Məmməd Dəmirçioğlu dünyası- yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 14:07 / 27.12.2024 Baxış sayı: 405

Bu gün istənilən informasiyanı, təbii ki, mayasında ciddilik, gerçəklik olan informasiyanın ,sosial şəbəkələrdən də oxumaq, öyrənmək mümkündür. Yəni indi həyatımızın bütün sahələrinə nüfuz etmiş sosial şəbəkə demək olar ki, bizi öz aurasında saxlayır. İstər-istəməz ona üz tutmalı oluruq. Bu, reallıqdı və biz onu dana bilmərik. Bax, bu mənada ədəbiyyat, incəsənət, mədəniyyət, elə siyasətin özü də həmin sosial şəbəkələrin hesabına sosiallaşıb, ictimailəşib. Ona görə «sosiallaşıb, «ictimailəşib» deyirəm ki, tutaq ki, siyasətlə bağlı ciddi məsələyə hər kəs öz ağlına, düşüncəsinə görə münasibət bildirir və bu da bir xaotik vəziyyət yaradır, mövzu qalır kənarda, həmin o vacib, siyasi predmet isə düşür ayaqlara. Tapda ki, tapdalayasan. Lakin yenə etiraf edim ki, bəzən də hətta gözləmədiyin bir səviyyədə münasibətin şahidi olursan. Deməli, məsələni kütlə yox, seçilənlər, ağıllı, məntiqli adamlar yozanda, araşdıranda, dürüst bir nəticəyə də gəlmək mümkündür. Bu, yazacağım mövzuya dəxli olmasa da, amma içimdən gələn sosial şəbəkələrlə bağlı məni rahatsız edən vəziyyətə münasibətimdir. O ki, qaldı mövzumuza…

Bəli, tez-tez sosial şəbəkədə onu xatırladırlar, onu xatırlayırlar, onun fotosuna, yaradıcılıq nümunələrinə rast gəlirəm. Bu da mənə onun özünü də, sözünü də, çöhrəsini də, hətta səsini də xatırladır. Özümdən asılı olmadan çevrilib mobil telefona baxıram. Elə bilirəm ki, indi ekranda Dəmirçioğlu yazılacaq və mən də telefonun yaşıl düyməsini basıb «Salam» deməyə macal tapmamış onun səsini eşidəcəm:

- Ay qaqa…

Və beləcə başlayacaq bizim söhbətimiz. Öncə hal-əhval tutmaq, sonra yazılar, sonra qəzet, sonra ədəbiyyat… Uzanacaq söhbətimiz və axırda da elə həmişəki mövzu :

– Bir vaxt elə Gəncəyə tərəf gəl…

Bəli, belə idi Məmməd Dəmirçioğlu. Sadə, səmimi, həm də varlığı xeyirxahlıqla, səmimiyyətlə, saflıq və şirinliklə dolu idi. Ona görə də onun kiminsə xətrinə dəydiyini nə eşitmədim, nə də təsəvvür edə bilmədim. Amma kövrəldiyinin dəfələrlə şahidi oldum. Xüsusilə Akif Səməd rəhmətə gedəndə… Sonra o, Akif Səmədin məzarüstü büstünü də hazırladı. Ona şeir də yazdı. Ondan xatirələr də danışdı… onun rəsmini də çəkdi. Çünki Məmməd Dəmirçioğlu başdan-ayağa istedad idi. Allah ona heykəltəraşlığı da, rəssamlığı da, şairliyi də, sazı sinəsinə sıxıb ruhumuzu göylərə aparmağa da bol əli ilə bağışlamışdı, səxavətlə vermişdi. O da bu səxavətdən hamıya pay tuturdu. Bacardığı qədər, gücü çatan qədər söz-sənət adamlarının hayına yetişirdi, səsinə səs verirdi. Və heç vaxtı "MƏN" - demirdi. Elə şeirində də bunu etiraf etmişdi:

 

«Mən» sözündən utandım,

Mənsizlər yedi məni.

Dən-dən olub səpildim,

Dənsizlər yedi məni.

 

Bir dağa bax, bir düzə,

Dərdin varsa gəl bizə.

Əl uzatdım əlsizə,

Əlsizlər yedi məni.

 

Dərd atarmı oxu yan,

Solur çiçək qoxuyan.

