Firuz Mustafa - Küt-ləvi mənəviyyatsızlıq...

YAZARLAR 07:35 / 07.09.2025 Baxış sayı: 2242

 

Çox yazmışam. Məcburam yenə bir-iki kəlmə deyəm…

Biri var fantastik tarix, biri var real tarix, biri də var uydurma tarix.

Əlbəttə, bizə ÖZ REAL tariximiz lazımdır.

Fəlakət budur ki, indi az qala hamı “tarixçi” olub. Yox, bu, bir az şişirtmə çıxdı, zira indi “şair”, “jurnalist”, “müğənni”, hə, bir də “fəlsəfə doktoru” olanlarımız da az deyil.

Sözümün canı nədir? Hərə əlinə bir lom alıb “tariximizi” “qazır”. Yox, bunlar arxeoloq-zad deyillər. Hərşeyşünaslardır və hər şeyə qulp qoyurlar.

Bunlar kiminsə və nəyinsə sifarişi ilə üzdə olan real, bəlli, tarixi və çağdaş dahilərimizə, qəhrəmanlarımıza, söz adamlarımıza, mütəfəkkirlərimizə çirkab atmaqla məşğuldurlar. Qələmlərindən kanalizasiya suyu süzülən bu “adamlar” ta kim qaldı ki, “şərləyib” (az qaldı burada “tutdurmasınlar” yazacaqdım, yaxşı ki, 37-ci il bir az arxada qalıb) ləkələməsinlər.

Əlqərəz, məsələn, bunlar şüvən qoparıb öz olmayan ağıllarına uyğun “qaranlıq” suallarla işıqlı tariximizi zinriyə çevirmək istəyirlər. Belələri…: Babək niyə ərəblərə qarşı vuruşub?,Nizami niyə farsca yazıb?, Füzuli niyə Kərbəlada, Nəsimi niyə Hələbdə yaşayıb?, Şah İsmayıl niyə şiəliyi təbliğ edib?, Mirzə Fətəli niyə dinimizi tənqid edib?, Mirzə Cəlil niyə xalqımızı aşağılayıb?, Mirzə Ələkbər niyə dini-xurafatı ifşa edib?, Həcər niyə Qaçaq Nəbi ilə birlikdə ölməyib?, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza niyə Müşfiq və ya Cavidlə birgə güllələnməyib?, Mehdi Hüseynzadə və Həzi Aslanov niyə Sovet İttifaqı Qəhrəmanıdır?, İsmayıl Şıxlı niyə feodal qəhrəman obrazı yaradıb, Anar niyə “o cür” qadın obrazı yaradıb?, Alim niyə mahnını yerdə əyləşib oxuyur?..- kimi bu və ya bunabənzər suallarla, Allah qoymasa, “gündəmə” gəlmək istəyir, amma əvəzində daha çox “dəmə” gəlirlər.

Ömründə bir düz-əməlli kitab oxumayan, “tik-tok” “qəhrəmanlarını” özlərinə örnək hesab edən, küçə söhbətlərini “tutarlı mənbə və məxəz” hesab edən küt-ləm vay…

Xülasə, uydurma “tarix” yaradanlarımız zərərli mığmığa kimi vızıldaşaraq real tariximizə hücum çəkməkdədirlər.

Ayıq olun, tarixin də öz intiqamı olur.

F.M.