Əlisəfa Azayev : - ÇATMAYAN HAVA

Ədəbiyyat 10:44 / 30.10.2024 Baxış sayı: 1148

Yaxşı deyirlər ki, insan iki halda yanlışlığa yol verəndə ömrü boyu əzab çəkir. Bunlardan biri peşə, ixtisas seçmək, digəri ailə ilə bağlıdır. Ömür-gün yoldaşı seçəndə tələskənliyə yol verməyəsən, diqqətli olasan.

Nuru neçə gün idi ki, özünü halsız hiss edir, xəstə yatağına düşmüşdü. Ona göstərilən minbir qayğıya cavab olaraq, kədərli bir səslə deyirdi:

  • Belə də iş olar?!. Bu bina qarşını kəsib, havam çatmır da...

Onun bu sözlərini çoxları kimi, ona dəyməyə gəlmiş məhkəmə icraçısıFərid də eşitdi və çox pis oldu. Heç nədən vaxtında bu ailəyə yaxşılıq eləmək istəsə də, sonradan əzabını yaşayırdı...

Məsələ belə idi... Yeganə qızlarını gəlin köçürəndə, o qədər cer-cehiz olmağa meyilli olmuşdular ki, böyük borca düşmüşdülər. Hamısını da edən evin xanımı Dürrə idi. Bir qədər özündən deyən, şöhrətpərəst olduğu üçün, aza qane olmamışdı. O vaxtlar da pis, sıxıntılı günlər idi. Hər yanda işsizlik, infilasiya baş alıb getməkdə, qiymətlər qalxmaqda, gündə bir bank bağlanmaqda idi.

Onlar böyük bir nəslin rayon mərkəzində qərarlaşan övladları idi. Hər ikisi orta ixtisas sahibi idi. Tikintidə işləyirdilər. Mərkəzdə geniş bir torpaq sahəsi alıb, ev tikdirmişdilər. Belə evi tikdirməyə o vaxtlar hər adamın imkanı çatmırdı. Geniş, yaraşıqlı, bağlı-bağatlı, çardaqlı...Həyətdə, evdə, qaz, su, telefon, bir sözlə, hər şey vardı. Bircə çatmayan sadəlik, səmimiyyət idi. Hərdən oğlanın anası Mərziyyə kənddən əli dolu gələr, qəlbi açılmaz, dilxor, qanqara halda geri qayıdar, dərdini yaxınlarına danışardı:

  • Gəlin olanda nolar ki?!. Bir qaş-qabağı açılır ki... Adama bir fors-fason edir ki, getməyinə də peşman olursan...

Yaxınlar onu söhbətə tutardılar:

  • Ağəz, heç bir stəkan çay da vermədi?
  • Verməsəydi ondan yaxşı idi...
  • Belə gəlindənsə heç olmasa yaxşıdır.

Bu səbəbdən qadın çox vaxt uzaq yol gəlsə də, onlarda axşamlamaz, yaxınları evinə baş çəkər, bəzən də elə tez-tələsik geri qayıdardı.

Qızı Zəhra ortaixtisas məktəbinə qəbul olunanda lap çıxılmaz vəziyyətə düşdülər. Oğlunun topdağıtmaz evində onun qalması üçün bir yer təşkil olunmadı.Axırı əlacsız qalıb əmisi oğlu evində qalası, gecələyəsi oldu. Hərdən Mərziyyə arvaddan soruşurdular:

  • Bəs qardaşı Nuru nə deyir bu işlərə?
  • Nuru nə deyəcək ki? Əfi ilandan qorxur da, çala bilər.
  • Çox pis... Bacılıq, qardaşlıq münasibətində belə hallar olmamalıdır.

İndi bu ağır gündə xəstəNurunun başına yığışanlar bacı-qardaşları idi. Hərəsi bir qayğı göstərir, işə yarıyırdılar. Onu narahat çarpayıdan götürüb, yerdə uzandırmaq istədilər. Zülfiyyə elə hey inad edirdi:

  • Dəyməyin... Elə çarpayı yaxşıdı.

