İÇİMİZDƏ DƏFN OLUNAN ÖMÜR

YAZARLAR 16:26 / 14.06.2026 Baxış sayı: 234

 

İnsan həyatı boyu qapılar açır və qapılar bağlayır. Amma elə qapılar var ki, onları örtəndə çıxan səs otağın içində deyil, ruhun ən dərin qatında əks-səda verir. Biz çox vaxt elə bilirik ki, kədərimizin səbəbi gedən insanlardır. Halbuki ən böyük itki kiminsə həyatımızdan çıxıb getməsi deyil, onun özü ilə bərabər içimizdəki o ən təmiz, ən güvənli və ən uşaq parçamızı da aparmasıdır. Biz gedənlərin arxasınca yox, onların yanında qoyub gəldiyimiz, bir daha heç vaxt geri qayıtmayacaq o "ÖZÜMÜZ" üçün darıxırıq.

Pərən-pərən olmuş daxili coğrafiyada hər kəs ayrılığın ən ağır anının vida saniyəsi olduğunu zənn edir. Böyük bir yanılmadır bu. Vida anı bir şokdur, hisslərin donmasıdır. Əsl fəlakət vidadan sonrakı ilk səhər başlayır.

Həmin o adiləşmiş gündəlik həyatın içində, bir fincan qəhvənin buğunda, səslənən bir mahnının ilk akkordunda və ya küçədə sənə tərəf gələn yad birinin yerişində o tanış xatirə ilə qəfil toqquşursan. Və o an anlayırsan ki, həsrət uzaqlıqla ölçülmür. Ən dözülməz həsrət, vaxtilə nəfəs qədər yaxın olub, indi bir xatirə qədər toxunulmaz olanlarla duyulur.

Zamanın hər şeyi sağaltdığına dair deyilən o təsəlli nağıllarına heç vaxt inanmadım. Zaman yaranı sağaltmır. O, sadəcə yaranın ətrafına yeni günlər, yeni simalar, yeni məşğuliyyətlər hörür. Səni bir növ keyidir, ağrıya öyrəşdirir. Amma daxildəki o boşluq, o dərin quyu olduğu kimi qalır. İnsan sükuta da alışır, yoxluğa da, nisgilə də. Amma elə bir an gəlir ki, səsini eşidəndə çiyinlərindəki bütün dünyanın yükünün yüngülləşdiyini hiss etdiyin o insanın özü sənin ən ağır yükünə çevrilir. Bir vaxtlar ruhuna yurd olan o səs, indi xatirələrinin ən ağrılı ünvanı kimi qəlbinə çökür.

Bu, sadəcə bir insanı itirmək deyil, bu, bir hissi itirməkdir. Sevgi bəlkə də tapılan bir şeydir, yenidən yaşana bilər. Amma o itən doğmalıq, o şərtsiz güvən, dünyada milyonlarla insanın içində özünü tək hiss etməmək duyğusu var ya… bax, o bir dəfə sındımı, yapışdırmaq olmur. Qəribədir, qəlb o qədər dağıntının, o qədər yorğunluğun içində belə hardasa, heç kimin görə bilmədiyi bir küncdə ümid bəsləməyə davam edir. İddiasız, səssiz və incik bir ümid...

Ayrılıq məsafələr deyilmiş. Ayrılıq — eyni göy üzünün altında, bəlkə də eyni şəhərdə, bir-birinin ruhuna toxunmuş iki insanın bir daha heç vaxt danışmayacağını bilərək yaşamağa məhkum olduğu o ömürlük səssizlikdir. Və bu səssizliyin içində qalanın bitməyən, sonsuz bir yolçuluğu başlayır. Özünə doğru, amma özünü tapmayacağını bilə-bilə...

✍ Sevil Azadqızı