Agamir Cavad : - NƏ GÖZƏL

Ədəbiyyat 13:05 / 21.12.2024 Baxış sayı: 274

 

Qəlbintək gözəldir qısqanclığın da,

Gözəl qısqanırsan, gülüm, nə gözəl!

Gözlərim danışır bu eşq çağında,

Qarşında lal olub dilim, nə gözəl!

 

Bir təmiz, bir məsum ad bəsləyirəm.

Zamanın ağzında dad bəsləyirəm.

Min ildir qəlbimdə od bəsləyirəm,

Qorumu qoruyur külüm, nə gözəl!

 

Ruhuna can verən eşq həvəsiyəm,

Cahanı fırladan haqqın səsiyəm.

Ahəngi pozulmaz kənd nəğməsiyəm,

Bəmim nə gözəldir, zilim nə gözəl!

 

Bişmişik həyatın hər əzabında,

Dözümük həsrətin daş kitabında.

Vüsaltək şirindir iztirabın da,

Yolunda çəkdiyim zülm nə gözəl!

 

Ürəyim hər kəsə açılan deyil,

Yerin mizanıyla ölçülən deyil.

Sevgimin binası uçulan deyil,

Eşq ilə yoğrulub gilim, nə gözəl!

 

Üzünün nuruyla ağarıbdı dan,

Sən oldun yenidən məni yaradan.

Ağamir bu eşqlə köçər dünyadan,

Məhəbbət yolunda ölüm nə gözəl!