Bacılar qardaşlarının təngnəfəsliyinə, son nəfəsdə olamasına dözə bilmir, pıçıldaşır, tələb edirdilər:

  • Heç olmasa öləndə rahat ölsün...
  • Belə vəziyyətdə çarpayıda uzanması yaxşı deyil də...
  • Yerdə rahat yer salaq, uzandıraq da...

Sanki bacıları daha çox onun mir-mitili, dəyişilməyən mələfələri  narahat edirdi. Qardaşları üçün hər şeyin səliqəli, təmiz olmasını istəyirdilər. Böyük bacı gəlinə üz tutaraq dilləndi:

  • Sən bir ağ ver, qalan işlə işin yoxdur! Hamısını özümüz edəcəyik...

Gəlinin incik, tutqun səsi eşidildi:

  • Ağ yoxdur...

Bacılar heyrətdən yerlərində donub qaldılar:

  • Köhnəsi də?!.
  • Bilsəydik gətirərdik...
  • Tez mağazaya adam göndərin...

Onları ağrıdan o idi ki, bu evdə nələr yox idi. Topdağıtmaz ev indi boş üryan günündə idi. Yaxşı deyirlər ki, qurulu ev kişi tərəfindən yox, qadın tərəfindən dağıdılar. Haqqı Zülfiyyə də vaxtında qazanan, ondan-bundan evə alıbgətirən olmuşdu. Həmişə pullu işlə məşğul olmuş, əli qızılla, daş-qaşla oynamışdı. İndi heç hənanın yeri idi ki, beləcə borca düşüb, həyatyanı sahənin xeyli hissəsini satası olmuşdular.

Gündə biri gələrdi qapılarına.Borclular əlindən bezar olmuşdular. Ata-bala gündəlik bazarda olub, ondan-bundan satıb, gün-güzəranlarını yola versələr də, xeyli borcu qarşılamaq onlar üçün çətin idi. Nuru içən, çəkən deyildi. Abırlı bir ömür yaşamışdı. Onu ictimai yerlərdə də görən olmazdı. Çox ləyaqətli bir ömür yaşamışdı. Qapalı həyat tərzinə gəncliyindən meyilli idi. Alman dili müəllimi olmaq istəyirdi. Qismət olmadı. Maliyyə-kredit texnikumuna daxil oldu. Tikintidə uzun müddət baş mühasib işlədi. Həyat yoldaşı da özü kimi... Hərdən onlar qoşalaşıb yol gedəndə, hesabat üçün şəhərə üz tutanda, hamının gözləri onlarda olardı... Qadın həm də gözünü açıb alver görmüşdü. Sonradan anası kimi özü də bu işlə məşğul olmağa başladı. Pul da o vaxtlar belə işlərdə idi.

Böyük qızları Səidə əsl istedad idi. Əvvəl məktəblərarası yarışda, sonra respublika olimpiyadasında birinci yeri tutdu. O vaxtlar çoxlarının köks ötürdüyü  Tibb İnstitutuna qəbul oldu, formasept ixtisasına yiyələndiyi, aptekdə işləyirdi. Sonradan nişanlandı, ailə qurdu. Övladları vardı. Şəhərdə yaşayırdılar.

Busoyuqluq səbəbindən nə vaxtdan idi ki, atası ilə görüşə bilmirdi. Soyuqluq deyəndə də, borca düşdükləri üçün, anası ona məxsus qızılları girov qoymaq istəmiş, xeyli hissəsini də  qoyubmuş... Bu da oğlan evinin hədsiz narazılığına səbəb olmuşdu...

İndi atasının ağır vəziyyətdə, can üstə olduğunu eşidib gəlmişdi. Atası hər şeydən xəbərsiz halda təngnəfəslik içində deməkdə, pıçıldamaqda idi:

  • İnanın, mən ölməzdim... Məni öldürən bu qarşıda tikilən binadı... Havanı tamam tutub...Havam çatmır da...

Qız bu sözləri eşidib hönkürüb ağlamağa, özünü atasının üstə atmağa başladı:

  • Ay ata!.. Qurban olum sənə!.. Bu nə gündü sən düşmüsən?!. Bir dəri qalmısan, bir sümük!..

