" Minsk qrupu  fəaliyyətsizliyi   ilə  bizə çox ciddi problemlər yaradıb" - Tahir Rzayev, millət vəkili

SİYASƏT 09:13 / 03.09.2025 Baxış sayı: 2472

"ATƏT-in Minsk qrupu Azərbaycan torpaqları işğal altında olduğu dövrdə münaqişənin həlli və münasibətlərin normallaşdırılması istiqamətində zəruri tədbirlər görməli idi. Lakin həmin illərdə Minsk qrupunun fəaliyyəti demək olar ki, hiss olunmadı. Əslində, bu qurumun fəaliyyətsizliyi illərlə ədalətin bərqərar olmasına mane oldu, münaqişəni uzatdı və yeni problemlər yaratdı".

Yenises.az xəbər  verir ki, bu  fikirləri mətbuata açıqlamasında millət  vəkili  Tahir Rzayev bildirib.

O qeyd edib ki, Minsk qrupunun fəaliyyətsizliyi vaxtilə Azərbaycan üçün çox ciddi problemlər yaradıb:

"Azərbaycan ordusu düşmən üzərində qələbə qazandıqdan sonra ölkə rəhbərliyi dəfələrlə Minsk qrupunun ləğvi və onun strukturlarının bağlanması məsələsini gündəmə gətirdi. Bu haqlı bir tələb idi. Çünki Minsk qrupu öz əsas prinsiplərinə uyğun olaraq münaqişənin həllində aparıcı rol oynamalı, real vəziyyəti qiymətləndirərək Azərbaycanın haqlı mövqeyini müdafiə etməli idi. Təəssüf ki, bu baş vermədi.

Həmsədr dövlətlərin nümayəndələri illərlə sadəcə formal səfərlər etdi, nəticəsiz görüşlər keçirdi və boş bəyanatlarla kifayətləndi. Onların fəaliyyəti yalnız vaxt itkisindən ibarət oldu.

Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, ədalətin tərəfində dayanmayan, real nəticə verməyən bir quruma ehtiyac yoxdur.

Minsk qrupunun fəaliyyətsizliyi vaxtilə Azərbaycan üçün çox ciddi problemlər yaratdı. Ancaq bu gün həmin problemlər artıq geridə qalıb. Beynəlxalq hüquqa uyğun olaraq, bu qurumun ləğvi düzgün və ədalətli bir addım oldu".