Adilə Nəzər -HƏR ŞEY BİRDİ
Dünyayla yoldaşlıq edənlər bilir,
Sürünən də birdi, uçan da birdi.
Yolun yarısını gedənlər bilir,
Yeriyən də birdi, qaçan da birdi.
Nəyə lazım məsləhət, ya gənəşmək,
Bu dünyanın əyrisilə güləşmək..
Kor quyunun zülmətinə Günəş tək,
Saçmayan da birdi, saçan da birdi.
Ər oğullar pay payladı qanından,
Ətri gəlir vətənin hər yanından...
Bilinmirsə, torpaq üçün canından,
Keçməyən də birdi, keçən də birdi.
Ürək gözdən süzülməsə, sızmasa,
Sevindirməz qarşılığı olmasa.
Əgər Tanrı bəxti gözəl yazmasa,
Seçməyən də birdi, seçən də birdi.
Bir savaba neçə günah silinər?!
Açıq yoldu, bir də dönüb gəlinər…
"Qara qutu" açılanda bilinər,
Bağlayan da birdi, açan da birdi.
Ay Adilə, gəldin sözün belindən,
Haq bildiyin gəlib sızır dilindən.
Halallığı yoxsa, əkən əlindən
Biçməyən də birdi, biçən də birdi.