Yaxınları onu sakitləşdirməyə çalışırdılar:

  • Yaxşı...
  • Sakit ol...
  • Atan ağır xəstədir...

Qız isə dil-boğaza qoymur, deyirdi:

  • Elə onun vaxtında daha çox təqsiri səndə oldu!.. Niyə məhkəməyə getdin, niyə razılıq verdin?!. İndi də havanın çatmamasından gileylənir, bizi yaman günə qoyursan.

Məhkəmə icraçısı Fərid bu söz-söhbəti eşidib, az qalırdı ki, sevinə-sevinə yeni tikdirdiyi binanı söküb yerə töksün. Onsuz da düz deyirlər ki, söz-söhbətli yerdə ot bitməz. Onun da işləri bu binanı ucaldandan onsuz da tərs gətirməyə başlamışdı. Qızı ağır xəstələnmiş, dünyasını dəyişmiş, oğlunu maşın vurmuşdu.

Yaxşı deyirlər ki, övlad ilk növbədə ata-anadan xeyir-dua alsın. Bu barədə böyük hind filosofu Buddanın gözəl bir fikrləri var.

Nuru olduqca boylu-buxunlu, yaraşıqlı bir oğlan olsa da, xeyir-şərə bir o qədər yaramazdı. Həmişə yaxınlardan uzaq qaçar, qapalı həyat keçirərdi. Sanki əlinə düşən dağıtmamağa çalışar, özünə, öz ailəsinə sərf edərdi.

Xeyir-şər məclislərində çox vaxt sorğu-sual edilər, soruşardılar:

  • Bəs Nuru hanı?!.
  • Ə, bu kənd onun deyil?!
  • Heç olmasa ata-anasına baş çəksin, arada bir onları yoxlasın.

Əmisi oğlu Qüdrət də rayon mərkəzində yaşayırdı. İmkan düşən kimi kəndə baş çəkər, ata-anasını yoxlayardı. Belə səfərlərində Nurugilə də gedər, onun ata-anası ilə görüşərdi. Bir gün də Nurunun atası Mədət kişinin ağır xəstə olduğunu eşidib onlara getdi. Bacıları da orada idi. Mədət kişi onunla görüşəndən sonra gileyli halda dedi:

  • Bəyəm sən iş adamı deyilsən?! Bir dəfə də nolar bu Nuru bizə baş çəkməyə, yoxlamağa gələ... Soyuqdu, çox soyuqdu... Bu kimə oxşadı belə?!.

Mədət kişi çox nurani bir qoca idi. Yaşı artıq səksəni adlamışdı. Uzun müddət kolxozda, ferma müdiri işləmişdi. Sonra da pambıqçılıqda. Kənddə ən yaxşı bostanlardan biri ona məxsus olardı. Yemiş-qarpız, tərəvəz... Ehtiyacın nə olduğunu bilməzdilər. Həyat yoldaşı Mərziyyə xanım da diribaş qadın olmuşdu. Kənd Sovetinin sədri olmuş, at belində gəzmişdi. Sonra da ticarətdə, mağaza işlətmişdi...

İndi onların hər ikisi dünyalarını dəyişmiş, haqq dünyasında idilər. Oğullarının bu günü görməkdərd olardı onlara. Nuru lap pis, ağır anlar yaşayırdı. Hərdən onun nəfəsi lap tutulur, özündən kimi gedən olurdu. Bacılar çığırışırdılar:

  • Heç olmasa bir həkim çağıraram!..
  • Həkim nə deyib buna?!.
  • Nəfəsi varsa, həkim başının üstündə olmalıdı da...

Gəlinin tibb ixtisas bacısı hərədən ona dərman atdırsa, iynə vursa da, kişinin vəziyyəti üzübəri olana oxşamırdı. Yaşlı qadınlardan biri dilləndi:

-Bəlkə, molla çağırasız?! Bir Quran oxusun, Allah bəndə sözü desin... Yüngüllük təsəlli olar da...

