırılmışlar da bu yandan çıxdı. Odey, ermənilər gəlib gör hara çıxıblar. Top-tüfəng səsindən evimizdə rahat yata da bilmirik.

Güllü danışa-danışa dizini döyəndə kişi yenə səsini qaldırdı:

– Dizinə döyməkdən bir şey çıxmaz e. Günü sabah get, qızını, uşaqları da gətir. Qoynunda, qoltuğunda yatırt, gözdə-qulaqda ol. Mənim o İmrandı, nədi, ondan gözüm su içmir. Birdən qızı yoldan çıxardıb götürüb aparar. Ondan sonra gərək bu dünyada yaşamayasan, özünü asıb öldürəsən.

Səhəri gün günorta düşməmiş Güllü başıalovlu qaçdı İmrangilə. İmranın anasını dilə tutub Gülgəzi də, uşaqları da götürüb gətirdi. Evə çatan kimi Güllü dünən ərinin danışdıqlarını bir-bir qızına çatdırdı. Güllü elə tələsik, elə həyəcanla danışırdı ki, elə bil  danışdıqlarının kiminsə eşidəcəyindən qorxuya düşüb vahimələnirdi. Güllü susan kimi Gülgəz gülə-gülə dedi:

– Ay ana, demə sən əməlli-başlı danışa bilirmişsən, lap bülbül kimi ötürsən. Gör e, bircə dəfə mənlə, bax belə üzbəüz oturub söhbət eləsəydin, vallah hər şey başqa cür olardı.

Güllü sözünə ara verib köksünü ötürdü. Bu dəfə səsindəki kinayəni qəhər əvəz elədi:

– Elə istəyirdim ki, hərdən beləcə ana-bala oturub dərdləşək. Mən ağzımı açıb bir söz deyəndə hər dəfə eyni sözləri eşidirdim: – İşim yaman çoxdu e, Gülgəz, çatdıra bilmirəm. Toyuq-cücəyə dən səpməliyəm, qoyun-quzuya ot yolmalıyam. Nə bilim nə… Mən də deyirdim ki, işin çoxdu, de sənə kömək eləyim. Deyirdin yox, sən bacarmazsan.

Mən öyrəşmişəm e, Gülgəz. Gərək öz işimi özüm görəm. Başqası eləyəndə ürəyimə yatmır. Bir də ki, böyüyəndə sən də işləyərsən. Böyüdüm, sənə kömək elədim. Amma heç nə dəyişmədi. Yenə iş, iş. Bundan başqa heç nə… Sənə baxırdım, qəhər məni boğurdu, sonra bu qəhər acığa çevrildi. Səndən elə incidim ki, ona ürəyimdə fikirləşirdim ki, anam üçün hər şey, ev-eşik, toyuq-cücə, qoyun-quzu, hətta it-pişik də məndən dəyərlidi.

Vay, vay, evin yıxılsın dədəm, qız nə danışır? Gör bir nə fikirləşirmiş. Gülgəz bala, sizdən ötrü qaçırdım dana. Deyirdim, qoy balalarım heç nədən korluq çəkməsinlər. Bəy balası kimi yaşasınlar.

– Bəs axırımız, noldu, ana?

Güllünün al yanaqlı dəyirmi üzü avazıdı, gözlərində yaş gilələndi:

– Niyə belə deyirsən, Gülgəz? Axır nədi? Sizin ömrünüz hələ qabaqdadı. Bir də ki, Allaha şükür, nolub ki?

Güllü sözünə ara verib qızına elə bir baxışla baxdı ki, elə bil qızının niyə belə danışdığını anlaya bilmirdi. Gülgəz anasının heyrətli baxışlarından əsəbiləşdi, özünü saxlaya bilməyib səsini qaldırdı:

– Yoxsa bəy balası kimi saxladığın uşaqların bu günkü halından da xəbərin yoxdu ? Yenə iş-güc başını qatıb? Hələ gözlərin açılmayıb?

Gülgəz elə qəhərləndi ki, səsi titrəyib qırıldı. Güllü yerində donub qalmışdı. Gözlərini fağır-fağır döyərək deməyə söz tapmırdı deyəsən. Gülgəz göz yaşları içində dilləndi:

– Görürsənmi, təkcə işləməklə heç nəyi yoluna qoymaq olmur, ana.

Güllünün qızının üzündə donub qalmış heyrət dolu gözlərindən yaş töküldü. Bir anın içində hamar, yumru, dolu sifəti göz yaşlarından islandı. Danışanda səsi əsim-əsim əsdi:

– Yəqin xətrinə dəymişəm, – Gülgəz. Yoxsa belə danışmazdın. Bağışla məni, qızım. Mən ağlım kəsəndən işləmişəm. Dörd bacı, üç qardaş idik. Qardaşlarım oxudular, bizi oxutmadılar. Dedilər, qız nədi oxumaq nədi. Qız evin dərd-səriylə, iş-gücüylə məşğul olsa bəsidi. Bundan başqa heç nə bilmirəm, Gülgəz.

Anasının göz yaşları da, əsib-titrəyən səsi də Gülgəzin ürəyini soyutmadı:

– Sən oxumadın deyə, məni də oxumağa qoymadın?

– Mən kiməm, qızım? Güllünün sinəsindən yanğı dolu bir səs qopdu:

– Atan belə dedi. Dedi ki, qarışıq zamandı, it yiyəsini tanımır. Qızı şəhərə necə buraxım? Gözümüzün qabağında olsa yaxşıdı.

– Bu atanın fikri oldu. Niyə o dəqiqə razılaşdın? Niyə məndən heç nə soruşmadın? Bax, İmranın elçiləri gəlmək istəyəndə də sən belə dedin. Dedin ki, atan deyir ki, o gədə Gülgəzin tayı deyil. Heç onların ailəsi də bizə bab adam deyil. Ona görə də heç bir elçi-zad bu qapıya gəlməsin. Atam nə deyirdi, sən də tutuquşu kimi təkrar edirdin. Axı, sən məni dünyaya gətiribsən. Sənin də ana kimi nəsə deməyə ixtiyarın var. Ən azı məni yanına çəkib təklikdə soruşmalıydın. Gülgəz, bala,  sən nə deyirsən? Sən bu İmranı istəyirsən, ya yox? Sən bunu da eləmədin, ana! Sən belə, bacı yox, qardaşlarım, atam da axşam evə gəlib ancaq futbola baxırdılar. Mən tək idim, ürəyimdə elə bir  inciklik vardı ki, hər gün yatmazdan qabaq yuxuya gedənə qədər ağlayırdım. Pərişan burda olanda məni darıxmağa qoymurdu. O şəhərə gedəndən sonra daha dözə bilmədim. İmrana qoşulub çıxıb getdim. Amma heç bir ay keçməmiş başa düşdüm ki, evimizi tərk edib getmək həyatımın ən böyük səhvi idi. Atam düz deyirmiş, o heç mənim tayım deyilmiş. İmranla mən başqa-başqa adamlardıq, elə ata-anası da sizə tay deyilmiş. Amma oxusaydım, əlimdə işim-gücüm olsaydı, mən heç İmranın üzünə də baxmazdım.

Gülgəz bu sözləri deyib hıçqıranda Güllü yerindən dik atılıb qızının boynuna sarıldı:

– Anan ölsün, Gülgəz, anan ölsün. Sən nə zülümlər çəkibsən. Düz fikirləşirdin, mənə ana demək olmaz. Ana olan kəs gözünün qabağnda olan balasının nə zülümlər çəkdiyini başa düşməz? Düz deyirdin, bala, məni bu dünyada işləməkdən başqa qandığım bir şey olmayıb. Neçə dəfə atan guya zarafatla mənə deyib ki, Güllü mal-qara başını aşağı salıb otlayan kimi sən də bütün günü səsini  çıxarmadan başını aşağı salıb elə hey işləyirsən. A zalımın balası, gəl beş dəqiqə qıçını qatda otur, çayını iç, yeməyini ye, söhbət elə. Ay bədbəxt, iş həmişə olacaq. İş qurtaran deyil. Nə vaxt ki, əl-ayağını uzadıb dünyadan köç edəcəksən, iş də onda qurtaracaq. Sən də, atan da düz deyirmiş, bala. Elə bil Allah mənim gözümü bağlayıbmış.

