Ələsgər ƏLİOĞLU - SU HAQQINDA DÜŞÜNCƏLƏR
Gözümüzün nuru sudur, nuru su,
Qoyun qalsın həmişə də duru su!..
Kimin fikri lillənibsə durulsun,
Dərya nədir, damcıya da qıymayın.
Su hardasa həyat həmin tuşdadır,
(Susuz söz də dil-ağızda turş dadır!)
Su ki axıb hansı səmti tuşladı,
Ordan nə göz.
Nə də ürək doymayır.
Bu torpağı çox bilməyin susuz ha,
Sıxan olsa, daşından da su sızar.
Qayaları su verib çox susuza,
Quraqlığa
Hələ boyun əyməyib.
Su canıdır tər bağçanın, tər bağın,
(Susuz çöl də yazda üzə tor baxıb !..)
Su qanıdır axı ana torpağın,
Bulanmağa,
Bulanmağa qoymayın!..
1984