Onun bu sözlərinə dodaq büzsələr də, Nurunun vəziyyəti heç də yaxşı deyildi. Gözləri hərdən qapanır, açılmırdı... Özü də beləcə təngnəfəs, taqətsiz... Pıçıldayırdı:

  • Ölürəm... Havam çatmır da... Bu bina tamam qarşını tutub...

Fərid xəcalətindən bilmədi ki, nə etsin. İmkan olsaydı, elə bu dəqiqə həmin binanı uçurub-tökərdi yerə. Hərəkətlərinə peşman idi. Bir başqası alsaydı da, gərək o almayaydı o torpaq sahəsini. Həm özü, həm də tutduğu vəzifə üçün xoşagələn deyildi. Hərraca çıxarılmışdı, öz adına olmasa da, başqasının adına olmuşdu.

Bir azdan Nuru canını tapşırdı. Bacılarından biri əlini tutdu, biri qolun qapadı, o biri çənəsini bağladı... Belə anda həyat yoldaşı Zülfiyyənin yaxın gəlməsi çoxlarını təsirləndirdi... Artıq onun harada dəfn olunması barədə yaxınlarının arasında söz-söhbət gedirdi. Zülfiyyə qətiyyətlə dedi:

  • Burada, rayon mərkəzində dəfn ediləcək.

Oğlu İlyas da onun sözlərini təsdiqlədi:

  • Belə olmalıdı da...

Yaxınları dilləndilər:

  • Biz də kömək edərik...
  • Kənd daha yaxşı idi...
  • Köməkləşib qəbir qazardılar.

Onları eşidən olmadı. Dərhal yer seçmək üçün qəbiristanlığa adam göndərdilər. İlyas da onlarla gedəsi oldu. Mollanın gəlişi bir sakitlik yaratdı. Ağlayıb-sıqamağa ara verildi. Onun səsi eşidildi:

  • Amin!..

Molla quran oxudu. Mərhumun dəfni artıq gec idi. Səhərə qalası oldu. Ev sahibi heç kimin qalmasına razı olmadı. Hərəyə bir söz dedi:

  • Sən get, xəstə adamsan. Necə yuxusuz qalacaqsan? Bacıları qalsa elə bəsdir. Növbələşib keşiyini çəkərlər...

Qəbiristanlıqdan isə heç də yaxşı xəbərlə qayıtmadılar. Qəbir yeri xeyli baha deyilirdi. Beş yüz mantdan artıq xərcləri çıxacaqdı... Gəlin fikirli halda dedi:

  • Onda nə deyirəm... Kənddə dəfn olunsun da...

Soruşan olmadı ki, bəs bu mərhumun vaxtında qazandığı milyonlar hara getdi?!. Bacıların isə ağlayış, hönkürtü səsi aləmi başına götürmüşdü:

  • Can qardaş!..
  • Atamın əziz balası!..
  • Anamın can-ciyəri!..

Bu anlar bir qonşu kimi Fərid çıxılmaz vəziyyətdə qalmışdı. Onlara pul təklif etsinmi? Torpağın pulunu çoxdan ödəyib qurtarsa da, sakitlik tapa bilmirdi. Ailənin bu sıxıntısı ona da əzab verirdi...

Kənarda isə bir neçə adam əsl müzakirə açmışdılar. Onların beləcə kasıblaması, müflis olmasını yüz yerə yozurdular:

  • Qızın gəlin köçməsi, mebeli, cer-cehizi bu qədər xərc tutmazdı.
  • Bəs onda nə?!. Əyri yola gedirmiş bu?!.
  • Narkotika!.. Çox pul tələb edir axı bu zəhrimar!..
  • Deyilənlərə inanma!..
  • Deyirsən də!..

Yaxşı deyirlər ki, insan bu həyatı tək özü üçün yaşamır. Elə yaşayasan, fəaliyyət göstərəsən ki, başqalarının dərdi, söz-söhbət olmayasan. Bəlkə də, bu ölüm kişinin xoşbəxtliyi idi. Canın bu ağrılı söz-söhbətlərdən qurtardı. Daha borclar əlində qalmayacaqdı...