Lilpar  Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəm şəcərəsi)

Ədəbiyyat 08:22 / 25.03.2025 Baxış sayı: 599

 

Məf'Ulün məf'Ulün məf'Ulün fA

Can aldın Sən hər aşiqdən, Leyla,

Əl çəkməz dilbər aşiqdən, Leyla.

Şükr etsin qəlbin, tapmış sərvət, var,

Yar olmaz zərgər aşiqdən, Leyla.

+++

Sağlam candan çıxmaz qüvvət, dünya,

Ləl, gövhərdən olmaz sərvət, dünya.

Çox zəhmət çəkdin, çırpındın, insan,

Zillət çəksən, vermir qiymət dünya.

+++

Qardaş dərdindən çəkmiş qəm Zəhra,

Tökmüş gözdən qan yaş, zəmzəm Zəhra.

Cənnətdən nur almış, azmaz, şeytan,

Tapmış Allahtək bir həmdəm Zəhra.

+++

Sən xəlq etdin, olsun aləm, Mövla,

İnsan göndərdin, dolsun aləm, Mövla.

Aldım rəhmindən güc, oldum məftun,

Neyçün tapşırdın solsun aləm, Mövla?

+++

Çox Məcnunlar keçmiş səndən, Səhra,

Bülbüllər uçmuş gülşəndən, Səhra.

Qumlar tökdün, nurum getsin gözdən,

Aşiqlər gizlənməz çəndən, Səhra.