Güllü susub zülüm-zülüm ağlamağa başlayanda Gülgəz də anasına sarıldı. Və başını anasının köksünə söykəyib bir xeyli danışmadı. Danışmasa da dinməzcə anasına daha çox sarılır, sanki ruhunu, qəlbini ona əzab verən incikliklərdən, gileylərdən xilas etmək istəyirdi. Güllüsə nə yerindən qımıldanır, nə də bir söz deyə bilirdi. Qorxurdu ki, yenə nəyisə düz eləməz.

Gülgəzin incikliyi, umu-küsüsü bir az da çoxalar.

  – Ana, ay ana, qurban olum sənə. Bayaqdan qızını özünə sıxıb fağır-fağır gözlərini döyən, ürəyində özünü danlayan, özünə qarğış edən Güllü sözləri eşidəndə diksindi. Qulaqlarına inanmırmış kimi nəfəsini belə qısıb yenə o səsi gözlədi:

– Ana, ay ana, hələ ürəyimdə sənə deməyə sözüm var ki, ana.

Axır ki, qorxu çəkilib getdi, Güllünün dili söz tutdu:

– Ana deyən dilinə qurban olum, Gülgəz. İstəyirsən döy məni, söy məni, qoy ürəyin dincəlsin. Nə sözün var de, danış, özünə zülüm eləmə.

Gülgəz başını anasının geniş, rahat sinəsindən ayıra bilmirdi. Arıq, solğun üzü elə rahat idi ki… Gözləri də bərk-bərk qapanmışdı, sanki şirin, uzun sürən bir yuxuya getmişdi.

– Ana, mən o evdə qala bilmirəm, onlar mənim günümü qara eləyiblər.

Daha Güllü dözə bilmədi:

– Günunu İmran qara eləyib, Gülgəz?

– Yox, ana, düzdü İmran fərasətsizdi, ailə saxlamağa qadir deyil. Amma ürəyi yumşaqdı.

– Amma anası… Gülgəz başını anasının sinəsindən ayırıb paltarının yaxasını dartışdırdı və boğulurmuş kimi təntiyə-təntiyə danışmağa başladı:

– Atam necə də düz deyirmiş. Sən yolda-rizdə qaraçı görmüsən də. Söz deyirsən qanmırlar, itələyirsən aralanmırlar. İstədiklərini almayınca əl çəkmirlər. Elə sırtıq və həyasızdılar ki, istədiklərini almayınca adamdan əl çəkmirlər. Bax, İmranın anası da elələrindəndir. Özü özündən başqa heç kəsin fikrinə, sözünə məhəl qoymur. Gərək onun sözü ilə oturub-durasan. Yoxsa, dünyanı başına uçurar. Heç bir ordu da onun qabağını ala bilməz. Bayaq danışdıqlarıma fikir vermə. Səni o qədər istəyirəm ki, ana, ona görə də sənin yanında ərkəsöyün olurdum. İstəyirdim nazımı  bir az da çox çəkəsən, daha çox diqqət yetirəsən, ana. Amma İmranın anasını görəndən sonra sənin qədrini bildim. İndi sənin ayaqlarından öpmək istəyirəm, ana.

– Elə demə başına dönüm, elə demə qadasın alım. Mənim də səhvim olub. Amma dünyada səhfsiz insan yoxdu.

– Hər kəs səhf eləyə bilər. Amma bu qadın o qədər qəddardı ki. İmran onun yanında ağzını açıb bir kəlmə danışa da bilmir. Əri o arvaddan it kimi qorxur. Qəhər Gülgəzi boğdu. Əlləriylə üzünü qapayıb danışmadı. Bu, bir an çəkdi. Güllü danışmaq istəyəndə Gülgəz onu qabaqladı:

– Mənsə, ana, bir tikə çörəyi qorxa-qorxa yeyirdim. Qorxurdum ki, indi hardansa çıxacaq, çörək boğazımda qalacaq.

– Bıy, Allah amandı, gör balamın ürcahına nətəhər zalım qayınana çıxıb. Anan ölsün, bala, bəs bu vaxta qədər sən orda nətəhər dözüb durubsan? Heç bizə də bir kəlmə söz deməmisən. Səni görəndə ürəyim qopdu, bala. Dedim, dədəm evin yıxılsın, qız niyə bu kökdədi. Üzünə deməyə qorxurdum, deyirdim pis olarsan. Heç yarı canın da qalmayıb, bala. Gülgəz bala, yetim-zad deyilsən ki. Niyə çıxıb dədənin bu gen-bol evinə gəlmirdin? Hə, indi dolanışıq çətinləşib, kasıbçılıqdı, ancaq insanlıq ki, ölmür. Sən də bilirsən, eşidəndə ki, qonum-qonşuda, qohum-əqrəbada, ya bir xəstə var, ya ehtiyacı olan kimsə var. Ya kimsə təkdi-tənhadı. Vaxt tapıb gedib evin-eşiyin təmizləyirəm, bir çörəyim varsa, yarı bölürəm, isti xörəyim olanda bir qab da çəkib aparıram. Allahın adın çəktb qapıma gələni dartıb evə salıram, süfrə açıb evdə nə varsa tökürəm qabağına. İndi gör mənim balamın qabağına nətəhər adam çıxıb. Fağır-fağır köksünü ötürdü: – Nə deyim vallah, Allah bilən məsləhətdi. Görürdün zalım adamdı çıxıb gələrdin də bala.

– Ay ana, sən özün də yaxşı bilirsən ki, ana olan kəs özünü yox, övladını düşünür. Nə qədər ki, ana olmamışdım, deyirdim ki, yüz uşaq ola, günüm xoş keçmiyən yerdə bir gün də oturmaram. Ana olandan sonra başqa cür fikirləşirəm. Deyirəm, hər şeyə dözərəm, təki uşaqlar üçün yaxşı olsun. Necə olsa da atadı də. Təki uşaqlar atasız qalmasın. Amma İmran da uşaqları çox istəyir. Onlar evdə olmasa gözünə yuxu getməz.

– Bəs, indi nolacaq? Atan özü məni göndərdi ki, get uşaqları, Gülgəzi gətir. Deməyindən belə çıxır ki, gözümüzün qabağında olsanız yaxşıdı.

Gülgəz fikrə getdi. Bir az sonra bikef və dalğın halda dilləndi:

– Mən hər şeyi bilirəm e, ana. Sərxan da qoşulub vahabilərə. Elə İmran da onun kimi. Bu saat kənddə hamı xof, qorxu içindədi.

– Hə, elədi, bala, elədi. Yaman zülmə düşmüşük. Atan dünən işdən elə vəziyyətdə gəlmişdi ki, bıçaq vursaydın, qanı çıxmazdı. Dünən də kənddən bir qız ərinə qoşulub gedib, özü də bir uşaq yanındaymış, biri də qarnında. Bu ikinci qızdı e, Gülgəz. Bəlkə hələ başqası da var, biz bilmirik. Bunları eşidəndən sonra adam az qalır havalansın.

Güllünün nəfəsi təngidi, fağır, mehriban bir baxışla baxan gözləri vahiməylə doldu. Dizinə döyərək:

– Allah amandı, Allah, – deyib üzünü göyə tutdu:

– Qiyamət günü gəlib çatıb deyəsən. Allah, sən özün dada yetiş. Günahkarların dilin bağla, yolun bağla.

– Ana, mən bu barədə danışmağa qorxuram e, ana. Səsimi içimə salıb o qədər fikirləşirəm ki. Elə ona görə ağac kimi qurumuşam də.

– Anan ölsün, Gülgəz, anan ölsün. Bala, necə olsa da, İmran sənin yoldaşındı, özü də səni istəyib alıb. İki dənə də gözəl-göyçək balası var. Onu dilə tut, yalvar-yaxar. De ki, o başı pozuqların yanında nə işin var?

– Elə bilirsən demirəm? Gecə səhərə qədər gözümə yuxu getmir e. Mən danışıram. Bir də görürəm o yuxuya gedib xoruldayır. Ay ana, bilmirəm bu vahabilər nə eləyirlər, nə danışırlar ki, adam dəyişib başqa cür olur. İmran deyib-gülən adam idi. İndi ağzın açıb danışmır, söz deyirsən eşitmir elə bil.

– Güllü adəti üzrə dizinə vurdu.

– Bax, elə Sərxan da belədi.

