Gunel Movlud -  Qardaşım ilk maaşını aldığı gün...

YAZARLAR 10:00 / 23.02.2026 Baxış sayı: 446

Qardaşım ilk maaşını aldığı gün atamla anamı restorana aparmışdı. Mən evdə qalmışdım, xəstə nənəmə baxmalı idim. Onlar qayıdandan sonra bütün gecəni atam da, anam da qonaqlıqdan, qardaşımın onlara açdığı süfrədən fəxrlə danışdılar. Əsas da qızartma balıqdan...

Balığın bizim ailədə bir ayrı hörməti vardı. Atam da, anam da yaxşı, dadlı balıq hansıdır, hansı balıqdan nə çıxar, əla bilirdilər. Həmişə imkanımız çatmazdı almağa, amma imkan olanda da atam ən yaxşısını alar, anam da padşah süfrəsinə layiq şəkildə bişirib, ortaya gətirərdi. Məzələrini, limonunu, qırmızı soğanını əvvəlcədən hazır edər, hamı masa ətrafında yerini tutub, balığı gözləyərdi. Süfrəyə qoyulandan ta boşqablar yuyulub, yerinə yerbəyer edilənə qədər anam balığın insana, asas da gözə xeyrindən danışır, dil-boğaza qoymazdı. O danışdıqca da, atam evinə balıq ala bilmiş ailə başçısına xas bir qürurla başını tərpədərdi.

İndi də qardaşım onlara qonaqlıq vermiş, süfyəyə bir neçə cür balıq sifariş eləmişdi. O axşam, atamla anam qardaşımın açdığı süfrəni, yedikləri balığı kirimədən tərifləyəndə, qardaşımla necə fəxr etdiklərini görəndə, qəlbimdən keçdi ki, mən də nə vaxtsa işə düzəlim, ilk maaşımı alanda atamla anama balıq qonaqlığı verim. Onların bir gün mənimlə də fəxr eləməyini istəyirdim.

Universitet qurtaran kimi işə düzəldim. Amma ilk maaşım ancaq yolpuluna, nahar fasiləsində yeməyə, bir də xırda-xuruş xərclərimə ancaq bəs etmişdi. Özümə verdiyim sözə əməl edə bilməmişdim. Fikirləşmişdim ki, eybi yox, ikinci, üçüncü maaşda edərəm, amma sonralar da çox şey dəyişmədi.

Bir ildən sonra iş yerinə təzə direktor gəldi. Gələn kimi mənim işimi gözdən keçirdi. Bir-iki dəfə söhbət elədik. Qadın idi direktor. Bunu ona görə qeyd edirəm ki, ağlınıza gələ biləcək şeyləri əvvəlcədən bilirəm. Qadın idi, məndən on-on beş yaş böyük qadın. Amma ədaləti vardı, çox işlədiyimi, əvəzində az aldığımı görürdü.

O ayın sonunda mühasibata maaşımı almağa getdim. O vaxt hələ bank kartları çox dəbdə deyildi, maaşımızı nağd sayıb, qol çəkdirib verirdilər. Maaş kağızına qol çəkəndə indiyə qədər aldığım məbləğin iki qatını gördüm. Mühasibə dedim ki, deyəsən, səhv olub, rəqəm düz deyil. Mühasib direktordan aldığı sənədə baxıb, dedi ki, rəqəm düzdü, xanım özü sənin maaşını belə təsdiqləyib.

O gün iş yerindən çıxan kimi birinci küçədəki dilənçi uşağa sədəqə verdim. Yazığım gəldiyinə görə yox, sevincimi bölüşmək üçün. Sonra təzə açılan ticarət mərkəzinə gedib, əynimi-başımı təzələdim, universitet illərindən geyindiyim tufliləri o gün zibil qabına atıb, dükandan təzəsini alıb, elə ordaca geyindim. Daha həvəslə işləməyə başladım, özümə inamım artdı, az qala qanadlarım çıxdı.

Növbəti ay maaş alanda, rəqəmin yenə ikiqat artdığını gördüm. Bu dəfə də eyni şey oldu, mühasib dedi ki, xanım belə təsdiqləyib. Direktorun yanına getdim, dedim ki, mən işimi bilirəm. Keçən dəfəki ədalətli maaş idi, indi yazılan rəqəm isə mənim zəhmətimin əvəzi deyil, artıqdır. Niyə belə etdiyini soruşdum.

Direkror sakitcə mənə baxdı. Dedi ki, sən çox ağıllı, bacarıqlı qızsan. Burda qalmayacaqsan. Nə vaxtsa səni görəcəklər, ya da sən dişinlə-dırnağınla özünə karyera qazanacaqsan. Çox irəli gedəcəksən. Buna heç bir şübhəm yoxdu. Amma indi çətinlik çəkirsən. Bilirəm. Bunu bir bacı jesti kimi qəbul elə. Bir də ki, insanıq, mən də bilmirəm sabah necə olacam. Bəlkə elə bir gün gələcək ki, mənim sənə işim düşəcək. Get, o maaşı al, bundan sonra bu əməkhaqqı ilə işləyəcəksən. Cavan qızsan, qəşəng geyin, yaxşı yerlərdə kofe iç, nahar elə, ünsiyyətdə olduğun insanların keyfiyyətinə diqqət elə. Nəsə problemin olsa, yanıma gəl...

