Əlizadə Nuri : - Göyərçin ovcuyam mən...

Ədəbiyyat 20:40 / 27.12.2024 Baxış sayı: 247

 

 

Hər axşam şam oluram,

Əriyib... tam oluram.

Səndə tamam oluram-

Mən gün, sən də həftəsən.

 

Eşq- şirin əzab kimi,

Bitməyən hesab kimi.

Ən yaxşı kitab kimi

Canımdakı rəfdəsən.

 

Sən yolsan, yolçuyam mən,

Göyərçin ovcuyam mən...

Yüz ildir ovçuyam mən-

Yüz ildir hədəfdəsən...

 

Qəmi sevdim, həm səni,

Qısqandı bu qəm səni.

Düşüb gəzmirəm səni-

Sən ki hər tərəfdəsən.

 

Bu dünyadı, kahadı?

Şah olmur hər şah adı.

Bu sədəf nə bahadı-

Yoxsa sən sədəfdəsən?!