O gün atan nə qədər danladı, başa saldı. Xeyri yoxdu, sən demişkən elə bil fikri başqa yerdədi. Kişi o qədər hirsləndi ki, gözləri qan çanağına döndü. Danışanda çənəsi əsirdi, əli-ayağı titrəyirdi. Dedim indicə qan beyninə vurub kişini öldürəcək. Mən də ortalıq daha da qızışmasın deyə ağzımı açıb bir söz deyə bilmirdim. Bir də gördüm halım pisləşir. Nə vaxt özümdən gedib yıxılmışam heç bilməmişəm. Özümə gələndə soruşdum Sərxan hanı? Demə, məni belə qoyub çıxıb gedib. Gör, uşağı necə dəyişdiriblər.

Güllü doluxsunub ağlayanda Gülgəz də ona qoşuldu:

– On-on beş gün bundan qabaq Fuad bərk xəstələnmişdi. Nə qədər dava-dərman verdim. Uşaq heç yaxşılaşmadı, halı lap pisləşdi. Bunun heç tükü də tərpənmir. Deyirəm, ay İmran, gözü qarşısında uşaq ölüb əldən gedir, heç vecinə də deyil. Neçə gündü deyirəm uşağı həkimə aparmaq lazımdı. Sözümü kəsib dedi:

– Həkim-zad lazım deyil. Hər şey Allahın əlindədi. Məsləhət bilsə, yaşıyacaq, bilməsə öləcək. Ana, yerimdə donub qaldım, ağlım başımdan çıxdı. Handan-hana dedim, sənin elə əvvəldən ağlın yoxdu. Olan-qalan ağlını da bu vahabilər deyəsən şprislə sorub çəkiblər, başın qalıb bala. Kül mənim başıma ki, səni ağam bilmişəm. Ana, bir anın içində elə qəzəbə doldu ki, tanınmaz hala düşdü. Barmağını mənə tuşlayıb hədələdi:

– Bax, sənə deyirəm, sən bir də vahabilərin adını çəkəsən, onlar barədə bir söz deyəsən, uşaqları da əlindən alıb göndərərəm dədən evinə.

Gülgəzin halı pisləşdi. Solğun sifətində əzablı qırışlar göründü. Boğulurmuş kimi tez-tez nəfəs almağa başladı. Paltarının yuxarıdakı düyməsini açaraq:

– Su gətir, ana, su, – dedi və sinəsindən kəsik-kəsik hıçqırıqlar qopdu. Bayaqdan yerində donub qalmış Güllü ilan vurmuş adamlar tək dik atılıb qaçıb su gətirdi.

Suyu qızın qurumuş dodaqlarına yaxınlaşdıraraq:

– İç, başına dönüm, Gülgəz, – dedi. Qadasın alım, bala, hər sözü ürəyinə salma. Kişilərin hamısı belədi e.

Bir şey olan kimi arvadları qorxuzub deyirlər:

– Uşağı əlindən alaram, dədən evinə göndərrəm. Dünya dərəbəylikdi? Körpə uşaqları sənin əlindən nətəhər alarlar?

– Alarlar, ana, onlar alarlar, – dedi və dibinə qədər qorxuyla, vahiməylə dolmuş gözlərini atasına dikdi:

– Dedim axı, İmranın anası qışqıranda evin kişisi siçan deşiyin satın alır. İmranın ağzı nədi ona bir söz desin.

– Yaxşı, yaxşı, sən Allah, – deyə Güllü qızına acıqlandı:

– Mən avamam, sən məndən də avamsan. Elə danışırsan elə bil yiyəsiz qalıbsan. Allaha şükür, dağ kimi dədən…

– Ay ana, atam da, sən də abırlı-həyalı adamlarsız. O arvad, abır-həyasını itirmiş qaranlıqlardan da betərdi.

Siz ondan bacarmazsız. Uşaqları da əlimdən alar, hələ o yana da gedər. Bunun bir yolunu tapmaq lazımdı. Sən hələ hər şeyi bilmirsən, ana.

– Nə yol, Gülgəz? Əl-qolu boşalıb yanına düşmüş Güllü yenə gözlərini fağır-fağır döyərək soruşdu:

– Gülgəz nəyi bilmirəm, bala? Sən de, mən də bilim dana. Mən başı daşdı neyniyim, Allah.

– Ana, bu barədə danışmağa qorxsam da deyəcəm, daha dözmürəm.

İmran mənə rahatlıq vermir, gecə-gündüz qulağımı doldurur ki, gəl çıxaq gedək. Deyir, kənddə dolanışıq çətindi. İş-güc yoxdu. Deyir, səni elə yerə aparacaq ki, naz-nemət içində yaşayacaqsan, o dünyada yerimiz cənnət olacaq.

– Qorxduğum şey başıma gəldi, qorxduğum şey başıma gəldi, Allah. Sən özün kömək ol, Allah. Sən özün dada yetiş.

Güllü dizinə-başına döyə-döyə evin içində fırlanır, onun qolundan tutub sakitləşdirmək qızını geri itələyərək səsini qaldırırdı:

– Şahbaz dedi dana. Dedi o tülkü Gülgəzin başını doldurub aparacaq. Bizi camaatın içində başıaşağı eləyəcək, dilimizi gödək eləyəcək.

– Siz elə özünüzü düşünün. Heç demirsiz Sərxanın axırı nolacaq, iki körpəsiylə ortalıqda qalmış qızınızın axırı nolacaq?

– Niyə düşünmürük, ay insafsız bala. Dədənizin qəddi əyilib e. Mən də qalmışam belə. Əlimdən nə gəlir? Bir yolunu bilirsənsə, de, dana. Mən də bilim.

Güllü çarəsiz halda bir tərəfdə oturub gözünün yaşını axıdanda Gülgəzi də qəhər boğdu. Yerə çöküb anasının dizini qucaqladı:

– Ana, qurbanın olum, məni bağışla. Elə bir odun içinə düşmüşəm ki, heç bilmirəm neyniyim. Nə danışdığımı da bilmirəm. Yolumu kəsən o uşaqlardı, ana. Elə istəyirəm ki, qəfil itsin, yoxsa çıxsın bu İmran. Təki balalarımla işi olmasın. Təki bizdən uzaq olsun.

Gülgəzin köksündən yenə yanıqlı bir hönkürtü qopdu. Taqətsiz halda anasının ayaqlarının altında oturub çarəsiz-çarəsiz susdu. Güllü yerindən qopub qızının qolundan tutdu:

– Umudunu itirmə, bala, Allah var, rəhmi var.

Qızının böyründə oturdub sanki deməyə söz tapmadı. Üzünü göyə tutdu.

– Allah, sən özün bizə bir yol göstər, bir qapı aç, Allah!

Hər ikisi bu böyük evi sarmış qorxulu bir sükut içində fikrə getdilər. Gülgəz özündə güc tapıb sükutu pozdu:

– Mən bu evdən heç yana getməyəcəm, ana. Mənim gedəcək yerim yoxdu. Ancaq İmran məni rahat buraxmayacaq. Onun fikri budu ki, bizi götürüb o qan ocağına aparsın. Mən nə qədər danışsam da, dil töksəm də, yalvarıb-yaxarsam da, o dediyini deyir. O bunu eləyəcək.

– Yox, Gülgəz, yox bala, amanın günüdü, onun sözlərinə uyma. Cavan canına, iki körpə balana yazığın gəlsin. Otur burda, heç yerə getmə.

– Mən dedim də, mənim gedəcək başqa yolum yox. Amma, mən bilirəm bu gün olmasa da, bir-iki gündən sonra o gəlib qapının ağzını kəsdirəcək. Deyəcək ki, anam uşaqlardan ötrü darıxır.

– Deyəcəm ki, mən də öz balamdan ötrü narahatam. Sizin yanınıza gedəndən sonra ağac kimi quruyub. Qoymazsınız on-on beş gün yanımda qalıb ətə-qana gəlsin?

– Mən bilirəm, ana, o sənə nə deyəcək? Deyəcək ki, qızınız getmir getməsin. Mən balalarımı götürüb aparacam. Mən də uşaqlarsız qala bilmərəm, ana. Boğazımdan çörək-su keçməz. Bir də ki, o arvaddan uşaq saxlayan olmaz. Onunku qışqırıb-bağırmaqdı, əmr verməkdi. Uşaqlar onun yanında dəli olarlar. Mən bilirəm neyləyəcəm.