Hər gün «Quran» oxuyan,

Dinsizlər yedi məni.

 

Allah, qınama məni,

Dərdimlə yordum səni.

Hər yerdən sordum səni,

Sənsizlər yedi məni.

 

Yəqin ki, bu şeirin alt qatını gördünüz. Heç vaxt " mən " deməyən adam daxilən mənsizliyin ona nə yaşatdığını sənsizlik ilə bərabər tutur. Mənsizlik əslində sənsizlikdi. Çünki mən səninlə mənəm. Sən də mənimlə sənsən. Mən, sən bir tamlıq olur. Biri yoxdursa, artıq yarımçıqdır, paradır. Görünür, elə ona görə də mənim yarsı, yarısı və yarı. Eyni mahiyyət daşıyır. Çünki onların üçü də mənim yarımçıq olduğuma işarə vurur. Onun tamlanması üçün sənin olmağını zərurətə çevrilir. Və hər zaman içimizdə və dilimizdə yaşayan, səslənən    "yar" sözü o dediyimiz, o istədiyimiz məni, səni tamlaşdırır. Elə insanın bütövləşməsi də, tamlaşması da budur. Vay o haldan ki, mən sənsizləşəm!..

Məmməd Dəmirçioğlu öz yaradıcılığında – yəni yaradıcılığın şeir bölümündə təkcə sadəliyi və səmimiyyəti ilə yox, həm də rəssamlığından, heykəltəraşlığından qaynaqlanan bir məqamı da büruzə verir. Yəni o şeirlərində sanki sözlə şəkil çəkir. Şeiri oxuduqca elə bilirsən ki, hansısa tablo ilə üz-üzə dayanırsan və o şeir dili ilə dediklərini tabloda görürsən. Məsələn:

 

Vədəsi bilinməz qəza-qədərin,

Allah, son anımı vaxtında göndər.

Məni bu dünyaya bir də gətirsən,

Oxuyan quşların bəxtində göndər.

 

Təşnə dodaqların söz qismətini,

Sönən ocaqların köz qismətini.

Hər qönçə gözəlin öz qismətini,

Muradının bəyaz atında göndər.

 

Şahlara görk eylə ölən şahları,

Beş arşın kəfənə enən şahları,

Allah, tacı-taxta gələn şahları,

Qul eylə, könüllər taxtında, göndər.

 

«Səhra gülləri» kitabından iqtibas etdiyim bu şeirlərin fikir gücü o qədər realdır ki, birmənalı olaraq şairlə razılaşırsan. Onun dediklərinin və sənin düşündüklərinin  bir-birində olduğuna  əminlik səni o auradan çıxmağa qoymur. Çünki bizim hər birimiz ayrı-ayrılıqda əlimizi Allaha açanda sonumuzun vaxtında olmasını ondan diləyirik. Ağrısız, acısız, qəza-qədərsiz, heç kimə yük olmadan bu həyata vidanı diləyirik Allahdan. Bax, Məmməd Dəmirçioğlunun üçbəndlik şeirində də, mənim də, sənin də etdiyin duanın şəkli var. Zənnimcə, bu nümunələr oxucunu düşündürmək və təkrar çevrəyə yenidən baxmaq məcburiyyətini yaradan müəllif bacarığıdır. Bir az da konkret ifadə etsəm, bu, Məmməd Dəmirçioğlunun hansı bir istedadın sahibi olduğunu göstərən poeziyadır.

Mən Məmməd Dəmirçioğlunun «İpək könüllü, uca ruhlu, şair qardaşım Əbülfət Mədətoğluna könül payı. 13.06.2011» avtoqrafı ilə mənə bağışladığı «Səhra gülləri» kitabından ölkəmizin təyyarə qəzasını yaşadığı anda – yəni bu matəm günündə oxuduğum şeirlər bir ruh təsəllisi idi, bir baş verənlərə hardasa dözmək, tablamaq və düşünmək tövsiyyəsi idi. Ona görə də Məmməd Dəmirçioğlunun sözünə və özünə ehtiramla oxuculara xatırladıram ki, dəyərli söz bütün zamanlar üçündür. Onu görmək, oxumaq və təqdir etmək lazımdır. Başqa nə qaldısa, onu hər kəs öz ağlının gücünə uyğun görsün və dəyərləndirsin.