Ayaz  Arabaçı - Könlümün qübar eləyən vaxtları...

YAZARLAR 10:20 / 12.06.2026 Baxış sayı: 558

 

Son günlər sosial şəbəkələrdə ermənilərin bizim milli musiqilərə çökdüyü açıq-aydın nümayişkəranə şəkildə əks olunur.

Bu da mənim kimi sadə zəhmətkeş və təəssübkeş adamlarda hədsiz qıcıq doğurur.

Ona görə işim yazmaq olduğundan bu məsələ iş mdən və qələmimdən Yan keçmədi..

Ermənilərin Azərbaycan musiqisinə, mahnılarına və folkloruna maraq göstərməsi yeni məsələ deyil. Uzun illərdir ki, xalqımızın mədəni irsi ətrafında müxtəlif mübahisələr yaşanır. Bizi qıcıqlandıran təkcə hansısa mahnının və ya musiqi nümunəsinin mənimsənilməsi deyil. Əsas narahatlıq odur ki, əsrlər boyu bu torpaqlarda yanaşı yaşamış xalqların mədəniyyətləri bir-birinə qarışsa da, əksər hallarda xalqımızın adı kölgədə qalır.

Qafqazın tarixində xalqlar arasında qarşılıqlı təsir həmişə olub. Musiqi, dil, mətbəx və adətlər bir-birindən təsirlənib. Lakin hər bir xalq öz milli irsini qorumağa çalışır və bu, təbiidir. Azərbaycan xalqı da öz musiqisinin, xalq mahnılarının, muğamının və bəstəkarlarının irsinin doğru təqdim olunmasını istəyir.

Bəzən düşünürəm ki, ermənilərin bizim mahnıları bu qədər tez və rahat mənimsəməsinin səbəbi onların da uzun illər bu coğrafiyanın təsiri altında formalaşmasıdır, ya da rəhmətlik akademik Nizami Süleymanov demiş bizim "xatakarlar"dan əmələ gəlməsidir. Bu şərt də qaçılmazdır, tarix bir çox xalqların taleyini eyni torpaqlarda qovuşdurub. Amma yaxınlıq və oxşarlıq heç vaxt özgəsinin irsinə sahib çıxmağa haqq qazandırmır.

Ən acınacaqlısı isə odur ki, bu məsələlərlə məşğul olmalı olan qurumların, məsul şəxslərin və mədəniyyət keşikçilərinin böyük hissəsi sanki başqa aləmdə yaşayır. Bir tərəfdə xalqın musiqi xəzinəsi hissə-hissə mənimsənilir, digər tərəfdə isə vəzifə daşıyanların başı şou-biznes oyunlarına, müğənnicik xanımları "saxlamağa"silikon ulduzların təbliğinə, tədbirlərdən tədbirlərə qaçmağa, şəxsi maraqlarını təmin etməyə qarışıb. Sanki milli irs bu" axırıncı" adamlar üçün üçün axırıncı yerdədir.

İllərdir eyni problemlər yaşanır, eyni etirazlar səslənir, amma ciddi nəticə görünmür. Çünki məsuliyyət hissi olmayan yerdə milli maraq da arxa plana keçir. Bir çoxları üçün vəzifə xalqa xidmət etmək deyil, kreslonu qorumaq, əlaqələri genişləndirmək və imkan daxilində daha çox qazanc əldə etmək vasitəsinə çevrilib.

Bu səbəbdən də doğru olaraq təəssürat yaranır ki, mədəniyyətimiz sahibsiz qalıb. Mahnılarımızın, folklorumuzun, tarixi irsimizin müdafiəsi ilə məşğul olmalı olanlar susanda, başqalarının onu öz adına çıxarmasına da şərait yaranır. Sonra da sosial şəbəkələrdə bir neçə emosional paylaşım edib mövzunu bağlayırlar.

Halbuki milli irs şüarlarla deyil, sistemli işlə qorunur. Arxivlər yaradılmalı, beynəlxalq səviyyədə qeydiyyatlar aparılmalı, hər bir musiqi nümunəsinin mənşəyi sənədləşdirilməli, dünya ictimaiyyətinə təqdim olunmalıdır. Bu işlər görülməyəndə boşluğu başqaları doldurur.

Bu gün bizə lazım olan təkcə qəzəb deyil, həm də tələbkarlıqdır. Cəmiyyət öz mədəni sərvətinin qorunmasını tələb etməlidir. Tarix göstərdi ki, sahibi yatanda yadlar gəlib onun ocağına da sahib çıxmağa çalışır.

Mədəniyyət bir xalqın yaddaşıdır. Yaddaşını qorumayan xalq isə bir gün öz həqiqətlərini başqalarının dilindən eşitmək məcburiyyətində qalır..