Güllü sevincək halda tez-tələsik soruşdu:

– Neyləyəcəksən Gülgəz?

– Bax, ana, o məni aparmaq istəsə yox deyin. Atama de ki, mənim ora getməyimə razı olmasın.

– Ay Gülgəz, məni ora atan göndərdi də. Kənddə baş verən bu hadisələrdən sonra anan ömründə razı olmaz ki, sən ora bir də qayıdasan.

Gülgəz qızını inandırmaq istəyirmiş kimi yenə dilləndi:

– Dünyasında razı olmaz.

– Ana, sözün düzü belədi. İmran  uşaqlarından qabaq mənim evimə dönməyimi istəyir. Çünki necə olursa-olsun bu kənddən çıxıb getmək fikrindədi. Düzdü, uşaqlarını qoyub getməz. Mən olmasam uşaqları necə apara bilər? Ona görə də atam da, sən də deyin ki, uşaqlarsız darıxırsan, qal burda. Bu gen-bol evdə sənə yer tapılmayacaq? Onda deməyə sözü qalmayacaq. Mən də, uşaqlar da gözünüzün qabağında olandan sonra bu nigarançılıq da, qorxu da yox olub gedəcək.

– Allah, mən niyə otuz il bir yastığa baş qoyduğum kişinin sözünə baxmadım? O dedi axı. Dedi ki, qızını qoynunda, qoltuğunda saxla, gözdə-qulaqda ol. Yoxsa o tülkü Gülgəzin başını doldurub götürüb aparacaq.  Bəs mən neynədim? Gülgəzi, uşaqları, o qıçı sınmış İmranı da yığdım bir otağa. Dedim rahat-rahat yaşayın.  Kimdi sizə güldən artıq bir söz deyən? Şahbazın da ayaqlarına düşüb yalvardım ki, onlarla işi olmasın, qızına yazığın gəlsin. İki körpə balası var.

Niyə mən Şahbazı qoyub Gülgəzin sözünə inandım? – O, səssizcə dizinə vurub, gözünün yaşını sildi və əlindəki kağız parçasına baxıb yenə için-için sızladı:

– Gülgəz, bala, niyə məni inandırdın? Niyə ərinin sözünə uyub mənim yaxamı atanın əlində qoydun? İndi mən neyləyim? Başıma haranın daşını salım?

O, səsini çıxarmadı. Bayaqdan yatağında oturub qalmış ərinə baxdı. Kişi elə bil özü boyda daş parçasına dönmüşdü. Başını əlləri arasına alaraq susurdu. Elə hərəkətsiz idi ki, elə bil heç nəfəs də almırdı. Güllü gözlərini ərindən çəkmədən inildədi:

 – Gülgəz, sən neylədin, Gülgəz?  Atan mənim günahımdan keçməyəcək. Özü də bu dəfə dözməyəcək. O, yenə çarəsiz halda əlindəki kağız parçasına baxdı və heç nə oxuya bilmədi. Yanı bunu Gülgəz yazıb? Özü də bizim yanımızdan ərinə qoşulub gedib. Ay insafsız, bala, bəs mənə deyirdin ki, mənim burdan başqa gedəcək yerim yoxdu. – Arvadın içi dağılıb –sökülürdü, amma ərinin qorxusundan səsini çıxara bilmirdi. Neçə gündü necə rahat yatırdım. Əlim göydə qalmışdı. Deyirdim, şükür sənə Allah. Dərdi verəndə dərmanın da verirsən. Nəvələrim, Gülgəz gözümün qabağında, Sərxan da hər axşam İmranla bir yerdə evə qayıdır, özü də gecə düşməmiş qayıdır. Oturub rahatca çörək yeyib, çay içirlər, söhbətləşirlər. Muradla Fuad babalarının dizi üstündən düşmürlər. Kişi nə danışırsa uşaqlar şirin-şirin  gülüşürlər. Gülgəzin də rəngi-rufu açılıb, gözləri işığa gəlib. Bəs niyə belə elədilər? Kaş bu səhər açılmayaydı, Allah. – Güllü bu  səhər də sakit bir ürəklə yuxudan oyandı. Hiss etdi ki, yaman susuyub. Dan yeri təzəcə ağarırdı. Şahbazı oyatmamaq üçün barmaqlarının ucunda mətbəxə gedib su içmək istədi. Hava yaxşı işıqlanmadığı üçün içəri də yarıqaranlıq idi. O, stola yaxın gəlib şüşə qabdan stəkana su töküb içdi. İçəri işıqlansın deyə pərdələri kənara çəkdi və bu an stolun üstündəki yazılı kağız parçasını gördü. Birdən-birə  içinə dolmuş qorxu, vahimə içində yazılı kağız parçasını götürüb oxumaq istədi. Təzə hərfləri öyrənmədiyi üçün heç nə oxuya bilmədi. Bir xeyli kağız parçası əlində, otağın ortasında donub qaldı. Canına çökmüş qorxu içində pıçıldadı:

– Allahım, mənə yazığın gəlsin. Mənə bu günü  göstərmə. Yox ey, yox, Gülgəz heç yana getməz.

Çarəsiz halda ora-bura yeridi. Və nə düşündüsə yataq otağına sarı qaçdı. Köksünü dağıdıb-sökən sözləri içində saxlaya bilmədi:

– Ay Şahbaz, ay Şahbaz. Yatmısansa oyan. Gör bu kağızda nə yazılıb. Kim yazıb bunu?

Şahbaz yerindən dik atılıb arvadına sarı qaçdı:

– Nə kağız? Hansı kağız, ver bəri görüm.

Kağızı Güllünün əlindən dartıb aldı. Kağız parçasında dörd-beş cümlə yazılmışdı. Bunu oxumaq o qədər də vaxt aparmadı. Kişinin rəngi dümağ ağardı. Elə bil ayaq üstə durmağa gücü çatmadı, səndələdi. Ancaq arvadına bir anlığa nəzər salmağa gücü çatdı.

İri, güclü əllərini yuxarı qaldırıb arvadının sifətinə endirdi. Və kağızı bir tərəfə tullayıb yatağına çökdü. Başını əlləri arasına alıb hərəkətsiz qaldı. Bu şillədən Güllünün sifəti alışıb yansa da, gözlərinə qaranlıq çöksə də, səsini çıxartmadı. Səssizcə kağızı yerdən götürüb çaşqın və çarəsiz halda çəkilib bir tərəfdə oturdu. Güllü elə ağır bir kədər və vahimə içində ərinin beləcə səssiz-səmirsiz oturub qalmasına dözə bilmirdi. Çaşqınlıq içində düşünürdü:

– Bu kağızda nə yazılıb, Allah? Yanı doğrudan uşaqlar çıxıb gedib? Elə bil Güllünün ürəyinə yanar dağ basdılar. Gözlərindən yaş sıçradı.

– Yox ey, yox, ağlıma gəlsə də, bu ola bilməz. Bəs niyə Şahbaz məni vurdu? Ay başıdaşdı, Şahbaz səni elə-belə vurmaz axı? Uşaqlar gediblər, gediblər. Yəqin Sərxan da gedib.

Kişinin divarları titrədən qəzəbli səsi arvadını diksindirdi: Şahbazın qan çanağına dönmüş  gözləri arvadına dikildi:

– Ay allahın heyvanı, ay gönü qalın eşşək, mal kimi gözlərini döyə-döyə mənə baxma ey. Dur get, gör qızın otağındadı? Yoxsa dabanına tüpürüb, özü kimi ağılsıza qoşulub qaçıb?

Kişi dözə bilməyib ayağa qalxanda qorxusundan tir-tir titrəyən Güllü də yerindən dik atıldı. Şahbaz dizini şappıldatdı, başını əlləriylə sıxıb səsini qaldırdı:

– Ayə, ay millət, ay camaat, gör mənim başıma nə oyun gəldi e. Ay Allah, mən inana bilmərəm e, əlimdə-ovcumda böyütdüyüm qız o cür sözləri yazıb. Sonra da çıxıb gedib.

