AY Bəniz Əliyar - QƏZƏL
Getdi hər kəs, baxıram dörd divardı, bir də mənəm,
Ruhu bomboş adamam, qoynu çiçəksiz çəmənəm.
Sanki eşq olmayıb, o könlüm içrə bəslədiyim,
Haqqa eylər səfəri sözlə qurulmuş bu binəm.
Aldı bir parəmi, tərk etdi məni hər bitən eşq,
İndi alnımda qırış, indi saçlarımda dənəm.
Durmuşam gözləmədə əllini haqlar yaşımı,
Artırar göynəməsin hər səfərində bu sinəm.
Hey deyər, "yum gözünü", hey qoyar ağzımda sözü,
İstəməz haqqı görəm, istəməz heç haqlı dinəm.
Çün bilir susmayacam zalım önündə baş əyib,
Çün bilir xeyrə dos(t)am, çün bilir şərə düşmənəm.
AY Bəniz, hisslərini xərcləmisən dərdə müdam,
Ölüb əvvəlki qadın, yoxdur o əvvəlki sənəm.