Bir şey də qeyd edim ki, müdirimiz elə də mələk kimi insan deyildi. İşdə çox adam onun əlindən qan ağlıyırdı. Bəziləri quru, bəziləri qəddar, bəziləri yekəxana hedab edirdi. Bəzən haqlı olduqlarını da başa düşürdüm. Mənə qarşı bu münasibətinin altında yatacaq səbəblər məni qorxudurdu. Amma əlimdən başqa heç nə gəlmirdi.

O gün artıq üçqat olmuş maaşımı aldım. Əskinaslar pulqabıma sığmırdı. Keçən ay əyin-başımı da təzələmişdim. Bu pulu hara, necə xərcləyəcəyimi fikirləşəndə, birdən yadıma düşdü ki, mən axı atamla-anama balıq qonaqlığı verməli idim. Evə gələn kimi, pulun yarıdan çoxunu anama verdim. Dedim ki, evə, özünə, nəyə istəyir, xərcləsin. Anam, ömrü boyu atamın az maaşını birthər çatdırmağa çalışan, bunu ona, onu buna calayan anam sevincindən nə edəcəyini bilmədi.

O axşam atam evə gələndə dedim ki, sabah onları Bibiheybətdəki balıq restoranına dəvət edirəm. Anam əvvəl dedi ki, restorana verəcəyim pula elə balıq alar, özü qızardar, hamımız bol-bol yeyərik. Amma mən inad elədim. Dedim ki, mütləq getməliyik. Bu, mənim arzum olub, indi də imkanım var, edək.

Səhəri gün işdən çıxan kimi evə gəldim. Atam da, anam da, qardaşım da hazır idi. Qonşunu çağırdıq, nənəmin yanında o qaldı. Atam taksi çağırdı, restorana maşınla getdik. Oturduq, ofisiant yaxınlaşdı. Atam menyuya baxıb müxtəlif balıqlar seçdi, bəzilərini qrildə, bəzilərini qızartma istədi. Ofisiantın gətirdiyi nəhəng məcməidəki məzələrin demək olar ki, hamısını masaya düzdürdük. Atamla qardaşım ölərinə yarım litrlik araq sifariş elədilər.

Gözəl bir axşam keçirdik. Masadan nəsə bitən kimi yenə sifariş edirdik. Anam dənizə baxır, baxdıqca üzü sanki dncəlirdi. Uşaq vaxtı ailəmlə birlikdə kafeyə getdiyimiz yadıma düşürdü. Anamın o vaxt nəsə istəyəndə necə ehtiyatla atamdan soruşmağı, bizim dondurmanı birdən atamın pulu çatmaz deyə qorxa-qorxa istəməyimiz yadıma düşürdü. İnsanın cibində yetəri qədər pul olması, istədiyini rahat deyə bilməsi, özünə arxayın olması necə gözəl hiss imiş, ilahi, deyə düşünürdüm. Bu axşam ailəmin istədiyi hər şeyi sifariş verə bilmək o qədər gözəl bir hiss idi ki!

Dedik, güldük, yedik, içdik, kefimiz duruldu. Artıq gecdir, durmaq vaxtıdır deyəndə, atam əli ilə ofisiantı çağırdı. Oğlan hesabı gətirdi. Mən çantamdan pulqabımı çıxarıb, hesabı ödədim, oğlana da yaxşı bir çaypulu qoydum. Ofisant aralananda, başımı qaldıranda, süfrədə hamının pərt halda mənə baxdığını gördüm. Nə olduğunu başa düşmədim. Anamın rəngi qızarmış, atamın isə, əksinə, qaralmışdı. Çaşqınlıqla üzlərinə baxır, nə olduğunu başa düşməyə çalışırdım.

Anam sakitcə dedi.

- Pulu niyə atana vermədin ki, o ödəsin?

Heç nə başa düşmədim. Atama baxdım. Onun ağzından:

- Bu süfrədə iki kişinin ofisiatın yanında biyabır elıdin. Biz kişiyik, ayıb deyildi bizim yanımzda qız xeylağı əlin sumkasına atsın?

O an yer-göy başıma fırlandı. Hər şeyi başa düşdüm. Mən oğul deyildim ki, atamı, anamı restorana aparıb, hesab ödəməyimlə fəxr eləsinlər. Mən qız idim. Gizlincə anama pul verə bilərdim, gizlincə bütün maaşımı ailəmə xərcləyə bilərdim, lap illərlə işləyib, ailəmi dolandıra da bilərdim. Amma insanların yanında heç nə edə bilməzdim. Mən qız övlad idim. Mənə təkcə pis şeylər deyil, yaxşı şeylər də qadağan idi...

O günün səhərisi iş yerində ağladığımı görən müdirim nə olduğunu soruşdu. Ağzımı açıb, dünən ailəmi restorana apardığımı deyəndə, o dəqiqə acı-acı gülümsədi:

- Atanın yanında hesab ödədin, hə?

Çaşdım.

- Hardan bilirsiz?

- Bir vaxtlar mən də...

O an direktorumu başa düşdüm. İş yerində az qala hamının dad elədiyi qadının mənə münasibətini başa düşdüm. O məni təkcə işçi kimi tanınamışdı. O məni zəif yerimdən, yaramdan tanımışdı...

Hələ də Azərbaycanda yaşayan sevimli rəfiqəmin söhbətindən