– Güllü elə titrəyirdi ki, dili söz tutmurdu. Görəndə ki, az qalır ərinin ürəyi partlasın. Dili dolaşa-dolaşa dedi:

– Başına dönüm, Şahbaz, bir az toxta, sən Allah. Vallah, heç mən də inana bilmirəm. Bəlkə uşaqlar bizlə zarafat eləyiblər. Kişi irəli yeriyib arvadının əlindəki kağız parçasını alıb didik-didik elədi və elə bil arvadının sifətinə çırpılan bu kiçik kağız parçaları ilə birlikdə sinəsini dağıdıb-sökən, ağlını başından alan qəzəbini də atmaq istədi. Ancaq köksü alışıb-yanırdı, gözləri dumanlanırdı.  Güllünün qolundan tutub qapıya sarı itələdi:

– Deyirsən zarafat eləyiblər? Get də, gör də, bəlkə elə doğrudan da zarafatdı. Yoxsa bu boyda müsibət olar? Bu boyda biyabırçılıq olar?

Güllü uçuna-uçuna otağın qapısını açıb özünü eyvana saldı. Yarıqaranlıq, uzun eyvan boş idi, səssiz idi. Ağlı başından çıxmış Güllü bu boşluğun, səssizliyin içiylə qıçı dolaşa-dolaşa yeridi. Və qızının yatdığı otağın qapısına toxunmağa ürək eləmədi. Elə bil bu qapını açmaqla dünya başına uçacaqdı. Bu uzun, bomboş eyvan kimi qara bir uçuruma yuvarlanacaqdı.

– Allah, Allah, mənə rəhm elə. Bu sözlər içində aramsız səslənir, əlləri elə titrəyirdi ki, heç cür qapının cəftəsini tuta bilmirdi. Deyəsən, qulağına ərinin səsi gəldi və axır ki, qapını açmağa cürəti çatdı. Yaşla, qorxuyla dolu gözləri otaq boyu dolaşdı, sanki ürəyi yerindən qopub ayaqları altına düşdü.

Yataqlar boş idi. Özü də elə səliqəli, sahmanlı görünürdü ki, sanki bu yataqlarda ömür-billah heç kəs yatmamışdı.

– Gülgəz, Gülgəz, sən adda qızım yoxdu daha. Ürəyimdən daş asacam, səni yadımdan çıxardacam. Və huşunu itirib qapının ağzına yıxıldı.  Qəfil qopan qorxunc tufan kimi onların həyatını alt-üst edən o qara səhər belə açıldı. O səhərdən sonra hardasa, kiminsə üzünə bəyaz şəfəqləriylə açılan səhərlərin olduğunu unutdular. O səhər ikisinin də yaralanmış ürəyindən bu sözlər keçirdi:

– Daha bizim Sərxan adlı oğlumuz, Gülgəz adlı qızımız yoxdu. Bu sözləri deyirdilər və bu sözləri deyə-deyə ikisinin də ürəyindən qan, gözlərindən yaş axırdı. Ancaq zəhər dadan, onları qəhr edən, gözlərini yaş, ürəklərini qanla dolduran bu sözləri çox tez unutdular, çox tez.

Uzun müalicədən sonra özünə gələn Güllü gördü ki, bu vay-şivənlərin, çığır-bağırların, ah-ufların heç birinin xeyri yoxdu. Bir gün gözləri güzgüyə sataşanda gördü ki, güzgüdən ona al yanaqlı, əsmər çöhrəli qız əvəzinə, üzü əzik-üzük, köhnə, saralmış kağıza bənzəyən düşkün bir qadın baxır. Ərinin isə qəddi əyilmişdi. Vaxtıyla elə zarafatcıl idi ki, hər kəsə təbəssüm, gülüş bəxş eləyirdi. İndiysə qara gündən qaralmış üzü qara buluda bənzəyirdi, qaşlarının arasındakı düyün heç açılmırdı. – Ay başıdaşdı Güllü, ölürsən, yarımcan qalırsan, sənə Şahbazdan başqa bir qaşıq su verən varmı? Belə getsə, o da dünyadan köçüb gedəcək. Türmədə çürüyən balan, yeri-yurdu, öldüsü-qaldısı bilinməyən qızın, sənin vay-şüvənlərindən qaçıb əmisinə sığınan Kamran  kimin umuduna qalacaq? Vallah, bu damın altında ölüb qalarsan, heç hayına gələn də olmaz.

İçinə dolmuş bu qorxu içində bir küncdə səssiz-səmirsiz oturmuş ərinə nəzər saldı, çinar boylu, iri cüssəli Şahbaz yumağa dönmüşdü. – Allah, mənim gözlərim tutulubmuş. Şahbaz əriyib, Şahbazın yarı canı qalmayıb. – Buz bağlamış ürəyi mərhəmət və şəfqətdən alışıb-yandı.

Səssizcə axan göz yaşlarını xəlvətcə sildi ki, əri hiss eləməsin. Bir xeyli beləcə qaldı, sonra durub ona yaxınlaşdı. Danışanda qəhərdən səsi titrədi:

– Şahbaz, nə vaxtacan mənim böyrümü kəsdirib oturacaqsan? Özün deyirsən ki, həyət-bacada heç nə qalmayıb. Qoyun-quzuları satıb dərdimizə odumuza  xərcləmişik. Bir inəyimiz qalıb, o da bağ-bağat kimi, toyuq-cücə kimi baxımsızlıqdan tələf olacaq. Bəs sabah çörək pulu üçün kimə ağız açacaqsan? Günü sabahdan get, işinlə məşğul ol. Camaat içinə çıx.

Şahbaz uzun müddətdən sonra ürəyində bir yüngüllük hiss edərək nigarançılıq içində dilləndi:

– Mən səni bu damın altında tək qoyub necə gedim işə, Güllü?

Kişi Güllünün cavabını gözləmədən davam etdi:

– Deyirəm, Güllü, bəlkə səni şəhərə, Kamranın yanına aparım?

Güllü başını yırğalayıb ərinin sözünü kəsdi:

– Güllü, vallah, Kamran neçə dəfə deyib ki, ata, anamı götür gətir şəhərə. Qoy bir az fikri dağılsın, özünə gəlsin.

Şahbaz arvadını yola gətirmək üçün onu dilə tutdu:

– Bax, Güllü, Kamran özünə yaxşı iş tapıb. Deyir ki, ata, mənə pul-zad göndərmə. Maaşım özümə çatır, hələ hər maaş alanda beş-on manat da qırağa qoyuram.

– Şükür, şükür. – Güllünün sönük gözləri işığa gəldi.

 – Anan başına dönsün, ay Kamran. Bəs özü nə vaxt gələcək e, – deyə Güllü yaşlı gözlərini ərinə dikdi.

– Gələcək, gələcək. Deyir təzə işə keçmişəm. Bir il keçsin, gələcəm. Sənə dedim axı Güllü, Kamran qeyrətli oğuldu. Görünür bəy babasının adını ona nahaq yerə verməmişəm.

– Torpağı sanı yaşasın, Allah onu bizə gözü dolusu versin.

Güllünü yenə qəhər boğdu. Şahbaz onu yola gətirmək üçün yumşaq-yumşaq dilə tutdu:

– Güllü hər dəfə Kamranla danışanda ürəyim yaman pis olur. Uşaq səndən ötrü darıxır. Daşı ətəyindən tök, gəl səni aparım. Kamranın yanına. Uşağın da ürəyi sakitləşər, sənin də.

– Şahbaz, Kamrandan ötrü burnumun ucu göynəyir, ürəyim elə darıxır, elə darıxır – Güllünün nəfəsi təngidi.  Boğulurmuş kimi tez-tez nəfəs alaraq ürəyini boşaltdı:

– Amma mən indi bu evdən-eşikdən başqa heç yerdə qala bilmərəm. Mən uşaqların iyini burdan alıram.

Şahbaz deməyə söz tapmayıb susdu. Bu an sözün tükəndiyi an idi. Söz də qəfil yoxa çıxan balaları kimi ilim-ilim itmişdi. O gündən sonra sanki göz-gözə gəlməyə, üzbəüz oturmağa qorxurdular. İndi ikisi də bu dərdi təkbaşına yaşayırdı. Şahbaz tezdən durub Güllüdən nigaran qalsa da işə gedirdi. Heç ağlına gəlməzdi ki, böyük, yaşıl darvazanı açıb, yolun ağına düşüb getmək, nə vaxtdan bəri ürəyinin başından iri, ağır daş kimi asılmış bu dərdi bir az azalda bilərmiş. Güllüsə başını iş-güclə qarışdırmağa cəhd edirdi. Onun da ağlına  gəlməzdi ki, iş görə-görə, uşaqlarının xəyalı, səsi-nəfəsi, gülüşləri ilə bir yerdə olmaq olarmış. Hər dəfə uzun saplaqlı, ucları nazik çubuğa oxşayan iri süpürgəni əlinə alıb həyəti süpürüb sulayanda qızının səsini belə aydınca eşidə bilərmiş.

