Arzu Hüseyn - Daha həyatında nə yağışam, nə külək

Ədəbiyyat 12:00 / 13.06.2026 Baxış sayı: 242

Daha həyatında nə yağışam, nə külək,

Daha üzərinə bir damcı düşməz məndən.

Başının üzərindən gecə-gündüz əsərək,

Öpmərəm gözlərindən...

 

Daha həyatında nə ağacam, nə yarpaq,

Daha gün işığından qorumaz kölgəm səni.

Daha əvvəlki kimi, uşaqtək ağlayaraq —

Səsləmərəm mən səni…

 

Daha dodaqlarından qopmaram bir ad kimi,

Daha nə zəng edərəm, aramaram mən səni.

Görüşsək də yanından ötərəm bir yad kimi,

Tanımaram mən səni…

 

Daha həyatında nə səmayam, nə torpaq,

Ayağını möhkəm bas, başına yağmaz qarım.

Sənin üçün köksümdə bir sərçə uçmayacaq,

Sənin üçün bir çiçək bitirməz səhralarım..