İdris  Babayev -  Gəl Gedək

Ədəbiyyat 11:58 / 14.06.2026 Baxış sayı: 412

 

Nə işin var mən olmayan dünyada,

Yığ köçünü, əlvida de, gəl gedək.

Nə molla gəz, nə mürdəşir, nə kəfən,

Qara zülfü sinəm üstə sər gedək.

 

Bizdən başqa bu dünyanın dərdini,

Çəkən olar, biz olmasaq birisi.

Elə bilmə bizdən sonra düzələr,

Bu dünyanın belindəki əyrisi.

Mən hər şeydən doydum, gülüm, biləsən,

Doymamışam bircə səni sevməkdən.

Ayrı düşmək istəməsən cənnətdən,

Sən imtina etmə mənnən getməkdən.

Günahımız yoxdur desəm inanma,

Sağda biri, solda biri mələyin.

Sağdakı çox, soldakı az yazıbdır,

Gücü çatmaz bizə orda fələyin.

Mən İdrisəm, hər sözümün ağası,

Gəl qulaq as, çıxma mənim sözümdən.

Öymə mənə gözəlliyin dünyanın,

Çoxdan düşüb dünya mənim gözümdən.

14.06.2026