 

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aralıqda söz olmasın!

 

 

Bu səs onu dartıb evin gündöyənində, rəngi tez-tez dəyişən al-əlvan şəfəqlərin altında, günü-gündən pardaqlanan gül ağacının yanına gətirdi. Bu an içindəki ocaq birdən-birə alışıb alovlanırdı. Süpürgə əlindən, dizləri heydən düşürdü. Gül ağacının dibində çöküb qalırdı. Titrək əlləri gülün  budaqlarını oxşayır, bir vaxtlar qızına deyə bilmədiyi sözləri indi dilsiz-ağızsız ağaca söyləyirdi. Hər ikisi bir-birinin halından-əhvalından, düşüncələrindən xəbərsiz, bu dərdi təkbaşına çəkirdi. Günlər beləcə ötüb keçirdi. Bir gün Şahbaz evə gec qayıtdı. Kəndə kimisi üçün sakit, rahat, kimisi üçün gileyli, güzarlı, kimisi üçün dərdi-ələmli gecə düşürdü. Və bu gecələr nə qədər qayğılı, nə qədər umu-küsülü olsa da ən şirin, cana yaxın və xoş anlar idi. Hava qaraldıqca işıqlar yanır, kənd adamları evə yığışırdılar. Çölçülər çöldən qayıdırdı. Uşaqlar məktəbdən çıxıb isti, rahat yuvalarına tələsirdilər. Bütün günü çöldə, bayırda, həyət-bacada işləyənlər də bir əziz baxışın, istiliyini, bir doğma nəfəsin hənirtisini hiss etmək və bu unudulmaz duyğuların doğurduğu xoş rahatlıq içində bir stəkan çay içmək, bir tikə çörək yemək üçün evə can atırdılar. Bir vaxtlar Şahbaz da işdən evə belə bir ürəklə tələsirdi. İndi o unudulmaz anlar da balaları kimi onların baxışları, nəfəsləri kimi ilim-ilim itmişdi. O içində acı qəhər, iri, dəmir darvazanı tələm-tələsik açdı. Həyət səssiz və xoflu bir qaranlıq içində idi. Güllü işığı niyə yandırmayıb? O qorxu və çaşqınlıq içində həyəti gözdən keçirtdi. Və axır ki, gül ağacının böyründə büzüşüb oturmuş arvadını gördü. – Dərd Güllünü çox tez qocaltdı. Bu düşüncələr içində əynindəki köhnə, əziz-üzük paltarda çox düşkün və zavalı görünən bu sönük baxışla qadının təravət və sağlamlıq saçan Güllünün olduğuna inanmadı. Ürəyi qana dönən kişi deməyə bir söz tapa bilməyib ona yaxınlaşaraq böyründə oturanda Güllü diksindi. Təşviş dolu çaşqın baxışlarını Şahbazın üzündə saxlayıb:

– Şahbaz, sənsən? – dedi. Nə vaxt gəlibsən heç bilməmişəm.

Kişi arvadının qorxduğunu hiss edib dilxor halda soruşdu:

– Qorxdun, Güllü?

Güllü bir söz deməyib gözlərini yerə dikdi.

– Bəs həyətin işığını niyə yandırmayıbsan?

Bu dəfə də Şahbazın səsində bir peşmançılıq vardı. Güllü dinib-danışmadan yerindən qalxıb həyətin işığını yandırdı. Onun arxasınca yeriyən Şahbaz öz-özünə deyindi:

– Bu dəfə də səhv elədin, Şahbaz. Nə vaxtdı Güllünü bu damın altında tək qoyubsan. Səhər gedib bir də axşam qayıdırsan. Bu dərddən qaça-qaça hara gedirsən? Bunun axırı heç yaxşı olmayacaq. Güllü nə dinir, nə danışır. Heç başını qaldırıb adamın üzünə də baxmır. Bu yaxşı əlamət deyil. Güllü işığı yandırıb evə girmək istəyəndə kişi sanki arvadını özünə qaytarmaq üçün qəsdən ucadan səsləndi:

– Ay Güllü, sən Allah, çay-çörək hazırla, səhərdən dilimə heç nə dəyməyib. Mən də qoyun-quzunu rahatlayıb gəlirəm.

Güllü başını tərpədib içəri keçdi. Kişi arvadının arxasınca baxa-baxa qaldı.

– Yox ey, Güllü özündə deyil. Özünə elə qapanıb ki, nə qarşısındakı adamı görür, nə də ki, eşidir. Bu işi belə qoymaq olmaz. Nəsə eləmək lazımdı. Mən yaman səhv elədim.

Şahbaz çöldəki işini qurtarıb evə girəndə Güllü dinməzcə qalxıb çay gətirdi.

Kişi çaydan qurtum-qurtum içərək gözaltı arvadına nəzər saldı. Qadının qansız, donuq sifətində dalğın-dalğın baxan gözləri yol çəkirdi. O, özündə deyildi, sanki gerçək aləmlə əlaqəsi tamam kəsilmişdi. Nə vaxtdan bəri arvadının lal-dinməz, öz işi-gücüylə məşğul olmasından rahatlıq tapan kişi necə böyük səhv etdiyini indi dərindən anlayıb qeyri-ixtiyari ayağa qalxdı. Güllü çaşqın baxışla ona baxdı:

– Bəs çörək yemirsən? Xörək istidi. Gətirim?

– Yox, gətirmə. Növbəti təhlükənin yaxınlaşdığını hiss edən Şahbaz sanki bu bəlanın qarşısını almaq üçün canfəşanlıqla dedi:

– Dur gedək, Güllü. Bir az təmiz havada gəzinək.

Güllü üz-gözünü turşudub başını yırğaladı.

– Təmiz hava nədi? Bütün günü çöldə-bayırda təmiz hava alıram dana.

– Yaxşı, Güllü, gəl səni aparım bacıngilə, ya da qardaşıngilə. Üç-dörd gün onlarda qalarsan, söhbət edərsən, fikrin dağılar.

Güllü xoşagəlməz söz eşidən adamlar tək yenə üz-gözünü turşutdu. Dalğın halda yol  çəkən gözlərinin ifadəsi dəyişib ciddiləşdi:

– Yox, heç yerə getmirəm.

– Belə olmaz axı, Güllü? Nə vaxtacan bu dörd divarın arasında tək-tənha oturacaqsan? Vallah, belə getsə, bir gün havalanacaqsan.

– Yazan belə yazıb, Şahbaz. Mənim əlimdən nə gəlir? Əlimdə-ovcumda bəslədiyim balalarım necə oldu? Hə? Necə oldu, hə, niyə dinmirsən? Demək, belə olacaqmış, hamısı Allahın əlindədi. Biz kimik, hə, de görək də, biz kimik?

Həmişə fağır-fağır baxaraq gözlərini döyən Güllünün o mehriban, mülayim baxışlarından əsər-əlamət qalmamışdı. Bu acıqlı baxışlarda elə bir yadlıq, elə bir anlaşılmazlıq vardı ki, Şahbazın  canına üşütmə salırdı. Güllü yerindən qalxıb çılğın bir hərəkətlə evin ortasında yeriyə-yeriyə səsini qaldıranda kişini dəhşət götürdü:

– Mən öz talehimlə barışmışam. Odur ki, səsimi içimə salıb susuram. Sən isə məni təbdən çıxarırsan. Bacıngilə get, qardaşıngilə get. Mənim heç kəsim yoxdu. Yoxdu!

Kişi bir an içində qəzəbə dolmuş Güllüyə baxa-baxa donub qalmışdı. Güllünün səsi getdikcə daha acıqlı və çılğın olurdu. O, barmaqlarını bir-bir qatlayaraq az qala çığırırdı:

– Bax, türmədə çürüyən mənim balamdı, əl boyda iki tifili ilə dərbədər düşən mənim balamdı. Niyə bacım, qardaşım gəlib məni bələmir? Niyə bacım demir ki, Güllü o boyda dərdin-alovun içində yanır-qovrulur? Niyə? Sən deyirsən ki, dur gedək, bacıngilə, qardaşıngilə. Niyə  gedim? Gedim nə danışım?

