Adil Şirin - Bir axşam quş olaydım...

Ədəbiyyat 08:28 / 13.06.2026 Baxış sayı: 409

* * *

Bir axşam quş olaydım,

Qonaydım pəncərənə.

Mən könlümün sirrini

Pıçıldayaydım sənə...

 

Ay şam kimi əriyir,

Tökülür qaranlığa.

Ulduzları söndürün,

Söndürün bir anlığa.

 

Qeyb olaq bir anlığa,

Sonra yenə qayıdaq.

Ən sevdalı, ən gözəl,

Şirin günə qayıdaq...

 

Bir axşam quş olaydım,

Qonaydım pəncərənə.

Mən könlümün sirrini

Pıçıldayaydım sənə.

 

Dən verəydin, su verəydin,

Sənə bel bağlayaydım

Quş dilində güləydim,

Quş dilində ağlayaydım...