– Hə, bax, bunu düz deyirsən, – deyə kişi də hövsələsiz halda onun sözünü kəsdi:

– Mənim uşaqlarım elə bir iş tutublar ki, heç mən özüm də adamlarla üz-üzə gələndə bilmirəm, nə deyim, nə danışım. Elə adamlar da bizim kimi bilmirlər nə desinlər, nə danışsınlar. Ona görə də hamı bizdən qaçır, biz də onlardan.

– Niyə e, nolub? – deyə Güllü acığından bərəlmiş gözlərini ərinin üzündə saxladı: – Mənim balalarım kimə neyniyib. Bəlkə kiminsə başın kəsib, bəlkə kiminsə evin yıxıb. Mənim balalarım bir kimsənin toyuğuna da daş atmayıb. Arvad elə qəzəblə danışırdı ki, hirsindən boğazı qurudu, susub nəfəsini dərdi. Ancaq çox susa bilmədi:

– Sən də yaxşı bilirsən Sərxan niyə gedib qoşuldu o vahabilərə. İş tapa bilmirdi, qalmışdı ortalıqda. Uşaq o yer qalmadı ki, ayaq döyməsin. İş yağlı əppək olub göyə çəkilmişdi. Hər gün də evə gələndə uşağın üzünə itin sözün deyirdin. Deyirdin, mən səni nə vaxtacan saxlayacam? Cibinə pul qoyacam? Elə İmran da bunun kimi. Gülgəz deyirdi ki, İmran içəri girən kimi uşaqlar qaçırdı qabağına. Allahın bir konfetin də alıb uşağına verə bilmirdi. Vahabilərə qoşulandan cibi pul tanıdı. Vahabilər kimə neyləyiblər e. Ortalıqda işsiz-gücsüz qalmış cavanlara çörək pulu vermək, Allah yoluna çəkmək nə vaxtdan pis əməl olub? Kişi yerində quruyub qalmışdı. Dünənə qədər onlar mənim balalarımı əlimdən aldı, deyib vay-şivən qoparan Güllüyə nə olmuşdu? Dindirəndə dinən, dindirməyəndə ağzını açıb danışmayan, gör necə dil açmışdı. Fağır-fağır baxan mülayim baxışları indi onun canına üşütmə salırdı.

– Yox, Güllünün ağlı yerində deyil. Güllü havalanıb, – deyə danışmağa söz tapa bilmirdi. Kişinin lal-dinməz dayanması deyəsən arvadı bir az da ürəkləndirdi.

– Onlara qoşulandan sonra Sərxan da, Gülgəz də gündə beş dəfə namaz qılırdılar, əl açıb Allaha dua edirdilər. Bunun nəyi pisdi?

– Get də, sən də get qoşul onlara, – deyə Şahbaz yerindən qalxıb arvadının üstünə yeridi:

– Sən niyə balalarından geri qalıbsan? Kişi az qala barmaqlarını arvadının gözünə soxaraq qəzəbindən kallaşmış səslə səsini ucaltdı:

– Get də sənin də cibinə pul qoysunlar. Ondan sonra sən də başla Allah yolunda namaz qıl, ibadət elə.

Güllü elə bir həddə gəlib çatmışdı ki, nə kişinin qəzəbdən kallaşmış səsi, nə az qala gözlərini deşən barmaqları onu qorxutmadı.

– Gedərəm, niyə getmirəm. Bu dörd divarın arasında eşşək kimi işləməkdən, zillət çəkməkdənsə gedib Allah yolunda namaz qılaram, Allaha dua edərəm. Bundan gözəl nə var bu dünyada? Şahbaz əl atıb onun yaxasından yapışaraq:

– Deyəsən, sənin üzünə xoş baxdıqca əməlin azır, – deyib arvadını qanlı-qanlı süzdü.

– Gərək Gülgəz gedəndə sənin boğazını quş boğazı kimi üzəydim. Amma yazığım gəldi sənə. İndiyə qədər əzabına qatlaşdım. Hansı havanı çaldın oynadım.  Daha bəsdi. Dəli olubsansa aparıb basacam dəlixanaya. Camal müəllimin arvadı Gözəl kimi qal orda gəbər. Ağlın başındadısa otur arvaddığını elə, ağzına gələni danışma. Yoxsa sən də qızın kimi məni camaatın yanında başıaşağı, gözü kölgəli eləmək istəyirsən?

Arvadının yaxasını buraxıb yerə tupurdu.

– Bilmirəm, anam sənin kimi qanmaz eşşəyi hardan tapıb mənə caladı? Sonra evin qapısını zərblə açıb örtərək özünü çölə atdı. Gecə yarıdan ötmüşdü, sanki kənd hüzur dolu dərin bir yuxuya getmişdi. Arabir eşidilən it hürmələri bu sakitliyi pozurdu. Şahbazın içində səslənən qəzəbli səslər isə hüzur dolu bu sakitliklə heç uyuşmurdu.

– İt balası dəli olub, havalanıb. Ağzından çıxan sözlərə bax, deyir çıxıb gedəcəm. Özü də namaz qılacam.

Günahlarımı yumaq üçün evdən çıxıb getmək lazımdı. Otur evində, namazını da qıl, ibadətini də elə. Mən də deyim Allah sənə şükür, arvad haqqın yolunu tapdı. Mənim də ürəyim rahat olsun. Bu  qanmazın dünyaya gətirdiyi qız da belə olar dana. Kişinin hövsələsi elə daraldı ki, əl atıb cibindən papiros çıxarıb yandırdı. Damağına qoyub acgözlüklə sümürdü. Papiros da kömək eləmədi. Beyninin uğultusundan qulağı gah tutulur, gah da açılırdı və içindən bu uğultunun sıyrılıb arabir çıxır, doğma səslər və onun qəlbini çox acı, dözülməz bir qəhərlə doldururdu:

– Şahbaz bala, nə qədər ki, mən arxanda dayanmışam, oxu, təhsilini artır. Lap get, Moskvada oxu. İndiki zamanda yaxşı təhsilin olsa, sənin qabağını heç nə kəsə bilməz. Cavankən öz yolunu seç, belə adamdan biri ol, əlində yaxşı bir işin, vəzifən olsun. İndi stansiyada avaralandığın o dostlar var ha, bir vaxt ayılıb görəcəksən ki, onlar yoxdu, onda ağlın başına gələcək. Onda da gec olacaq.

Həmişə atasının köməyinə gələn nənəsinin də səsini eşitdi:

– A bala, ay başına dönüm, dədən düz deyir dana. Ə, həmişə deyirəm, indi də deyirəm, sırğa elə qulağından as. Sənin dədən yetimçiliklə oxuyub qulluq sahibi oldu. Bəs, sən niyə olmuyasan? Allah canını sağ eləsin, dağ kimi dədən arxanda, anan böyründə. Eeehh, ay bala, cavansan e, qara gün görməmisən. Bu dünyanın elə işləkləri var ki, elə dərdləri var ki. Özü də dərd gələndə batmanla gəlir, yaman gəlir. Dərdi çəkən bilər. O kəslər gör nə deyiblər e:

 

 

 

 

 

Qara dərdim,

Ağ sərdim, qara dərdim.

Dağlarda qarmı qalar,

Söyləsəm qara dərdim.

 

Yox, bu dəfə nə səbr, nə kişilik əzmi, qüruru tab gətirmədi. İçindəki hönkürtüdən bütün bədəni tufana düşən ağac kimi yırğalandı, əsim-əsim əsdi. Möhkəm taxta hasara söykənib zülüm-zülüm ağladı. Onu sarmış dərin bir peşmançılıq içində ağladıqca, hüzur və sakitlik içində dincini alan bu kənddə nə qədər tək və hətta itirilmiş lazımsız bir adam olduğunu bir daha dərindən hiss edirdi:

– Ay ata, ay nənə, yəqin günahlarımın cəzasını çəkirəm. Hə, nənə, sən dediyin o qara dərd məni də gəlib tapdı. Heç özüm də bilmədim, necə tapdı, amma yaman tapdı.

Özü də bu qara dərdin içində təkəm. Bu sözə bəndmiş kimi içindəki acı qəhərə dəli bir qəzəb də qarışdı:

– Axı mənim Sərxandan başqa iki oğlum da var. Sərxan heç, o bədbəxt olub getdi. Kamran da hələ uşaqdı. Getdi adam balası kimi texnikuma girdi. İndi də iş tapıb işləyir. Hər gün zəng eləyir halımızı soruşur. Deyir, otpuskaya çıxan kimi gələcəm. Məni yandırıb yaxan bu İlkindi. Bu gədənin üzü nətəhər çönüb ki, barı zəng də eləmir. Gör neçə ildi gedib. Cəmi bir dəfə gəlib, o da qayınatası öləndə. Hamısın eləyən arvadıdı. Atasının yerində ona baxdım, xəcalətdən yer yarılsaydı yerə girərdim. O nə geyim idi, anası da demir ki, a bala, get əyninə abırlı bir paltar gey, bura kənd yeridi. Özü də bura yas yeridi, öz dilində danış. Moskvaya gedəndə rusca danışarsan. Mənim arvadağız oğlum da ağzını açıb bir söz deyə bilmir. Əməlli-başlı qorxur arvadından. Belə  oğuldan nə gözləyəsən? Elə deyir gələcəm. Nə vaxt gələcəksən. Bundan ağır günüm olacaq? Yox, bundan o yana ölümdü, ölüm. Daha mənim də gücüm çatmayıb. Mən də insanam, daş, qaya deyiləm. Daş, qaya da yağışdan, qardan ovulub tökülür. O da ola insan. Belə getsə mən də Güllü kimi ağlımı itirəcəm. Güllünü dilə tutub şəhərə qardaşımın, bacımın yanına gedəcəm. Bəlkə elə Allahın rəhmi gəldi, Güllü Kamranı görüb özünə gəldi. Yaxşılaşmasa, gərək onu xəstəxanaya qoyam. Başqa əlacım yoxdu. Bu da bizim axırımız.

Kişi evə qayıdanda Güllü elə oturduğu yerdə, divanın bir küncündə yuxuya getmişdi. Başqa vaxt olsaydı, Şahbaz arvadının yuxuda daha da solğun, dərddən-kədərdən qırışmış üzünə baxıb kövrələrdi. Soyuq olmasın deyə üstünü örtərdi. İndi nə arvadının üzünə baxdı, nə də üstünü örtdü. Canından bezmiş, usanmış halda pal-paltarlı yerində uzanıb gözlərini bərk-bərk qapadı. Yorğanı başına çəkib sakitcə uzansa da, uzun müddət gözlərinə yuxu getmədi. Ürəyi elə sıxıldı ki, dikəlib yerində oturdu. İçindəki gizli qəzəbdən və yuxusuzluqdan qızarmış gözləri arvadı yatan tərəfə yönəldi. Həyətin ortasındakı dirəkdən asılmış iri lampanın işığı nazik, tül pərdədən içəri süzülürdü. Və o arvadını aydınca görə bilirdi. Arvadı əl-ayağını tərpədir, dodaqaltı nəsə deyirdi. Kişinin içindəki qəzəbə bir mərhəmət də qarışdı. Bədbaxtın balası gecə də rahatlıq tapmır, – deyə nigarançılıqla düşündü.

– Gör necə təngənəfəs olub. Elə bil uzaq yolu qaça-qaça gəlib. Yox e, daha bəsdi, hər şey bitdi. Güllünü günü sabah şəhərə bacısının, qardaşının yanına aparacam. Deyəcəm bir az da bacınızı siz saxlayın yanınızda. İstəyirsiz aparın qoyun dəlixanaya. Verdiyi qərar elə bil kişini bir az sakitləşdirdi. O arvadını görməsin deyə üzünü divara sarı çöndərib yerinə uzandı. Güllü  çoxdan yuxuya getmişdi. Və o yenə yuxu görürdü. Ancaq bu yuxu əvvəlki yuxulara bənzəmirdi. Əvvəlki yuxularda Güllünü dəhşətə salan atəş səslərinin indi sayı-hesabı bilinməyən, bəzəkli-düzəkli quşların cəh-cəhi əvəz eləmişdi. Daha Güllü göylərə dirənən qatı, qara tüstü burumlarından boğulub təngənəfəs olmurdu. İndi o yuxuda da olsa düz-dünyanı bürümüş saysız-hesabsız çiçəklərin ətrindən bihuş olmuşdu. Burda çiçəklər də, quşlar da elə bil təzəcə açılmış dan yerinin göz qamaşdıran şəfəqləriydi göydən yerə enmişdi. Hər addımda axan bulaqların şırıltısı, quşların cəhcəhinə qarışmışdı. Şadlığından Güllünün ürəyi köksünə sığmırdı. Heyrət içində pıçıldayırdı:

– Bu nədi, Allah? Mən hara düşmüşəm? Bəlkə elə bura cənnətdir? Şükür sənin kərəminə, Allah. Buraları görməyi mənə də qismət elədin.  Birdən  hündür saplaqlı otların, göz qamaşdıran çiçəklərin içində bir qadın göründü. Gözəl libaslı qadın iki uşağın əlindən tutub çəmənlikdə dolaşırdı. Uşaqların da geyimi gözəl idi. Baxanda adamın gözü qamaşırdı. Qadın nə hiss etdisə, dönüb Güllüyə baxdı. Və nəzərlərini bir xeyli ondan çəkmədi. Sonra ona əl eləyib gülümsədi. Güləndə gözəl çöhrəsindən nur saçırdı. Güllü qızını tanıyıb ona tərəf qaçmaq istədi. Nədənsə ayaqları daşa dönüb yerə yapışdı. Az qaldı Güllünün bağrı çatlasın. Dözə bilməyib gözlərindən yaş tökülə-tökülə qışqırdı:

– Gülgəz, Gülgəz! Niyə dayanıb baxırsan? Yoxsa ananı tanımadın? Bağrım yanır Gülgəz.

Balalarını da götür gəl yanıma. Gəlin sizi öpüb qucaqlayım. Bəlkə onda ürəyim soyudu, Gülgəz. Gəl, gözəl balam. Güllü öz səsinə yuxudan oyandı. Əlini yanan ürəyinə basıb dörd bir yanına nəzər saldı. Quşların cəh-cəh vurduğu, gül-çiçəklərin ətir saçdığı, bulaqların şırıltıyla axdığı yerdə ürək sıxan bir səssizlik yaranmışdı və bu səssizliyin içində ərinin tanış xorultusu eşidilirdi. Arvad elə hövlləndi ki, istədi qışqırıb ərini yuxudan oyatsın. Ürəyini boşaldıb desin ki, Gülgəzi, balalarını gördüm. Onlar cənnətdəydilər. Ancaq ürək eləmədi. Son vaxtlar ərinin baxışları ona o qədər soyuq, yad, həm də elə acıqlı görünürdü ki, Güllü səsini içinə çəkib susdu. Yaş dolu gözləri bir nöqtədə donub qaldı. Və neçə il öncə qızının bir parça kağızda yazıb qoyduğu sözlər qulaqlarında səsləndi:

– Mən balalarımı da götürüb gedirəm. Bu yoldan dönən deyiləm. Ölsək də Allah yolunda ölüb cənnətə gedəcəyik. Siz isə günahlarınızla bir yerdə cəhənnəmə gedəcəksiniz.

Arvad yenə hər iki əlini ağzına basıb içindəki qışqırtını susdurdu. Yenə yaş gilələnmiş gözləri ərinə sarı yönəldi. Əri oyansaydı, Allah bilir, ona nə deyəcəkdi. Güllü acı sözləri eşitməmək üçün canını dişinə tutub susub dözdü. İçindəki nisgilli səslərsə heç susmadı:

– Yox, Gülgəz, yox, bala, mən cəhənnəmə getməyəcəm. Sən getdiyin yolun ağına düşüb sizi axtarıb tapacam. Bu yolda mən də ölüb sizinlə bir yerdə cənnətə düşərəm. Hə, eşit məni Gülgəz. Elə günü sabah sənin kimi Şahbazdan gizlin, xəlvətcə bu evdən, bu kənddən çıxıb gedəcəm. Yolumu gözlə, gözəl balam.